|
|
|
|
"Müasir dövrdə dünyanın əksər regionlarında siyasi, iqtisadi və sosial problemlər qabarıq şəkildə özünü göstərir. Dərin iqtisadi və maliyyə böhranı dünyada, xüsusilə, Avropada daha ciddi formalar alıb. Hazırda istər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Eyni zamanda, təkqütblü dünya nizamını formalaşdırmaq istəyən imperialist qüvvələrin geostrateji maraqları naminə apardıqları ədalətsiz müharibələr nəticəsində bir çox ölkələr, bəzi regionlar qanlı toqquşmalar meydanına çevrilib. Nəticədə, dünyanın bir sıra regionlarında münaqişələrin sayı artmaqdadır və beynəlxalq hüquq normaları ciddi surətdə pozulur".
Bu sözləri "525"ə "Qarabağ" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov oktyabrın 7-də Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışına münasibət bildirərkən deyib.
E.Əhmədovun sözlərinə görə, prezident müşavirədə dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələrin alovlandığını, risklər və təhdidlərin artdığını qeyd edərək Azərbaycanın da öz siyasətini buna uyğun şəkildə aparmalı olduğunu diqqətə çatdırıb:
"Dövlət başçısının da qeyd etdiyi kimi müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır".
Siyasi elmlər doktoru qeyd edib ki, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir:
"Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması tələb olunur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev bu il bizim beynəlxalq mövqelərimizin möhkəmləndiyini, bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirildiyini deyib. Dövlət başçısı İlham Əliyev Ermənistanın sülh istəmədiyini, status-kvonu nə qədər çox mümkündürsə, saxlamaq istədiyini, işğal olunmuş torpaqlardan çəkilmək istəmədiyini vurğulayaraq, təcavüzkar dövlətin yalnız vaxt uzatmaqla məşğul olduğunu və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istədiyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyişin əldə olunmamasında təkcə təcavüzkar Ermənistan deyil, eləcə də onun himayədarlarının da rolunun böyük olduğunu bildirib".
E.Əhmədov hesab edir ki, keçən dövr ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salsaq, qeyd edə bilərik ki, 1992-ci ildən beynəlxalq təşkilatların və böyük dövlətlərin vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq yeni formada da addımlar atılıb: "Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olub. Həmin vaxtdan indiyə qədər iki respublikanın prezidentləri ümumilikdə 53 görüş keçiriblər. Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşıb. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, böyük dövlətlərin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir".
Yarandığı vaxtdan etibarən ATƏT-in Minsk Qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi sözdə bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyətinin sülh prosesində arzu olunan nəticəni vermədiyini deyən E.Əhmədov qeyd edib ki, buna səbəb bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, xüsusilə, münaqişənin nizama salınması prosesində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, eləcə də böyük dövlətlərin təcavüzkarla təcavüzə məruz qalan tərəfə eyni yanaşması ikili standartlar siyasətinə sübutdur və onların ədalətli vasitəçiliyinə olan inamı heçə endirib:
"Bu baxımdan, son günlərdə ABŞ-ın dövlət katibi Con Kerrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir və məsuliyyəti münaqişə tərəflərinin liderlərinin üzərinə atmaqdan başqa bir şey deyil. Əgər münaqişə tərəfləri özləri bu problemi həll etmək iqtidarında olsaydılar, o zaman bu münaqişənin həlli üçün ATƏT-in Minsk Qurupunun yaradılmasına nə ehtiyac var idi? Dövlət katibinin mövqeyi təcavüzkar Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür. Bu formada səslənən bəyanatları qəbul etmədiyimizi bildirən Azərbaycan Prezidenti İlham Əliyev burada vasitəçilik missiyasının şübhə altına düşə biləcəyini bəyan edib. Bu cür bəyanatların əsl mahiyyəti ondan ibarətdir ki, istər ATƏT-in Minsk Qrupu həmsədrləri, istərsə də vasitəçilik missiyasını öz üzərlərinə götürmüş böyük dövlətlər Ermənistana təzyiq etmək, ümumiyyətlə işğal faktını qəbul etmək istəmirlər. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq "Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz" fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha artırıb. Eyni zamanda, dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq".
Siyasi elmlər doktoru vurğulayıb ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır:
"Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər".
Ceyhun ABASOV