Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Xalq şairi Zəlimxan Yaqub haqda yeni kitab işıq üzü görüb.
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun nəşrə hazırladığı və “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın müəllifi Xalq şairi Xəlil Rza Ulutürkdür. Kitabda Zəlimxan Yaqubu “Əbədi Prometey, əbədi Səməndər quşu” adlandıran, onu “şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı” hesab edən, hələ 30 il bundan əvvəl “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, - deyən X.R.Ulutürkün Z.Yaqub yaradıcılığına həsr etdiyi məqalələri, vaxtilə gündəliyində onunla bağlı yer verdiyi qeydlər toplanıb.
Azərbaycanlı fotoqrafın Türkiyədə sərgisi açılıb.
Türkiyənin Didim Ticarət Palatasının Mədəniyyət Mərkəzində Didim Halk Oyunları “G.S.K” dərnəyinin təşkilatçılığı ilə gənc, istedadlı fotoqraf Nurlan Tahirlinin “Yol ayrımında” fotosərgisinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə 2015-ci ildə Bakıda keçirilən “Yol ayrıcında” sərgisinin davamı olaraq keçirilən bu sərgidə kolleksiyaya bir neçə yeni əsər və interaktiv panoramalar əlavə olunub.
Tədbirdə çıxış edən Didim Halk Oyunları “G.S.K” dərnəyinin rəhbəri Arif Çolak, Didim qubernatorunun vəkili Mehmet Arabacı gənc rəssama xeyir-dua verib, belə sərgilərin davamlı olmasını arzulayıblar.
N.Tahirli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, N.Tahirli Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin idarəedilməsi fakültəsinin türk dili bölməsinin, Türkiyənin Sakarya Dövlət Universitetinin marketinq ixtisası üzrə magistraturasının məzunudur. Türkiyədə bir illik fotoqrafiya kursunda təhsil alıb. 2012-ci ildən beynəlxalq sərgilərdə iştirak edir. Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.