Noyabrın 26-dan 27-dək “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Azərbaycanın intellektual BİRincisi” layihəsinin İsmayıllı, Sabirabad, Şəki və Lənkəranda regional turnirləri yekunlaşıb.
İlk olaraq noyabrın 26-da İsmayıllı və Sabirabadın gənc intellektuallarının iştirakı ilə regional turnirlər keçirilib.
İsmayıllıda keçirilən tədbirin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova və Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Sabirabadda isə rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov çıxış edib. Daha sonra intellektual oyunlara start verilib.
İsmayıllı rayonunda keçirilən regional seçim turunda "Axtar-tap", "Vətəni Tanı" intellektual oyunlarında Ağsu rayonu, "Xəmsə", “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında İsmayıllı rayonunun gənc intellektualları qalib olublar.
Sabirabad rayonunda keçirilən regional seçim turunda “Axtar-tap”, “Nə? Harada? Nə zaman?”, “Xəmsə” intellektual oyunlarında Saatlı rayonu, "Vətəni Tanı" intellektual oyununda Neftçala rayonunun gənc intellektualları qalib olublar.
Noyabrın 27-də isə Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarının gənc intellektuallarının iştirakı ilə "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin Lənkəran turniri və Şəki, Zaqatala, Qax, Balakən, Oğuz,Qəbələ rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəki turniri keçirildi.
Lənkəran rayonunda baş tutan açılış mərasimində "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edib.
Şəki şəhərində baş tutan açılış mərasimində isə Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, “İrəli” İctimai Birliyinin sədr müşaviri Orxan Rüstəmov çıxış edərək gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasında belə intellektual oyunların əhəmiyyətini vurğulayıb, dövlət gənclər siyasəti haqqında məlumat veriblər.
Açılış mərasimindən sonra "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı" intellektual oyunlarına start verilib.
Şəki Regional seçim turunda “Xəmsə” və “Vətəni tanı” intellektual oyunlarında Balakən, “Axtar-tap” intellektual oyununda Şəki, “Nə? Harada? Nə zaman?” intellektual oyununda isə Qax rayonunun gəncləri qalib gəliblər.
Lənkəran Regional seçim turunda “Vətəni tanı”, “Axtar-tap”, intellektual oyununda Lənkəran, "Xəmsə" intellektual oyununda Lerik rayonunun gəncləri qalib gəliblər.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Regional seçim turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif edilib.
Ceyhun ABASOV