“Mən Rəşad Məcidin ürəyini yaxşı tanıyıram və bilirəm ki, onun könlü hər zaman ay-ulduzdan yana olub. Söylədiklərini doğru anlamaq lazımdır”.
Modern.az xəbər verir ki, bunu Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Türkiyə-Rusiya münasibətlərindən bəhs edən və sosial şəbəkələrdə, mediada əksəriyyət tərəfindən yanlış anlaşılan fikirlərinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə Rəşad Məcidin sözlərini doğru başa düşmək və həmin fikirləri sülhə dəstək kimi anlamaq lazımdır:
“Mən də düşünürəm ki, bu regionda sülh olmalıdır. Türkiyə Xarici İşlər Nazirliyi aktiv fəaliyyətə başladı. Yaxın zamanlarda münasibətlərin normallaşmağa başladığını görəcəyik. Çünki həm bu iki ölkənin ortaq maraqları, həm də regiondakı ölkələrin əsas marağı barışdır”.
Qeyd edək ki, AYB katibi dünən Rusiya qırıcı təyyarəsinin Türkiyə tərəfindən vurulmasını regiondakı sabitliyə mənfi təsir göstərəcəyini əsas gətirərək Türkiyənin üzrxahlıq etməsini sabitliyə aparan yol kimi göstərmişdi. Söylədiyi fikirlərə görə Rəşad Məcid sosial şəbəkələrdə böyük qınaq obyekti olmuşdu.