Bu yaxınlarda Laçın rayonundan olan məcburi köçkün Ərşad Həmidovun evində qonaq oldum. 1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşəndən Ərşad və ailəsi Bakı şəhərinin Binəqədi rayonu ərazisində məskunlaşıb. Çox böyük ailədir.
Ərşadın anası Səlbi nənənin dediyinə görə, çox çətin günlər görən bu ailəni dolandırmaq üçün oğlanları özlərinə yaxın olan bir ərazidə kiçik bir yer götürərək ot satışı ilə məşul olublar. Çox keçmədən bura hansısa işbazlar göz tikiblər. Onlar kimlərinsə göstərişi ilə həmin ərazini ağır durumda olan ailənin, hətta üç oğlunun müharibə veteranı olmasına baxmayaraq əlindən almaq istəyibər...
Sözünün bu yerində Səlbi nənə üzünü mənə tutub deyir ki: "Oğlum, əgər imkanın olsa, Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərova bizim minnətdarlığımızı çatdır"...
Səlbi nənənin kiçik oğlu Behbud Həmidov ilyarım ərzində Binəqədi rayonunda Bakı-Sumqayıt yolunun abadlaşdırılması, rayon ərazisinin çirkab sulardan təmizlənməsi, yaşayış məntəqələrinə səliqə-sahman yaradılmasından razılığını ifadə edir.
Ailənin böyük oğlu Ərşad Həmidovun dediklərindən isə məlum olur ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı ərazini gəzərkən Ərşadgilin yerini göstərərək guya, bunların qanunsuz iş gördüklərini başçıya çatdırıblar. Xaləddin müəllim isə Ərşada yaxınlaşıb vəziyyətlə yerində tanış olub və deyib ki, biz Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə xalqın problemlərini həll edirik: "Dərdinizi bizə danışın".
Ərşad vəziyyəti olduğu kimi başçıya çatdırandan sonra, onun vəziyyətə yerində müdaxiləsi ilə hər şey müsbət sonluqla bitir və problemimiz həllini tapır.
Söhbətimə qarışan Ərşad Həmidov sonda "halallıq hər şeydən üstündür". deyib X.İsgəndərovun Binəqədiyə icra başçısı təyin olunandan bəri rayonun abadlaşdırılması, sakinlərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində gördüyü işlərin rəğbətlə qarşılandığını bildirir: "Ona görə də, həm öz adımdan, həm də ailəmiz adından Xaləddin müəllimə dərin minnətdarlığımızı çatdırır, işlərində daim uğurlar arzu edirəm".
Qısa müddət ərzində rayonda əsaslı dönüş yaradan Xaləddin müəllim hörmətli Prezidentimiz İlham Əliyevin etimadını doğruldan icra başçılarındandır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdü daxili siyasət kimi, xarici siyasət də öz uğurlu nəticələrini verir və verəcək. Əminəm ki, bizim bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində böyük siyasi iradə nümayiş etdirən ölkə başçımız torpaqlarımızın erməni işğalından azad edilməsinə nail olacaq, Ərşad və ailəsinin timsalında bütün qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Bərxudar SƏLİMOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü



