|
|
|
|

Dünən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov qəbul imtahanlarında yüksək nəticə göstərərək universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüş keçirib.
Rektor Ə.Əmiraslanov cari ildə Tibb Universitetinə 24 nəfər Prezident təqaüdünə layiq görülən gəncin qəbul olduğunu bildirib. Onun sözlərinə görə, bu tələbələr yüksək bal topladıqları üçün “Prezident təqaüdü” ilə təltif ediliblər: “Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizinlə qürur duyuram. Siz bu universitetin fəxrisiniz, qaymaqlarısınız. Biz fəxr edirik ki, siz məhz bizim universiteti seçmisiniz”.
Akademik Ə.Əmiraslanov tələbələrə ATU-nun maddi-texniki bazası, təhsil sistemi, imtahanların keçirilmə qaydası və tələbə yataqxanaları haqqında da ətraflı məlumat verib. O, universitetdə bütün imtahanların insan faktoru olmadan, kompüter vasitəsi ilə, Virtual Test Mərkəzində (VTM) keçirildiyini deyib: “ATU-da yaradılmış 4 möhtəşəm klinika universitetimizin əsas maddi-texniki bazasını təşkil edir. Bu klinikalar elmi texnologiyaların ən son innovativ avadanlıqları ilə təchiz olunub. Beynəlxalq standartlara uyğun olan bu təchizat ATU-da elmin və təhsilin yüksək səviyyədə aparılmasına geniş imkanlar verir”.
Tədbirin sonunda rektor Ə.Əmiraslanov Prezident təqaüdünə layiq görülmüş tələbələrə hədiyyələr təqdim edib.



