|
|
|
|

Dünən Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində yaradılan OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib.
Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən "525"ə verilən məlumata görə, açılış mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, səfirlik əməkdaşları, universitetin professor-müəllim heyəti və almandilli tələbələr iştirak edib.
Rektor Səməd Seyidov ADU-da əlamətdar hadisənin baş verdiyini söyləyib. Professor Səməd Seyidov universitetdə müxtəlif dillərin tədris olunduğunu və bunların içərisində alman dilinin xüsusi yer tutduğunu vurğulayıb. O, alman dilinin inkişafında və tədris olunmasında ADU-nun Avstriya universitetləri ilə əlaqələrinin xüsusi yer tutduğunu söylədi. Bu əlaqələrin yaradılmasında Avstriyanın Azərbaycandakı səfirlərinin, eləcə də Aksel Vexin xüsusi rolunu vurğulayan rektor Səməd Seyidov onlara öz təşəkkürünü bildirib. Rektor çıxışında eyni zamanda təkcə ADU tələbələrinin deyil, digər universitetlərin tələbələrinin də Avstriyaya göndərilməsində xüsusi əməyi olan Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyevin Avstriyanın "Tərcümə mükafatı"na layiq görüldüyünü də qeyd edib. Rektor Səməd Seyidov ADU-da yaradılan Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin fəaliyyət göstərərək Avstriyada yüksək səviyyədə təmsil olunacağına və yeni bir müstəviyə yüksələcəyinə əminliyini ifadə edib.
Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ADU-da olmaqdan məmmunluğunu dilə gətirib. O, Avstriyanın Azərbaycandakı səfirliyinin 2010-cu ildə fəaliyyətə başlamasına baxmayaraq Avstriya və Azərbaycan arasında əlaqələrin 1999-cu ildən yarandığını qeyd edib. Səfir iki ölkə arasında elmi, mədəni, iqtisadi sahədə olduğu kimi təhsil sahəsində də əməkdaşlığın daha da genişləcəyindən danışıb. Səfir Aksel Vex rektor Səməd Seyidova xüsusi təşəkkür etdi və OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinə gələcək işlərində uğurlar arzulayıb. Sonra OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin rəhbəri Səfa Əliyeva ən böyük arzusunun reallaşdığını dilə gətirib. O, OeAD-Avstriya Mübadilə Xidməti haqqında məlumat verib. Sonda qonaqlar Avstriya Mübadilə Xidməti Bakı İnformasiya mərkəzi ilə, həmçinin Avstriya kitabxanası ilə tanış olublar.
Vəfa MƏMMƏDLİ



