Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) Hindistanın Azərbaycandakı səfirliyi ilə birgə "Make İn İndia" adlı tədbir keçirib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən ASK-nin prezidenti Məmməd Musayev bildirib ki, məqsəd iki ölkə arasında ticarət əlaqələrini daha da genişləndirmək və investisiya sahəsində əməkdaşlıq etməkdir.
O bildirib ki, Azərbaycan öz məhsullarını Hindistana ixracına nail olmaq istəyir:
"Hindistanla Azərbaycanın bütün sahələrdə əməkdaşlığı genişdir. Bu tədbirdə Hindistan məhsullarının təbliğatı ilə yanaşı, Hindistan sahibkarlarının Azərbaycana investisiya yatırmasına, iş adamlarının qarşılıqlı əməkdaşlığına çalışacağıq.
Eyni zamanda Hindistanla ipəkçilik sahəsində də əməkdaşlıq etmək niyyətindəyik. Birgə istehsal müəssisələrinin yaradılması və əldə olunan məhsulların üçüncü ölkələrə də ixracı nəzərdə tutulub".
Səfir Sanjay Rana isə çıxışında qeyd edib ki, "Make İn İndia" Hindistan hökuməti tərəfindən şirkətləri istehsal obyektləri yaratmaqla Hindistan bazarından faydalanmağa təşviq etmək üçün başladılmış təşəbbüsdür:
"13-18 fevral tarixində "Make İn İndia Həftəsi" çərçivəsində baş tutacaq tədbirdə transmilli korporasiyalar da daxil olmaqla, 190-dan çox şirkət, 60 ölkədən 5000 nümayəndə iştirak edəcək. Tədbirdə 4 ölkənin dövlət başçısı da iştirak edəcək ki, burada iqtisadi sahədə əməkdaşlıqla bağlı müzakirələr aparılacaq".