
Erkən yaz dövrü bir sıra kənd təsərrüfatı bitkilərinin əkini ilə əlamətdardır. Respublikamızda aqrar elmin mərkəzi sayılan Gəncədə əkin, eləcə də bağsalma proseslərinin təkmilləşdirilməsində yeni üsulların tətbiqi istiqamətində işlər aparılır.
Azərbaycan Dövlət Aqrar Universitetinin 70 hektardan çox sahəni əhatə edən təcrübə-tədris sahəsindəki işlər də bu məqsədə xidmət edir.
Gəncədən Göygöl istiqamətindəki geniş ərazidə fəaliyyət göstərən bu sınaq əkin sahəsi aqrar elmi tədqiqatlarla yanaşı, kənd təsərrüfatı istehsalında qabaqcıl üsulların sınaqdan keçirilməsi və təsərrüfatlara tətbiqi üçün baza rolunu oynayır.Burda hər növ - dənli, tərəvəz, həmçinin meyvə bitkilərinin əkini üçün ayrıca sahələr mövcuddur.
Hazırda sahənin həm tərəvəz, konkret olaraq, kartof əkini, həm də intensiv üsullu meyvə bağları salınması üçün ayrılmış bölümlərində sınaq proseslərinə başlanılıb. O cümlədən, məhsuldar kartof sortlarının yerli şəraitdə yetişmə proseslərinin öyrənilməsi üçün sınaq sahəsinin 1 hektarlıq bölümündəTovuz-Şəmkir- Gədəbəy bölgəsində geniş istifadə olunan "Telman" sortunun əkini aparılır. Bu təcrübələr sözügedən sortun Gəncəbasar zonasında da yayılmasının artırılması məqsədilə aparılır.
"Respublika Tərəvəzçilik İnstitutunun dayaq bazasından, həmçinin Gədəbəy rayonunun təsərrüfatlarından rayonlaşdırılmış "Telman" kartof sortu toxumları gətirmişik. Sahədə hər hektara 3 ton toxum hesabı ilə əkin aparırıq. Məqsədimiz Gəncəbasarın müxtəlif növ torpaqlarında bu kartof sortunun məhsuldarlıq göstəricilərini öyrənməklə, yerli təsərrüfatlar üçün zəruri tövsiyələr hazırlamaqdır. Bu sınaqlar həmçinin universitetimizin gənc alimlərinin elmi işlərinə də xeyli təkan verir"-deyə, Aqrar Universitetin əməkdaşı Fəğan Ağayev bildirir.
Təcrübə-tədris sahəsində həmçinin yeni-intensiv üsulla bağsalma işləri də aparılır. Respublikamızda artıq geniş yayılmağa başlamış intensiv bağsalmanın ənənəvi ekstensiv üsuldan fərqi ondadır ki, bu yeniliyin tətbiqi zamanı tez məhsul verən meyvə sortlarına üstünlük verilməklə, hər hektara 4 dəfə çox ağac tingi əkilir.
"Əvvəlki ekstensiv üsulda hektara orta hesabla 500 ağac əkilirsə, intensiv bağsalmada bu göstərici 2 min ədədə çata bilir. Əlbəttə, bu zaman tezyetişən və məhsuldar sortların tinglərini əldə etmək vacibdir. Əgər ənənəvi meyvə ağaclarımız 5 ilə bar verirsə, intensiv bağsalmada istifadə edilən ağaclardan artıq 2 - 2,5 ilə məhsul əldə etmək mümkündür "-deyə, yeni üsullu bağsalma işlərinin elmi təcrübələrinə rəhbərlik edən kənd təsərrütatı üzrə fəlsəfə doktoru Hüseyn İdrisov bildirir.
Mütəxəssis qeyd edir ki, yeni üsulla əkilən tinglər isə əsasən Türkiyədən gətirilmiş meyvə ağaclarının yerli sortların gövdə-kök hissəsilə calaq edilməsi ilə əldə olunur.
"Düzdür, bu ağaclar yerli növlərlə müqayisədə uzunömürlü deyillər və onları bir neçə mövsümdən sonra təzələmək lazım gəlir. Bununla belə, yeni ağaclar fermerlər üçün daha sərfəlidir, çünki bu bitkilərin maya dəyəri də az olur. Bəstəboy, çətiri yığcam olduğundan onlara asan qulluq olunur,"-deyə, mütəxəssis əlavə edir.
Əkin və bağsalma üzrə aparılan təcrübələrin nəticələrinin yerlərdə təsərrüfatlara tətbiqi zamanı əldə olunan göstəricilər də geniş araşdırılacaq.
Zakir Muradov
Gəncə



