|
|
|
|
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) tərəfindən maliyyə və mühasibatlıq sahəsi üzrə maraqlanan şəxslər üçün "Vergi uçotu" mövzusunda seminar təşkil edilib.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, KBTM-in beynəlxalq CFA (Chartered Financial Analyst) və FRM (Financial Risk Manager) sertifikatlarına malik olan peşəkar təlimçilər tərəfindən keçirilən seminarda iştirakçılara qiymətli kağızlar bazarında aparılan əməliyyatlar üzrə vergi uçotunun aparılması qaydası və hesablar planının strukturu, eləcə də vergi bəyannamələrinin elementləri və tərtib edilməsi qaydaları barədə ətraflı məlumat verilib.
Seminarın davamında təsərrüfat subyektlərinin gündəlik fəaliyyətlərində istifadə edilən əsas iqtisadi əməliyyatların nəzəri bazası və onların vergi uçotu sistemində və vergi bəyannamələrində düzgün əks etdirilməsi haqqında geniş izahat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və seminarda iştirak edənlərə sertifikatlar təqdim olunub.