Neftin dünya bazar qiyməti yenidən yüksəlməyə başlayıb. Artıq Brent markalı neftin hər bareli birjalarda 46 dollara təklif edilir. Doha sammitindən sonra 5 faiz dəyər itirən "qara qızıl" növbəti 2 iş günündə mövqelərini bərpa edə bilib.
Qiymət artımlarının səbəbləri barədə danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, bu həftənin çərşənbə axşamı neftin qiymətinin yüksəlməsi Küveytdə petrol işçilərinin tətili ilə bağlı idi: "Belə ki, tətil nəticəsində mart ayında gündəlik 2.8 milyon barel neft hasil edən sözügedən ölkənin istehsalı 1.5 milyon barelə qədər azaldı. Eyni zamanda, gündəlik istehsal texniki səbəblərdən Veneseulada 200 min barel, boru xəttində baş verən yanğına görə isə Nigeriyada 400 min barel azalıb".
Ekspert qeyd edib ki, hasilatın azalması OPEK-ə üzv olmayan ölkələrdə də müşahidə edilməkdədir: "Son iki ildə ABŞ, Kanada və Latın Amerikası ölkələrində neft sektoruna sərmayə 40 faiz aşağı düşüb. Bu isə hasilata birbaşa təsir göstərməkdədir. Beynəlxalq Enerji Akademiyasının proqnozlarına əsasən OPEK-ə üzv olmayan ölkələrin gündəlik neft ixracatı 700 min barel aşağı düşəcək".
Qiymət artımlarının uzun müddətli olub-olmaması ilə bağlı fikirlərini deyən V.Bayramov bildirib ki, Beynəlxalq Enerji Akademiyası, eyni zamanda Çin də daxil olmaqla bir sıra ölkələrdə neftə tələbin azalmasına da diqqəti çəkir: "Rusiya neft hasilatını gündəlik 12 milyon barelə çatdıracağını bildirib. İran isə sanksiyalardan öncəki gündəlik 4 milyon bareli hədəfləyir. Buna görə də, hələlik təklifin tələbi ən azı gündəlik 1 milyon barel üstələcəyi gözlənilir. Amma qiymətə ABŞ-da hasilatın birbaşa təsir göstərəcəyi proqnozlaşdırılır. Əgər Birləşmiş Ştatlar hasilatdakı azalmaları optimallaşdırarsa, o zaman qiymət artımları müvəqqəti xarakter daşıya bilər".
Mərkəz sədri qeyd edib ki, neftin dünya bazar qiymətinin hər bareli 60 dollaradək yüksələrsə, o zaman ABŞ-da şist neftinin hasilatı üçün geniş imkanlar yaranır: "Bu isə OPEK ölkələrinin xüsusən də Səudiyyə Ərəbistanın maraqlarına uyğun deyil. Bu baxımdan, əksər beynəlxalq agentliklər neftin dünya bazar qiymətində kəskin artımlar proqnozlaşdırmırlar. Amma neftin bazarı siyasiləşdiyi üçün istənilən sürpriz gözləniləndir".
V.Bayramov əlavə edib ki, neftin dünya bazar qiymətinin yüksəlməsi "qara qızılın" ixracatda payının hələ də 85 faiz olan Azərbaycana daxil olan valyutanın həcminin artması baxımdan vacibdir: "Amma müvəqqəti qiymət artımları islahatlar paketinə heç bir halda təsir göstərməməlidir. Son iki ilin təcrübəsi göstərir ki, istənilən zaman neftin qiyməti öz trayektoriyasını dəyişə bilər".
Ceyhun ABASOV