Apasport.az saytının məlumatına görə, siyahıda bir sıra dəyişikliklər olub.
Buna səbəb KONKAKAF kuboku və yoxlama oyunlarının nəticələridi. Azərbaycan millisi bu cədvəldə 79-cu sırada qərarlaşıb. Hesabat dövründə heç bir matç keçirməyən Robert Prosineçkinin yetirmələrinin hesabında 427 xal var.
Millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib. Buna qonşu pillələrdəki yığmaların mövqe dəyişiklikləri səbəb olub. Komandamız iki ölkəni – Kuraçao ilə Trinidad və Tobaqonu keçib. Lakin yığmamız iki deyil, bir pillə irəliləyib. Çünki Syerra-Leone də bizi arxada qoyub.
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Braziliya yenidən zirvəni ələ keçirib. Bundestimin liderliyi cəmi bir ay sürüb. İsveçrə və Polşa Portuqaliyanı arxada qoymağı bacarıb. Fransa isə mövqeyini Belçikaya verib.
İlk “onluq” 1 (2). Braziliya – 1604 2 (1). Almaniya – 1549 3 (3). Argentina – 1399 4 (5). İsveçrə - 1329 5 (6). Polşa - 1319 6 (4). Portuqaliya – 1267 7 (7). Çili – 1250 8 (8). Kolumbiya – 1208 9 (10). Belçika – 1194 10 (9). Fransa – 1157
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi dəyişib. Almaniya və Şimali İrlandiya 1 pillə geriləyib. Norveç isə 3 addım irəliləyib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu 2 (1). Almaniya – 1549 23 (22). Şimali İrlandiya - 897 40 (40). Çexiya - 714 85 (88). Norveç - 391 204 (204). San-Marino – 12
Qeyd edək ki, qonşu Türkiyə yığması 33-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 779 xal var.