|
|
|
|

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun keçirdiyi "İlboyu bilik" proqramı çərçivəsində ilk dərs günü - sentyabrın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Giampaolo Cutillonun "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda mühazirəsi dinlənilib.
Səfir əvvəlcə rektor professor Fərəh Əliyeva ilə görüşərək Universitetin fəaliyyəti ilə yaxından tanış olub. Daha sonra Universitetin Elmi şura zalında səfirin tələbə və müəllim heyəti ilə görüş keçirilib.
Görüşdə cənab səfir öncə özü haqqında məlumat verib. Daha sonra səfiri olduğu ölkə haqqında geniş məruzə ilə çıxış edib. Cənab Cutilloya bir neçə təhsil ocağında məruzə etməsi təklif edilsə də, məhz ADMİU-nu seçdiyinin təsadüfü olmadığını, incəsənətin hər hansı bir sahəsini seçən bu tələbələr arasında qədim mədəniyyətə malik İtaliyaya böyük maraq olduğunu düşündüyünü qeyd edib.
O, çıxışında İtaliyanın tarixi, iqtisadiyyatı haqqında danışsa da, orada mədəniyyətin hər sahədən daha irəlidə olduğunu vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan və İtaliya insanları, ailəyə münasibət, dəyərlər arasında oxşar cəhətlər var və məhz bu ölkədə səfir olduğu üçün çox məmnundur. Səfir Azərbaycan İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən, bu sahədə Ulu Öndər Heydər Əliyevin qoyduğu irs, hazırda prezident İlham Əliyevin bu ənənələri davam etdirməsi və bu əlaqələrin daha da genişləndirməsindən danışıb. Buna misal olaraq "Milan Expo 2015" Ümumdünya sərgisindəki möhtəşəm şəkildə təmsil edilməsini və ölkələr arasında ən gözəl pavilyonun məhz Azərbaycana aid olduğunu vurğulayıb.
Görüş müəllim və tələbələrlə səfir arasında səmimi fikir mübadiləsi, söhbətlə davam edib. Universitetin tələbələri də ilk dərs gününün belə maraqlı qonaq və məlumatlarla açılmasının onlar üçün bir stimul olduğunu qeyd edib, səfirə onları maraqlandıran suallar və təkliflərini veriblər. Səfir də öz növbəsində tələbələrin suallarını cavablandıraraq, ölkələrinə olan bu marağa, görüşün belə keçirilməsi, qonaqpərvərliyə, isti münasibətə görə hər kəsə öz təşəkkürünü bildirib.
Görüşdən sonra səfir Universiteti gəzərək, muzeylə də yaxından tanış olub.



