Demokratiyanın əsas prinsiplərindən biri də söz və mətbuat azadlığının təmin olunması, qanunun aliliyidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə bu istiqamətdə mühüm adddımlar atılmağa başlayıb.
Söz və mətbuat, ifadə azadlığı, hüququn aliliyi təmin olunub. Amma təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməyən bəzi daxili və xarici qüvvələr konkret cinayət əməlinə görə, həbs edilən bir sıra şəxslər, o cümlədən, Mehman Hüseynovla bağlı qərarı siyasiləşdirməyə, onu söz, mətbuat azadlığı ilə əlaqələndirməyə çalışırlar. Bununla da ölkəmizin imicinə zərər gətirmək istəyirlər. M.Hüseynov Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusi ağır cinayətlərdə ittiham etməklə böhtan atma), maddəsi ilə məsuliyyətə cəlb olunaraq, 2 il müddətinə azadlıqdan məhrum edilib. Amma bundan əllərinə növbəti girəvə düşən həmin qara qüvvələr, yenə də əks təbliğata başlayıblar.
Radikal müxalifətlə yanaşı, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və tanınan "Freedom House", "Sərhədsiz Repartyorlar" təşkilatı da cinayət əməlini siyasiləşdirməyə çalışır. Məsələyə münasibət bildirən millət vəkilləri, ictimaiyyət nümayəndələri burada qərəz axtarmağın mənasız olduğunu deyirlər.
Siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri mahiyyətindən asılı olmayaraq, istənilən hadisədən Azərbaycana düşmən kəsilən beynəlxalq təşkilatlara, xarici dairələrə yarınmaq üçün istifadə etməyə çalışıblar. Onun sözlərinə görə, bu, onların siyasi fəaliyyətlərinin ana xəttini təşkil edir: "Biz uzun illrdir ki, bu adamların eyni fəaliyyətlə məşğul olduğunu görürük. Əslində Mehman kimiləri cinayət törətməyə təhrik edən də elə belələridir. Belələri Mehman kimi ucuz şöhrətə meylli olan dayaz adamların avanturaları ətrafında şou yaratmaqla onları cinayət törətməyə təhrik edir və sonra da konkret cinayətlərinə görə həbs edilmiş şəxsləri qrant maxinasiyalarının predmetinə çevirirlər. "Sərhədsiz Reportyorlar", "Freedom House" kimi təşkilatlara və onların nüfuz müvəkkilliyini icra edənlərə gəldikdə isə onların Azərbaycana qarşı münasibəti bəllidir. Bu təşkilatlar uzun illərdir ki, Ermənistanın və erməni diasporunun ölkəmizin nüfuzuna zərbə vurmaq üçün həyata keçirmək istədikləri ssenarilərin icraçıları funksiyasını yerinə yetirirlər. Azərbaycan xalqı hər zaman olduğu kimi, bu gün də baş verənlərin fərqindədir. Təbii ki, ölkəmizə qarşı aparılan bu kampaniya hər zaman olduğu kimi, yenə iflasa uğrayacaq".
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə bildirib ki, özünü "beynəlxalq təşkilat elan etmiş", reallıqda isə eyni siyasi şəbəkənin üzvü olan və Azərbaycana qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmaq ənənəsi yeni deyil. Onun sözlərinə görə, bu şəbəkənin üzvləri nəinki baş vermiş hansısa hadisədən istifadə edib anti-Azərbaycan təbliğatı aparırlar, eyni zamanda, özləri müxtəlif təxribatlar törədirlər ki, "danışmağa söz tapsınlar", ittiham etməyə əsas yaratsınlr: "Bu, köhnə taktikadır və çoxdandır ki, ifşa edilib. Bu şəbəkənin üzvləri ifşa edilsələr də, təəssüf ki, əməllərindən əl çəkmirlər, yeni-yeni təxribatlar törədirlər. Mehman Hüseynov jurnalist deyil, xəbər istehsalı zamanı ciddi xətalara yol verir, hərəkətlərində ciddi qanun pozuntuları var. Buna görə də hüquq mühafizə orqanları ona dəfələrlə xəbərdarlıq etdilər, səhvlərini düzəltməsi üçün tövsiyyələr verdilər. Amma məlum şəbəkə Mehmana səhvlərini düzəltməyə imkan vermədi, ondan süni "qəhrəman" düzəltməyə çalışdılar. Yuxarıda qeyd etdiyimiz şəbəkənin yanlış yola çəkdiyi, əqidəsini pozduğu, dövlətə qarşı qoymağa çalışdığı gənclərin sayı yüzlərlədir. Bu, təəssüfverici haldır. Amma yaddan çıxarırlar ki, onların Azərbaycanda sabitliyi pozmaq cəhdləri heç vaxt nəticə verməyib. Bu dəfə də nəticə verməyəcək".
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə deyib ki, ümumiyyətlə, Mehman Hüseynov kimilərini beynəlxalq təşkilatlar müdafiə etmir. Onu və onun kimi digərlərini xaricdəki müəyyən qeyri-hökumət təşkilatları (QHT) müdafiə edir. Maraqlananda isə həmin QHT-lərin bu çağırışlarında siyasi motivlərin olduğunu görərik. Millət vəkilinin sözlərinə görə, bu gün Mehman Hüseynov adlı şəxsin tutulması onların Azərbaycanla bağlı hansısa layihəsinin həyata keçməməsi, Azərbaycanla bağlı hansısa fikirlərinin reallaşmamasından irəli gəlir: "Bu şəxs konkret olaraq cinayət əməlinə görə həbs olunub. Amma nədənsə onun təhqir etdiyi insanların müdafiəsinə heç kəs qalxmır. Belə çıxır ki, Azərbaycanda Mehman Hüseynovlar üçün bir Cinayət Məcəlləsi, digərləri üçün ikinci bir Cinayət Məcəlləsi olmalıdır. Ümumiyyətlə, qanun qarşısında hamı bərabərdir. Heç kəs qanunu poza, cinayət əməlinə yol verə bilməz. Əgər cinayət əməlinə yol verdikdə hüquqi dövlət olduğumuza görə, əlbəttə, məhkəmə tərəfindən müvafiq cəzasını alacaq. Biz Avropadan demokratiyanı, insan hüquqlarını, qanunun aliliyini öyrənirik". A.Mirzəzadə əlavə edib ki, inkişaf etmiş demokratik ölkələrdən bizə hansısa bir şəxsi təcili azad etmək tələbi gəldikdə onların çağırışları ilə bizim öyrəndiyimiz demokratiya bir-birinə düz gəlmir: "Yəni bu baxımdan mən istərdim ki, Mehman Hüseynov məsələsi siyasiləşdirilməsin və bu məsələyə siyasi qiymət verilməsin. Konkret olaraq onun hərəkətlərində cinayət əməli olub. Həmin cinayət əməlinə görə də Mehman Hüseynov həbs edilib".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, həm radikal müxalifət, həm də xaricdə fəaliyyət göstərən bəzi xarici təşkilatlar Mehman Hüseynovdan çox məharətli istifadə edirdi: "Hər kəs bilirdi ki, Mehman düşüncə və ağıl baxımından da geridə qalmış bir uşaqdır. Belə bir adamdan yalnız öz məqsədləri üçün çox məharətlə yaranırdılar".
Onun sözlərinə görə, Mehmanı Azərbaycan mətbuatının jurnalisti kimi təqdim etmək çox böyük səhvdir və həm də ölkəmizdə uzun illərdir mətbuat sahəsində canını qoyan və bu yolda həyatını həsr edən əsl jurnalistlərə təhqirdir: "Mehmana jurnalist adını da bilərəkdən qoyublar. Məqsəd də Azərbaycan dövlətinə təzyiq yolunu genişləndirməkdir. Mehman Hüseynovun fəaliyyətinə gəldikdə isə, məncə, o bilərəkdən saxta videolar çəkib yaymaqla məşğul idi. Onun əsas məqsədi ölkəni tərk etmək idi. Fikirləşirdi ki, yalan və iftira atmaqla ölkədən çıxa biləcək. Ancaq qeyd etdiyim kimi, həm radikal müxalifət və onun tərəfdarları, həm də xarici qüvvələr Mehmandan kifayət qədər istifadə edirdi. Mehman unutdu ki, böhtan və şər atmaq cinayət məsuliyyəti daşıyır və öz əməlinin cavabını da aldı".
PƏRVANƏ