|
|
|
|
ALTMIŞINCI YUXU...
Altmış ilin yuxusu
Şirin, acı da olub.
Gözlərimin qorxusu,
Başım tacı da olub.
Bu, necə yuxudur, qış
yaza döndü, yaz qışa?!
Mən birini yatmamış
Sayı çatdı altmışa?!
Günləri bəlkələyib
Ömrümə həyan dedim.
Altmış il silkələyib
Yuxuma - oyan! - dedim.
Zamandan sapmayanın
Hər an mürgüsü boldu.
Bir çimir tapmayanın
Altmışı hardan oldu?!
Yatağa girdiklərim
Qəlbi közdən elədi.
Bir ömür gördüklərim
Məni gözdən elədi...
İndi altmışıncıdır
bəbəklərimdə yuxum,
Göz açsam, çox incidir,
Açmasam, necə baxım?!
Bəsdir tərəddüd, sual,
tək dərd ozan deyiləm.
Gerçəyim - fikir, xəyal,
Yuxu yazan deyiləm...
Çəkdim qəmin çoxunu,
Üzsün həsrəti Yusif...
Qoy bu təzə yuxunu
Yozsun Həzrəti-Yusif.
lll
Sevgi -
duman dağa hopan kimi
vücuda çökəndə,
Aşiqi tapan kimi
ürəyə dağ çəkəndə,
eşqdir.
Bunlar yoxsa,
Bütün sevgilər
oyun meydanına atılan
bir püşkdür...
ÖMÜR BİZDƏN ARXADA
Bizlər varıq ömürlə;
Ad-sanımız anılar.
Ömür ötər əmrlə,
Zənnimiz də yanılar...
Etibarlı dost olar -
Ümid bəslərik ona.
Bizimlə hansı qalar -
Ömür, ya əmr sona?..
Dilək yetməz murada;
Ürək vaxta xal düşər.
Yol gedərik, arada
Sükut qalmaqal düşər...
Sürətin surətinə,
Baxarıq mat-məəttəl.
Ötən ötər, yetənə,
Məcbur uzadarıq əl...
Arı cəhdə yol-pətək,
Bal bələnsin çarxa da...
Ömür ayaq izitək
Qalar bizdən arxada...
GECƏ YAĞIŞI
Suvarıb sinəsi yanmış budağı,
Gecə, nə qəribə yağış yağdırır?!
Üşüdüb ehmalca dərəni, dağı,
Bir nida göndərir, çağrış yağdırır...
Bu yağış quruyub oda batmışdı;
Göylərdən buludun qoxusu gəlmir...
Allahın gündüzü harda yatmışdı,
Axşam oyanıbdır, “yuxusu” gəlmir?!
İsladır qaranlıq çöl-düzlərini;
Quşu da yuvadan uçmağa qoymur.
Özü yumub sıxır nur gözlərini,
Gecənin gözünü açmağa qoymur.
Özündən süzülür bu yağış elə,
Sübhün qucağına bir pak dan verir.
Özündən üzülə-üzülə belə,
Bitir son damcısı, yağış can verir.
Bir payız gecəsi, bir yaz, qış elə,
Zaman da süzülür an verə-verə.
Özündən üzülür bu yağış elə,
Torpağa can verir can verə-verə.
Özündən üzülür, özünü üzmür,
Gecənin gözündən süzülən yağış.
Gecə dözüb susur, dinəndə dözmür,
Dözülməz, dərd olur, dözülən yağış...
RƏSULUYAM
Sonu görünməz səhranın,
Çölün, düzün rəsuluyam.
Könüllərdən qopan ahın;
Dilsiz düzün rəsuluyam.
Duman dağları oyubdur -
Ağ başın döşə qoyubdur.
Həyat rəddinə uyubdur;
Qalan izin rəsuluyam.
Bu yazını yazmış yazan;
Mizamdadır çətin, asan.
Min aləmi görüb susan,
İki gözün rəsuluyam.
Ali anan cil-ciləyəm,
Dil-diləyən, əl-çiləyən...
Nəğməkarı elçiləyən,
Tanrım sözün rəsuluyam.
ƏLİM- DİLİMİN QƏLƏMİ
Əllərimə söyləmişəm:
Əməlini əlinlə yaz.
Öz əlimlə yazmaq peşəm,
Özgə əldən yazan olmaz.
Əlim əllərdən halı da,
Əl tutan əl ələ dəyər.
Özgə əlin sığalı da,
Saçlarımda qəribsəyər.
Əlim “xeyr”im, əlim “bəli”m,
“Olmaz” ol-dan qaçılmasın!
“Salam!”a uzanan əlim
Ehtiyaca açılmasın.
Rəbbin əlidir bu aləm;
Qalxıb “yox”u tələf eylər.
Əlimdə tutduğum qələm,
Əllərimi “əlif” eylər...
KEŞİYİNDƏ DURMUŞAM
Köynəyimdir al Günəşin şöləsi,
Eynəyimdir şəfəqlərin haləsi.
Yel gətirmiş yağmurların jaləsi...
Küləyimin keşiyində durmuşam.
Ön addımda bir atılan iki var,
Son addımın sirr atılan ilki var,
Ələyibdir illər məni o ki var...
Ələyimin keşiyində durmuşam.
Fikrim məni atıb çılpaq üstünə;
Ağzı nədir ürəyimdə səs dinə?!
Söz ruhumu bələyibdir qəsdinə,
Bələyimin keşiyində durmuşam.
Qayğıları götürmüşəm
çiynimə,
Əzabları geyinmişəm əynimə,
Zirehim qəm, dərdlər
gəlməz eynimə;
Taleyimin keşiyində durmuşam.
KÜNC
Ruhumda, genimdə göylər arzusu,
Bir daxma küncündə dünyaya gəldim,
Bu tale qisməti, alın yazısı
Nədirsə bu ahıl çağımda bildim...
Yetdi məktəb vaxtım, kür olub hər an,
Yersiz havalanıb fəzalanmışam.
Riyaziyyat dəftərim olmadığından,
Küncdə ayaq üstə cəzalanmışam...
Nura qərq etmişəm hər gündüz, gecə,
Xəyal qarasını, fikir bozunu.
Bəs küncə qoyulmuş bir süpürgəcə,
Süpürə bildimmi sözün tozunu?!
Ancaq qiymətlənər incitəki söz,
Dilə dolaşdıqca hikmət kəsb edər.
Bu zindan ağzımın küncündəki söz,
Bir dodaq küncündə xalı vəsf edər.
Bəzən işıq olub işıqdan ötə,
Küncün zülmətində çıraq gəzənlər.
Harınlıq küncündən baxıb millətə,
Ortalıqda yeyib, qıraq gəzənlər...
Çətin ki, gileyim susa, ya bitə,
Etiraf bənzəyir ali vəhyə də;
Küncdən göz yummuşam vara, dövlətə,
Küncdən boylanmışam vəzifəyə də...
Yenə də hazıram küncdə durmağa,
O mənə dözümün himnini verdi.
İlham, təb tarında mizrab vurmağa,
Həyatın ən sarı simini verdi...
Dünya gülümsəməz kədərlə, yasla,
Kaş küncün əzabı sevincə dönə!
Küncə sıxılanlar, sınmayın əsla,
Mən bir haqq küncüyəm, sığının mənə...
YAŞIM
Yaş altmışdır, sözdə də,
Mənə gənc deyir hamı.
Qoy desinlər, yüzdə də,
Qocaltmaram ilhamı!..
SƏS XOŞBƏXTİ
Səsin gəldi qulağıma,
Milyon-milyon səsin içindən
ürək döyüntülərimi
tanıdığım kimi
tanıdım onu.
Sən oldun
qulaq həyatımın əvvəli;
İlkin səslənməyimin sonu.
özün gəlmədən
səsin hardan gəldi belə?!
Qəsdimə duran hənirini
Duyğularımın yaddaşına,
keşikçimi qoydun bilə-bilə?!
Mən - səslənən,
Sən - səslədiyim.
Hər ikisi -
qoşa yanıqlı neyim...
İç səsimlə səslədiyim,
iç səsimin titrəyişi -
Kəc əsimlə süslədiyim,
Səsin gəldi qulağıma.
Bağrıma basıb
səsinin xəyalını,
Öpüb səs surətini
Səs sürətilə dolmuşam.
Səsin gəldi qulağıma,
Heç kəsin xəbəri yox,
Səs xoşbəxti olmuşam.
BÖYÜMÜŞLƏR GÖRMƏSİN
Körpə quşların
xırdaca qanadları olur.
Həm də
hələ o qanadlar
Onları qaldıra bilməsə də,
Uçmaq inadları olur.
Qanadlanmada ruzu,
İnadlanmada arzu...
Zaman ötsün,
Körpələri böyütsün.
Təki sonra
böyümüşlər görməsin ki,
yoxmuş böyüdənin
əllərinin duzu...
lələk-lələk
tüklənib böyüyənlər
Mələk-mələk qınamasınlar
zaman “quduz”u.
HƏYAT MÜŞKÜLÜ
Mənim suallarım var - cavabsız
qalıb hələ,
Gərəkdir ömrüm, günüm,
“neçin”lərə yovuşa?!
O necə aydındır ki, aylı gecədə belə
İnsan oğlu can atır aydınlığa qovuşa?!
Kimi zindan küncündə gen düzünü bəyənmir,
Kimi əyri köçündə dümdüzünü axtarır.
Kimi zülmət içində gündüzünü bəyənmir
Kimi gündüz içində gündüzünü axtarır.
Hər sökülən dan yeri göyün də faş gülüdür,
Yaşıl çəmənin özü - yaranışın tünd üzü...
Hər ikisi həyatın yozumsuz müşkülüdür:
Gündüzün aydınlığı, aydınlığın gündüzü...
SƏSİM GƏLMİR?!.
Səsin öz sözü var, sözün öz səsi,
Düşünmək bacaran dinləyə bilir.
Könlümün bir nəğmə ötmək həvəsi,
Min səsin səfini çinləyə bilir...
Səsi düşüncədə tapan toxtayıb,
Sakitlik önündə titrəyib əsmə.
Başın səs yoluna pambıq tıxayıb,
Haqq səsin başını pambıqla kəsmə.
Fikrim səslənəndə mən susaydım kaş,
Sükutum içində söz çeşid-çeşid...
Mənə - səsin gəlmir - demə, a qardaş,
Sözümə qulaq ver, səsimi eşit...
Yusif Nəğməkar