Rumın ədəbiyyatının korifeylərindən sayılan Mixay Emineskunun doğum günü ilə (1850-1889) əlaqədar hər ilin yanvarında Rumın Mədəniyyəti Günləri keçirilir.
Artıq neçə illərdi ki, bu, Azərbaycanda da özünəməxsus şəkildə qeyd olunur. Bu il də yanvarın 15-də Rumıniyanın Azərbaycandakı Daniel Çiobanu və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun təşəbbüsü ilə, Rumın Mədəniyyəti Günləri çərçivəsində, Bakıda poeziya gecəsi keçiriləcək.
Qeyd olunan tədbirlə əlaqədar Mixay Eminesku yaradıcılığından nümunələri oxucularımıza təqdim edirik.
(Şeirləri Fəridə Hacıyeva tərcümə edib)
O əlçatmaz ulduzlardan
Pay istədim qismətimə.
Qıvırcıqlı, qızılı saç,
Yaqut dodaq - öz təbiylə.
Əllərin ilantək çevik,
Göy gözlərin işım-işım,
Arzulanan o görüşdə
Qolun boynuma dolaşsın.
Sən özün gəldin, çağrışsız,
İstəyim sən, sən də gəldin.
Xoşbəxtliyim sovqatındı,
Sən olmasan, mən neylərdim.
Sən özün gəldin, dinməzcə,
Başını qoydun çiynimə.
Heç özüm də baş açmıram.
Bəxtimə bax!
Heyran qaldım hədiyyəmə.
lll
Ah necə qəmgin könül,
Gör mənə nəsib oldu.
Haqsızlıq əzablarla
Günüm əzəldən doldu.
Ruhu qapalı könlüm,
Min yalanla üzləşib.
Eləcə gözü yolda,
Ümidiylə sözləşib.
Əzablamı sürünmək,
Lənətliyəm, bəxti kəm.
Gecənin dalğaları
Aç qoynunu, quc məni,
Mən də deyim, xoşbəxtəm.
lll
Gecə yarı, ürəyimdə yorğunluq,
Mənim ilham pərim, müqəddəsliyim.
Əynində libası nurlu, kölgəli,
Qanadı uzanmış incə mələyin.
Sənin libasını görüncə o da,
Kədəri arzuyla qatılmış gördü.
Özünü uduzmuş saydı eləcə.
Ürəksiz, qorxaraq cəld götürüldü.
Bəlkə sən iblissən, yanılmıram mən,
Zəhərə bələnib dilbər baxışın.
Cəhənnəm odundan gizlənir könül,
Nə vaxtsa.., nə vaxtsa... nə vaxtsa, inan,
Məni qoruyardı sənin baxışın.
Bircə an gözünü qaldır, mənə bax,
O bəyaz üzləri tutuşdurum mən.
Bəlkə də, bəlkə də, bəlkə də elə,
O sənsən... o sənsən... sənsə - elə mən.
lll
Gəl meşəyə, sakitliyə,
Çınqıl çayla pıçıldaşır.
Otdan xalı döşənibdi,
Budaqlar da yerə enib,
Yaşıl otlara qarışıb.
Odlu ağuşum gözlər,
Səsimə səs ver, gəl.
İlk görüşdə üzündən,
Rübəndi salacam, gəl.
Həyəcanla eləcə
Oturmuşuq sən və mən.
Hörüyünə düşəcək.
Xoş ətirli yasəmən.
Gül ətrindən məst olaraq,
Səni sıxacam köksümə.
Ac-yalavac dodağımla,
Qonacağam gül üzünə.
Xoşbəxt yuxu görəcəyik,
Sevgimiz dillənəcək.
Quşlar səs-səsə verib.
Küləyin, çayın səsi
Birlikdə dinlənəcək.
Yorğun, yuxulu meşə,
Nəğmələri eşitcək
Bizim hər ikimizi,
Güllərə qərq edəcək.
Bizim bu pak sevgimiz
Ona da xoş gedəcək.
lll
Xatirələr karvanı
Keçəni yada salır.
Sənin, sənin yanına
Gecələri aparır.
Ulduz həmən ulduzdu,
Köhnə evin başında.
Məni tovlayır, bir bax,
Nuru yenə qarşımda.
O həlim Ay da çıxır
Palıdlığın üstündən.
Sevgimizin səsini
Əks etdirir özündə.
Sonsuz sevgi naminə
Qucaqlaşıb and içək.
Ağ yasəmən qarşıda,
Günü onla keçirək.
Eşqim sönə bilərmi,
O günlərə üz tutsam.
Sellər coşub çağlayır,
Sarı simi ovut sən.
Ay o palıdlıqdadı,
Nuru nura calanır.
Gözlər - inci dənəsi,
Nə yaman xumarlanır.
Mixay EMİNESKU