Bu gün ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçi Edqar Aln Ponun doğum günüdür.
O, Amerika ədəbiyyatında romantik hərəkatın liderlərindəndir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr verib.
Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olub.
Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilib.
Edqar Aln Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində anadan olmuşdur. Valideynlərini çox erkən yaşlarında itirən Edqar Con Aln adlı varlı tacir tərəfindən oğulluğa götürülmüşdü. Əvvəlcə İngiltərədə tərbiyə alan Edqar 1826-cı ildə Virciniya universitetinə xarici dilləri öyrənmək istəyilə qəbul olunub.
1830-cu ildə hərbi akademiyada təhsilini davam etdirir, lakin tezliklə burdan uzaqlaşır və bu hadisə ögey atası ilə münasibətlərinə son qoyur. Gənc Edqar bütün maliyyə imkanlarından məhrum olaraq yoxsulluğa düçar olur, lakin tezliklə özünü peşəkar ədəbiyyatçı və jurnalist kimi göstərən Edqar Po çox ağır və sonu faciə ilə yekunlaşacaq həyata başlayır.
Edqar Aln Po 1849-cu il 7 oktyabrda Baltimorda vəfat edib. Həkimlər onun quduzluğa yoluxma səbəbindən öldüyünü iddia edirlər.
Po "Anabel Li", "Zınqırovlar", "Qaranquş", "Quzğun", "Ulalum" kimi poeziya nümunələri ilə yanaşı
"Qara pişik", "Amontiladon dolu çəllək" ("Amontiladon-ispan şərabı"), "Diri-diri basdırılma", "Qızıl böcək", "Təlxək Hopfroq", "Xanım Liqeya", "Morq küçəsində qətl", "Çuxur və kəfkir", "Oğurlanmış məktub", "Döyünən ürək" kimi maraqlı hekayələrin müəllifidir.
Cavid QƏDİR
Mənbə "Vikipediya"