Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda "ASAN İmza - elektron vergi xidmətlərinin innovativ açarı" təqdimatı olub.
Təqdimatda "Asan İmza" xidmətinin operatoru olan "B.Est Solutions" şirkətinin direktoru Yana Krimpe çıxış edib.
O, mobil autentifikasiya və imzalama xidməti olan, ölkədə elektron vergi xidmətlərinin təqdim edilməsində istifadə edilən "ASAN İmza" həllinin unikallığından danışıb: "Son zamanlar özəl xidmət təminatçılarının "ASAN İmza" texnologiyasına marağı əhəmiyyətli dərəcədə artıb. "ASAN İmza" istifadəçilərə bütün elektron dövlət xidmətlərinə çıxış imkanı verir. Xidmət təminatçıları sırasında "ASAN İmza"dan istifadəyə görə ilk yerləri Vergilər Nazirliyi (2,5 mln.-dək onlayn əməliyyat), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu (cəmi təqribən 1,5 mln. onlayn əməliyyat) tutur. Belə olan halda elektron xidmətlərin səmərəliliyinin ölçülməsi zamanı həyata keçirilmiş əməliyyatların sayını nəzərə almaq lazımdır. Bu iki il ərzində 10 milyondan artıq elektron əməliyyat həyata keçirilib".
"M-Group Production" şirkətinin rəhbəri Murad Dadaşov "ASAN İmza"dan dünyanın istənilən nöqtəsində və istənilən an istifadəsinin mümkünlüyünü qeyd edib.
"Microsoft" şirkətinin nümayəndəsi Səbinə Pərvizi isə "ASAN İmza" xidmətini biznes proseslərin sürətləndirilməsində, ümumilikdə biznesin səmərəliliyinin artırılmasında ideal həll kimi səciyyələndirir.
"ASAN İmza" xidmətinin daha bir istifadəçisi, əcnəbi vətəndaş Con Krouford Florey isə bu xidməti Azərbaycanda biznes açmaq barədə düşünən bütün əcnəbi iş adamlarına tövsiyə edib.
Mərkəzi Bankın ödəniş sistemləri və əməliyyatlar departamentinin direktor müavini Vahid Qurbanlı öz məruzəsində "Asan İmza" xidmətinin Hökumət Ödəniş Portalı ilə uğurlu inteqrasiyasını qeyd edib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") şöbə müdirinin müavini Fariz Cəfərov "ASAN Xidmət" mərkəzlərində əhalinin "Asan İmza" əldə etməsinə böyük marağının olduğunu bildirib. Vergilər nazirinin müavini Sahib Ələkbərov isə ölkədə innovativ mobil imza xidmətinin fəaliyyətini yüksək qiymətləndirib.
"ASAN İmza" brendinin "Made in Azerbaijan" şüarı altında ixrac potensialına da toxunulub: "Ötən ilin noyabr ayında Bakıda keçirilmiş İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) yığıncağında təşkilatın daxili elektron sənəd dövriyyəsi platforması olan "ISESCO BESTDOC" portalının təqdimatı keçirilib.
Qeyd edək ki, "B.EST Solutions" şirkətinin Vergilər, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı "ASAN İmza" xidməti elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir.
Aysel XIDIROVA