|
|
|
|

Bu yaxınlarda Azərbaycan Dillər Universiteti (ADU) ilə "ULTRA" şirkəti arasında müqavilə imzalanıb.
Universitetdən verilən məlumata görə, təhsilin keyfiyyətini artırmaq məqsədilə "EduMan Platforması" əsasında Təhsil İdarəetmə Sistemini tətbiq etmək niyyəti ilə imzalanan müqavilədə əsas məqsəd ADU-da "EduMan-Mərkəzləşdirilmiş Tədris İdarəetmə" Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir.
Buraya universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək vahid baza platformasının yaradılması, tədris prosesini özündə əks etdirən plan, tədris qrafiki, müəllimlər və tələbələr üçün nəzərdə tutulan dərs cədvəli, tələbələrin şəxsi kabinetinin yaradılması kimi modulların pilot olaraq bir dekanlıqdan başlayaraq tətbiq edilməsi daxildir.
"EduMan - Mərkəzləşdirilmiş Tədris İdarəetmə" Platformasının üstünlükləri tələbələr, işçi heyəti və müəllimlər üzrə mərkəzləşdirilmiş bazanın formalaşdırılması və bu məlumatların təhlil olunması, tələbələrin operativ qeydiyyatının həyata keçirilməsi, tədris işinin əsasında dərs cədvəllərinin, tədris qrafikinin planlaşdırılması, tələbələrin mütəmadi olaraq xəbərlər, bildiriş, yeniliklər və dərs cədvəllərinə baxmaq üçün xüsusi şəxsi kabinetlərdən yararlanması imkanıdır.
Gələcəkdə ADU "EduMan Platforması"nın digər modullarını-elektron jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun idarə edilməsi, digər sistemləri mərkəzləşdirilmiş formada tətbiq etməyi planlaşdırır.
Vəfa MƏMMƏDLİ



