|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Birliyin "Ulduz" jurnalı və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti "Variasiya" müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Təqdimat mərasimində "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs müsabiqə haqqında geniş məlumat verib və informasiya dəstəyinə görə ayb.az saytına təşəkkür edib.
Bildirib ki, "Variasiya" müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. Müsabiqənin şərtlərinə əsasən təqdim olunan xarici müəllifin əsəri müxtəlif variantlarda tərcümə olunur, onların içərisindən ən yaxşısı seçilir.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu əsəri "Variasiya"ya təqdim olunmuş böyük polyak şairi, Nobel mükafatı laureatı Çeslav Miloşun poeziyası, üslubiyyatı haqqında əhatəli şəkildə söz açıb. S.Babullaoğlu diqqətə çatdırıb ki, Çeslav Miloşun "Poeziya sənəti" ("Ars Poetica") şeirinin tərcüməsi üçün müsabiqəyə 7 nəfər qatılıb. Onların arasından orijinal mətnə daha yaxınlığı ilə seçilən şairə Xatirə Xatun birinci yerə layiq görülüb. Bundan başqa, Hicran Hüseynova da xüsusi mükafatla təltif edilib. Qaliblərə diplom və "Ulduz" jurnalının son nömrəsi ilə yanaşı pul mükafatı da verilib. Qalan beş nəfər - Əvəz Nəbioğlu, Nəsir Əhmədli, Nilufər Şıxlı, Könül Həsənqulu və Həyat Şəmiyə isə fəxri diplom təqdim olunub.