Vergi Məcəlləsinə ciddi dəyişikliklər nəzərdə tutulur. Bununla bağlı qanunvericilik təşəbbüsünün subyekti ölkə prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə (MM) Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan müvafiq qanun layihəsi göndərilib.
Sözügedən qanun layihəsi aprelin 18-də paramentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının müzakirəsinə çıxarılıb.
Vergi Məcəlləsinə təkilf olunan dəyişiklikliyə görə, bundan sonra kənd təsərrüfatına yararlı torpaqlar əgər təyinatı üzrə istifadə olunmasalar, vətəndaş bir hektar üçün min manat cərimə ödəməli olacaq.
Belə ki, adıçəkilən Məcəllənin 206.1-ci maddəsinə əsasən torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0, 06 manat müəyyən edilir. Eyni zamanda, sözügedən maddədə nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər kvadratmetrinə görə 10 manat müəyyən edilir. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, Məcəlləyə dəyişikliklərdə məqsəd kənd təsərrüfatı üzrə əkinə- yararlı torpaq sahələrinin təyinatdan kənar istifadəsinin və ya onun istifadə olunmamasının qarşısını almağa yönəlib. Onun sözlərinə görə, təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı torpaqlanın istifadəçilərinə bu dəyişiklik şamil olunmayacaq, onlar əvvəlki qaydada vergi ödəyəcək: "Ancaq kimlər ki, torpaqları istifadə etmirlər, vergi yükü onlara şamil olunacaq".
Millət vəkili Vahid Əhmədov isə deyib ki, ölkə Prezidenti tərəfindən ölkədə yeni iqtisadi islahatlara çox ciddi start verilib. Onun dediyinə görə, artıq bu istiqamətdə müvafiq komanda da təşkil olunub, müşavir də təyin olunub. "Biz də zaman-zaman həmin müşavirlə danışır, öz təkliflərimizi veririk. Ona görə də bu gün müzakirəmizə təqdim olunan sənədlər, xüsusilə, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər çox əhəmiyyətlidir"-deyən millət vəkili bildirib ki, çünki burada əkinəyararlı torpaq sahələrinin təyinatdan kənar istifadəsinin və ya istifadə olunmamasının qarşısının alınması nəzərdə tutulur: "Belə ki kimsə öz torpağından təyinatdankənar istifadə edərsə və ya ümumiyyətlə, istifadə etməsə, o, bir hektara görə min manat cərimə olunacaq. Cərimənin, vergi dərəcəsinin bu dərəcədə artırılması çox yaxşıdır. Çünki ölkəmizdə kimlərsə, xüsusilə, məmurlar, vəzifəli şəxslər tərəfindən yüzlərlə hektar torpaq sahəsi tutulur, zəbt olunur, hasarlanlır və istifadə edilmir. Elə mənim özümün deputat seçildiyim Quba rayonunda elə kəndlər var ki, kimlərsə 100, 150, 200 hektar torpaq sahəsi zəbt edib və ondan istifadə etmir. Odur ki, bunun qarşısının alınması istiqamətində Vergi Məcəlləsində nəzərdə tutulan dəyişiklik çox vacibdir".
Millət vəkili eyni zamanda, 2007-ci ildə qanunvericiliyə dəyişiklik yoluyla sənaye parklarının 7 il müddətinə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edildiyini xatırladıb:"İndisə yenidən bu müddətin 5 il artırılması təklif olunur. Məsələn, Sumqayıt sənaye parkı 10 ilə yaxındır ki, ƏDV ödəmir.
Amma bu, o, demək deyil ki, həmin sənaye parkı hər zaman ƏDV ödəməməlidir...
Ona görə bilmək istəyirəm ki, bu, bütün sənaye parklarına şamil olunur, yoxsa, gəmiqayırma ilə bağlı sənaye parklarına?"
Buna cavabında S. Musayeva bildirib ki, bu güzəşt bütün sənaye parklarına şamil olunmur və olunmayacaq.
Kamil HƏMZƏOĞLU