Bu günlərdə elektron mediada bir yazıya rast gəldim; şair Musa Yaqubun "Daş" şeiri ilə bağlı bir müəllif araşdırmasına Ramiz Göyüşov "Daş haqqında düşüncələr" adlı publisistik yazısı ilə cavab verirdi.
R.Göyüşöv Azərbaycan ədəbiyyatında daş haqqında yazılmış əsərlərə istinad edərək maraqlı və koloritli bir məqalə ərsəyə gətirmışdi.
Müəllif ədəbiyyatımızın tanınmış simalarının bu mövzuda müxtəlif dövrlərdə, ən müxtəlif ovqatlarda qələmə aldıqları nümunələrə müraciət edərək onu ictimailəşdirə bilmişdi.
Bu yazıda diqqətçəkən təkcə o deyildi ki, daş mövzusu ustalıqla müzakirə predmetinə çevrilmişdi, həm də o idi ki, müəllif Azərbaycanın ucqar kənd küçələrindən birinin yolu üstündəki Sarı daşı maddiləşdirə bilmişdi.
Müəllifin daş mövzusuna müraciət etməsi daha çox doğma kəndlərindəki Sarı daşa olan məhəbbətindən irəli gəlirdi. O daşa olan münasibətə nostalgiya da demək olar, şüuraltı ehtiyac da. Amma nə deyirsiniz deyin, bir daş da beləcə tarixə düşdü. Özünün təbirincə desək, Abbasbəyli camaatı adam boyunda olan o daşın yol üstündə nə vaxt bitdiyini xatırlamır. Düşünürəm, o kənddən çıxan adamlar Sarı daşı həmişə xatırlayacaqlar. Belə hisslər eldən çıxan insanlara çox doğma, çox yaxındır, Ramiz müəllimə də həmçinin.
"Sən bizim ellərin ruhuna bir bax..." - qələmindən çıxan kitaba verdiyi ad mental dəyərlərin yaxşı mənada əsiri olan müəllifin xarizmasını canlandırır. Əgər bir şəxs hansısa fəlsəfi fikri, aforizmə çevrilmiş ədəbi nümunəni daim dilinə gətirirsə, bu onun daxili aləmini ehtiva edir. "Gözlərinə düz baxanda ürəyinin dibi görünən" Məmməd İlqar yaradıcılığını araşdırarkən gətirdiyi nümunə bəşəri bir hissdir. Bəşəri olduğu qədər də insanın hansı məslək, əqidə sahibi olduğunu ortaya qoyur:
Neynim, bundan özgə yol tanımıram,
İstər yeddi yerə böl, tanımıram.
Dəniz tanımıram, göl tanımıram,
Bir körpə gözünün yaşından böyük.
Hər bir bölgənın ruhuna bədii yara dıcılığın müəyyən tərəfi uyğunlaşır və elə bil ki, onun düsturunu özləri yaradıblar. Bu, yəqin ki, nəsildən-nəsilə qan yaddaşı ilə ötürülür.
Kitabının adı mahalın azman sənətkarına məxsus olsa belə, bu dəfə müəllif onu yaxşı mənada özününküləşdirə bilib. İnsanın qəlbində elinə, obasına, ata, ana yurduna bu cür məhəbbət olmalıdır ki, bölgənin qələm adamları haqqında kitab formasında danışsın.
Səməd Vurğun poeziyasının və şəxsiyyətinin ümmanında üzən qələm sahibi oxuculara və ictimaiyyətə məlum olan həqiqətlərdən haradasa yeni bir obraz yaradır. Şairə xitabən "El bilir ki, sən mənimsən..." deyir və buna görə sonsuz qürur hissi yaşayır.
"Bu dünya durduqca yaşayacam mən" - deyən Hüseyn Ariflə bağlı fikirlərini bölüşən müəllif kitabında şairin elə poeziya nümunələrini təqdim edir ki, bununla da oxucuda xüsusi ovqat yaradır:
Bağlar arasında cığırda, izdə,
Məktəbə getdiyim günlər olaydı.
Sıxıla-sıxıla bir qaragözlə
O söhbət etdiyim günlər olaydı.
Nəriman Həsənzadə yaradıcılığına müraciət edəndə isə elə incə məqama toxunur ki, bir bənd şeirlə oxucunu sarsıda bilir:
Kimsə deyirdi ki, kişi ağlamaz,
Hanı gülə-gülə ölən kişilər?
Arvadı itirən kişini duymaz,
Arvadı yanında olan kişilər.
Ustad şairimiz Zəlimxan Yaqubla birgə "O yaşıl ağacın altında" ruhu dincələn müəllif "Davud Nəsibin özünü və sözünü xatırlayanda":
Vətən məhəbbətli, vətən ünvanlı,
Bir ürək döyünür köksümün altda, -
söyləyərək sanki onunla eyni hissi bölüşür.
Uçur durnaların payız karvanı,
Mavi buludlara səs sala-sala,
Qərib durnalara yazığım gəlir,
Özüm bir sahildə tək qala-qala.
Şair dostumuz Taleh Həmidin çoxşaxəlı yaradıcılığından seçdiyi bu bəndlə bütün dövrlərdə, bütün zamanlarda şairlərin tənha, qərib olduğu qənaətindədir müəllif.
Eldar Nəsibdən danışanda mahalın Şıxlı kəndindən çıxan Molla Vəli Vidadi, Əlağa Şıxlinski, İsmayıl Şıxlı, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsa Muğanna,Teymur Bünyadov kimi şəxsiyyətlər, dövlət xadimləri, sərkərdə, yazıçı və şairləri unutmur.
Çağdaş poeziyamızın tanınmış nümayəndələrindən olan Ramiz Məmmədzadənin yaradıcılığında Qarabağ mövzusuna daha çox yer ayırdığını oxucuları ilə bölüşən müəllif onun (Ramiz Məmmədzadə) şair dostu Çingiz Əlioğluna xitabən yazdığı şeiri yada salır:
Eheyy, Çingizim,
Arxamızca Qarabağda,
Quzu kimi mələyə-mələyə
Dağlar qaldı...
Tifaqı dağılmış
Torpağımızın
Anası ağlar qaldı...
R.Göyüşöv şəxsiyyətlərinə hörmət və məhəbbətlə yanaşdığı Fəridə xanım İncəli, Ağamalı Sadıq Əfəndi, Akif Səməd, İbrahim İlyaslı, Rüstəm Kamal, Davud Dəmirli yaradıcılığından sevə-sevə söhbət açır. Bütün dövrlərdə xüsusi qiymətləndirilən insani keyfiyyət olan sədaqət və etibar nümayiş etdirərək əziz universitet müəllimi Pərviz Axundbəylini yaddan çıxarmır, onunla bağlı nümunə olası xatirələrini bölüşür.
"Sən bizim ellərin ruhuna bax" deməklə Ramiz Göyüşov Azərbaycan ictimaiyyətinə təkcə kitab təqdim etmir. O həm də bir nümunə yaratmış olur. Özünü dövlət və aparat işçisi kimi təsdiq etmiş müəllif sözə, sənətə, sənətkara verdiyi yüksək qiymətlə doğma ellərinin daha bir yüksək keyfiyyətini ictimaiyyətə açıqlayır. Söhbətin bu məqamında unudulmaz Hüseyn Arifin Səttar Bəhlulzadəyə həsr etdiyi şeiri oxuyanda elə bilirsən, sair bu misraları yazarkən həm də Ramiz Göyüşovu nəzərdə tutub:
Səni düşünəndə nə iclas, nə zəng,
Nə də bir kabinet düşür yadıma.
Səni düşünəndə yüz boya, yüz rəng,
Al-əlvan təbiət düşür yadıma.
Ələsgər QURBANOV