|
|
|
|

...Və sonralar dərk etdim ki, bu dünyada ömrün xoş keçən anlarını, günlərini və illərini tutub saxlamaqdan böyük arzu yox imiş. Mən orta məktəbdə - Heydər Əliyev adına liseydə keçən illəri ömrümün ən xoş çağları kimi, yəqin ki, bütün həyatım boyu xatırlayacağam. Çünki mən bu məktəbin birinci sinfindən başlayan ilk qrupun şagirdiyəm. Çünki bu məktəbdə hər kəsə öz övladı və hər kəsə öz doğmaları kimi baxan Fikrət müəllim kimi bir direktorumuz var. Çünki bu məktəbdə mənə birinci sinifdən sonuncu sinfədək dərs demiş müqəddəs müəllimlərim var. Onların adlarını indi hörmət və məhəbbətlə çəkirəm. İllər ötəcək və yəqin mən ömrümün heç bir çağında Məfruzə Əsgərova, Sevinc Yusubova, Akif Hüseynli, Zülfüqar Qəribov, Arifə Mustafayeva kimi müəllimlərimi - müəllim adını ləyaqətlə daşıyan o insanları unutmayacağam. Mən sonralar dünyanı dərk etməyə başladığım anlardan hiss elədim ki, onlar məktəbimizin açıldığı ilk günlərdən bu məktəbə verilən ada- Heydər Əliyev adına layiq olmaq üçün savadlı, şagirdə qayğılı və ən əsası, təmiz bir dünya yaşamağı öhdələrinə götürmüşlər. İllər keçdi və mən onu da anladım ki, ömrümüzün on ilini birlikdə keçirdiyimiz sinif şagirdlərimiz mənə çox əziz və qiymətli imiş.
Müəllimlərimizin mənə verdikləri biliklə, şagird dostlarımın məhəbbətilə və bir də... bir də doğma anamın məktəbli qızına qayğıları ilə mən elə məktəbli kimi bir sıra maraqlı uğurlara imza atdım. İlk uğurum ölkə üzrə "Heydər Əliyev şagirdlərin gözü ilə" müsabiqə yazısında baş verdi. 300 min nəfər məktəblinin iştirak etdiyi bu müsabiqəyə qoşulanda atam və anam mənim cəsarətimdən qürur duydular. Bu cəsarəti mənə Heydər Əliyevin Ümummilli statusu verdi. Azərbaycan xalqının, millətin əbədi sevgisini qazanmış bir liderimiz haqqında IX sinif şagirdinin sözü. Şükür Allaha ki, mən bu insana olan sevgimi şagird qələmi ilə ifadə edə bildim və mənim yazım həmin ümumrespublika müsabiqəsində ilk üç yerdən birini tutdu: mən müsabiqənin qalibləri sırasında oldum. İndi mənim və daha 31 nəfər Azərbaycan şagirdinin Ümummilli liderimizə həsr etdiyi yazıların toplu şəklində nəşr olunduğu nəfis bir kitab evimizin müqəddəs varlığı kimi kitab rəfimizi bəzəyir.
Sonra mən X sinifdə şagirdlərin respublika olimpiadasına qoşulmağa cəsarət etdim. Və bu olimpiadada respublika üzrə birinci yerə çıxdım. Sonra - yəni XI sinifdə mən fənn olimpiadası üzrə gümüş medala layiq görüldüm. Yadımdadır, şəhərimizin çox gözəl bir otelində təşkil edilən həmin yarışın təşkilatçılıq işi valideynləri, o cümlədən, yanımda olan atamı heyran qoymuşdu.
Və bütün bu uğurlar, sən demə, bir gün mənə lazım olacaqmış. Məktəbi bitirdik və məlum oldu ki, Azərbaycan Təhsil Nazirliyi Heydər Əliyev adına liseyin şagirdini-yəni məni qızıl medala layiq görmüşdür. Beləliklə, mən-liseyin birbaşa birincilərindən başlayan sinfinin ilk qızıl medalçısı oldum. Bu qızıl medal bir də ona görə əzizdir ki, mən vaxtilə orta məktəbi qızıl medalla bitirmiş anamın davamçısı olaraq onun başını uca etdim.
...Sonra qəbul imtahanlarının həyəcanı başladı. Mən bu imtahanlardan da yüksək balla çıxdım. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının auditoriyasında ilk mühazirələri dinlədim. Qürurla oturduğum o sakit auditoriyada yenə Heydər Əliyev liseyindəki müəllimlərimi, şagird dostlarımı xatırladım. Heç vaxt geri qaytara bilməyəcəyimiz uşaqlıq çağlarımın əziz günlərini xatırladım. İndi elə o möhtəşəm tələbə auditoriyasından bizi böyüdən, böyük həyat magistralına yola salan əziz müəllimlərimə məhəbbət dolu təşəkkürümü çatdırıram. Əziz müəllimlərim! Başı uca, ləyaqət sahibi olan müəllimlərim! Sizdən öyrəndiyim baş ucalığının həmişə mənimlə olacağına inana bilərsiniz.
Fidan RƏHİMLİ
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs tələbəsi



