
Torpaq Məcəlləsinə növbəti dəyişiklik edilməsi təklif olunur. Bununla bağlı qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin martın 30-da keçirilən iclasında müzakirəyə çıxarılıb.
Komitənin sədri Eldar İbrahimov qanun layihəsinin ölkə Prezidentinin imzası ilə parlamentə daxil olduğunu və onun çox böyük əhəmiyyət kəsb etdiyini deyib.
Milli Məclis (MM) Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib ki, hələ də ölkədə torpaqların zəbt edilməsi, dövlət təyinatlı torpaqların təyinatdan kənar istifadəsi, təyinatın dəyişdirilməsi halları mövcuddur.
Ona görə bu məsələnin qarşısını almaq üçün Torpaq Məcəlləsinə növbəti dəyişiklik təklif olunur.
Onun sözlərinə görə, təklif olunan dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin 110-cu maddəsinin tələblərini pozmuş şəxslər bundan sonra Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.O, həmçinin xatırladıb ki, torpaq qanunvericiliyinin pozulmasına görə ötən ilin sentyabrında parlamentdə Cinayət Məcəlləsinə dəyişikliklər edilib.
Komitənin sədr müavini Eldar Quliyev dəyişikliyi müsbət qiymətləndirməklə yanaşı təklif edib ki, istifadə olunmayan torpaqların monitorinqi aparılsın: "Ölkədə hektarlarla istifadə olunmayan, kimlərsə tərəfindən çəpərlənən, hasarlanan torpaqlar var. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həmin torpaqların monitorinqini aparmalıdır. Yenə də deyirəm, bu gün yüz hektarlarla istifadə olunmayan torpaqlar var. Onları nə əkib- becərirlər, nə də başqa iş görürlər. Bu məsələyə son qoymaq lazımdır".
Millət vəkili Cavanşir Paşazadə deputat seçildiyi bölgədə, ölkənin Cənub zonasında pay torpaqların zəbt edilməsindən, mənimsənilməsindən şikayətlənib: "İnsanlara pay torpaqları ayrılıb. Amma hələ də çoxları pay torpağının harada olduğunu bilmir. Hamı bir-birinin torpağına girib, hətta, elələri var ki, başqalarının pay topaqlarını zəbt ediblər. İnsanlar hər dəfə bu məsələni qaldırır, haqlı şəkildə şikayətlənirlər. Ona görə pay topraqlarının kimə məxsusluğu məsələsi ciddi araşdırılmalıdır, bu məsələdə özbaşınalığa son qoyulmalıdır".
Millət vəkili Tahir Süleymanov təmsilçisi olduğu bölgədə, Şabran və Siyəzəndə minlərlə hektar torpaq sahəsinin istifadə edilməməsindən, boş qalmasından təəssüfünü ifadə edib: "Bildiyiniz kimi, "Taxtakörpü" su anbarının istifadəsi ilə bu bölgədə daha 35 min hektar torpaq sahəsinin əkinəyararlılığı təmin olunacaq. Ancaq bununla belə, yüzlərlə, minlərlə hektar əkinəyararlı torpaq sahələr var ki, illərdir istifadəsizdir, hasarlanıb, çəpərlənib, amma istifadə edilmir".
Millət vəkili İqbal Mməmmədov isə Lerik rayonda torpaq xəritələrinin düzgün olmamasından narazılıq edib: "Lerikdə torpaqların, xüsusilə, pay torpaqlarının birinin də xəritəsi düz deyil və bu məsələ, bu problem illərdir uzana-uzana gedir. Ona görə nəhayət, müvafiq qurumlar bu məsələyə ciddi yanaşmalı, torpaq xəritələri dəyişdirilməli və dəqiqləşdirilməlidir". E. İbrahimov da öz növbəsində qanunvericiliyə təklif olunan növbəti dəyişikliyin məhz bu zərurətdən irəli gəldiyini bildirib: "Eyni zamanda, Ümummilli liderimiz Heydər Əliyev zamanında çox böyük və radikal addım ataraq ölkədə çox uğurlu torpaq islahatına getdi və torpaqları insanlara pulsuz-parasız verdirdi. Ona görə də indi kiminsə bundan sui-istifadə etməyə haqqı yoxdur. Torpaqla alver etmək olmaz. Həmçinin, pay torpaqları təyinatı üzrə istifadə edilməlidir. Yoxsa, kimsə kefi istədiyi kimi orada villa, ev tikə bilməz. Hansı ki, bunu edənlər də var. Amma bu, yolverilməzdir. Onu da xatırladım ki, sovetlər dövründə torpaqların zəbt edilməsinə görə 3 ilə qədər azadıqdan məhrumetmə cəzası vardı. İndi az qala yüzlərlə, minlərlə hektar torpağı zəbt edənə, hasarlayana sağ ol deyirlər. Bir daha qeyd edirəm ki, bunlar yolverilməzdir və bu məsələdə özbaşınalığa son qoyulmalıdır. Elə bu gün müzakirəyə təqdim olunan sənəd də məhz bu zərurətdən irəli gəlib".
Kamil HƏMZƏOĞLU



