"Sözün doğrusunu demək hünərdir" - deyib böyük ustad. Mən də özümdə belə bir hünər tapıb bu yazıda insanın müsbət və mənfi cəhətlərindən doğru-dürüst söz açmaq niyyətindəyəm.
Zaman keçdikcə insanlardakı dəyişimin şahidi oluruq. Elə bir dövrdə yaşayırıq kı, ağzınla quş tutsan, "bu quşun qanadı niyə ağdır?"deyə biləcək insanlar var. Bunun özü, mənə görə, mənfi cəhət və indiki halda bəlkə insani fəlakətdir. Söhbət adəm oğlundan gedirsə, mənfi cəhətlərini çox saya bilərəm. Lakin bu kiçik yazıda mənfi cəhətlərin törətdiyi fəsadı qabartmaq daha məqsədyönlüdür. Paxıllıq, tənbəllik, yaltaqlıq, yalan - bunlar hamısı mənəvi naqisliklər, deməli, yaramaz cəhətlərdir. Saydıqlarım zəmanəmiz üçün adi səslənsə də, ümumilikdə insan mənəviyyatını məhv edir.
Mənfiliklə sintezdə olan müsbət cəhətlərə də baxaq. Müsbət cəhətlərin insanda çoxluq təşkil etməsi mənə görə tanrı tərəfindən verilən bir bəxşiş və alilik rəmzidir. Müsbət cəhət dedikdə, nədənsə, ağlıma ilk gələn elm, təhsil anlayışları olur. Axı, elm insanı yuxarıda saydığı mənfiliklərdən - uçurumdan sürükləyib çıxara bilər. Elmə maraq göstərməyən, təhsilsiz insan meyvəsiz ağaca bənzəyir. Savadlı və bilikli olmaq insanın güc və imkanlarının simvoludur. Günəşin damlada əks olunması kimi, insan da elm nuru ilə ən adi bir sözündə, hərəkətində özünü əks etdirir. Amma mənfi cəhətlər insanın ziyasını zəiflədir, qaraldır, cürbəcür fəsadlar törədir. Hər bir mənfilik insandakı kiçik bir zərrədir. Zərrə böyüdükcə insanın bütünlükdə bədənini və ruhunu əhatə edir, onu qeyri-insani hala gətirir. Belə hal nəinki həmin insan üçün, həmçinin cəmiyyət üçün faciəvidir. Bu tip insanları insan halına gətirmək və təmiz əxlaq aşılamaq o qədər də asan deyil. Çünki cəmiyyət üçün zərərli bir insan, əgər bu mənfilikdən qurtulmursa, üstəlik, bunu qarşısına bir məqsəd kimi qoyubsa, ona müsbət xüsusiyyətlərdən söz açmaq həmin şəxsin dodağında xəfif bir gülümsəmə yaratmaqdan başqa heç bir işə yaramayacaq. Lakin "bunu bacarmaram" deyərək, ümidsizliyə qapılmaq da düzgün deyil. İnadkar, mübariz olmaq lazımdır və bir nəfəri başqalarına örnək göstərərək, qismən də olsa, xilas edə biləcəyimiz insanlar, hər halda, var.
Müsbət və mənfi cəhətləri eynilik təşkil edən insanlar isə ürəyinin səsini dinləməlidir. Ürəyinin səsi həmin insanlara doğru yolu göstərəcək və mənfi cəhətlərinə qalib gəlməyə kömək edəcək. Ürəyin səsini duyub-dinləməyənlər zaman-zaman həm özləri üçün, həm də bütün insanlıq üçün maneələr törədəcək. Köməyə isə yenə də insaniyyət, ruhən güclü olmaq, əzm, iradə, bir də ülvi arzularla çırpınan yanar ürək gələcək. O zaman "qütblərdə bitən cılız, sısqa bitkilər deyil, günəşin çiçəkləri dolduracaq ürəyini..."
Fidan ZAKİRQIZI
ADMİU-nun Sənətşünaslıq fakültəsinin I kurs tələbəsi



