|
|
|
|
Azərbaycan Dillər Universitetində (ADU) rektor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın iştirakı ilə aprelin 9-da universitetdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda keçiriləcək 1-ci Beynəlxalq elmi konfransla bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən rektor Kamal Abdulla deyib ki, aprelin 9-dan mayın 5-dək Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə ADU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda 1-ci Beynəlxalq elmi konfrans keçiriləcək. Konfransa hazırlıq və onun işinin təşkili məqsədi ilə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu təşkilat komitəsi yaradılıb. Azərbaycan Dillər Universitetində keçirilən açılış mərasimindən sonra konfrans öz işini “Heydər Əliyev və azərbaycançılıq” adlı bölmə üzrə və Heydər Əliyev siyasəti: multikulturalizm və tolerantlıq ideyaları, Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi istiqamətləri üzrə işini davam etdirəcək. Konfransın işçi dilləri Azərbaycan, rus, ingilis dilidir.
Rektorun sözlərinə görə, konfransın açılış mərasimi və yekun iclası Azərbaycan Dillər Universitetində keçiriləcək. Beynəlxalq konfransın plenar və bölmə iclaslarının isə Azərbaycan Dillər Universiteti ilə yanaşı, Turkiyənin Ərciyəz və Ərzurum Universitetləri, Rusiya Federasiyasının 1-ci prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı, Ukraynanın Kiyev Milli Linqvistika Universiteti, Belarusun Minsk Dövlət Linqvistik Universiteti, Serbiyanın Belqrad Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və “Bilik” cəmiyyəti, Çinin Xucjou Universiteti, İtaliyanın Cənubi Latsio Universiteti, Moldovanın Beynəlxalq Menecment Universiteti, Almanıyanın Ausburq Universiteti bazalarında keçiriləcək: “Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Serbiya, Çin, Türkiyə, Almaniya və İtaliyanın universitetlərində ADR-Şərqdə ilk demokratik respublikadır, Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi, Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi, Bir qurşaq-bir yol: multikulturalizmin öyrənilməsi, Heydər Əliyev və türk dünyası, Azərbaycan və Almaniya multikulturalizmi, Multikulturalizm, sosial təhlükəsizlik, informasiya, azadlıq adlı bölmə iclasları təşkil olunacaq. Xarici ölkələrdə keçiriləcək bölmə iclaslarından iştirak etmək üçün Azərbaycandan bir qrup nümayəndə bu ölkələrə ezam edilib. Bu bölmə iclaslarında həm Dillər Universitetinin, həm də Azərbaycan Milli Elmlər Akademiyasının və digər universitetlərin professor, akademikləri bu bir ay ərzində sözügedən mövzuya aid məruzələrlə çıxışlar edəcəklər. Tədbirlərdə AMEA-nın, ADU-nun və xarici universitetlərin alimlərinin, müəllimlərinin Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında Heydər Əliyevin rolu, Azərbaycan Xalq Cümhuriyyəti və digər mövzularla bağlı məruzələri dinləniləcək. Tədbirlər zamanı aparılacaq fikir mübadilələri universitetlər, mütəxəssislər, tələbələr arasında münasibətlərin daha da genişlənməsinə imkan yaradacaq. Hər bir ölkədə konfransın ümumi adına uyğun olaraq müxtəlif istiqamətlərdə təşkil olunacaq bölmə iclasları 5 may tarixində Bakı şəhərində keçiriləcək konfransın bağlanış mərasimi ilə öz işini yekunlaşdıracaq”.
K.Abdulla qeyd edib ki, konfransın əsas məqsədi dünyada multikulturalizm və tolernalıq ideologiyasını təbliğ etmək, bu həyat tərzini alternativsiz həyat tərzi kimi dünya insanına təqdim etməkdən ibarətdir. Konfransın Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmasının başlıca səbəbi isə Heydər Əliyevin Azərbaycanda multikulturalizmin və tolerantlığın siyasi banisi olmasıdır: “Ulu Öndərin multikulturalizm sahəsində gördüyü işlər əvəzolunmazdır. Heydər Əliyevin Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsində, inkişafında böyük xidmətləri var. Hazırda multikulturalizm ölkəmizdə dövlət siyasətidir. Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi. Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. Etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”.
Rektor vurğulayıb ki, Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olacaq. Bu cür mərkəzlər Çin, Rumıniya, İndoneziya universitetlərində artıq fəaliyyət göstərir. Belə mərkəzlərin açılışı Rusiya, Macarıstan, Belarus, Ukraynada da nəzərdə tutulub. Bu mərkəzlərdə Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının öyrədilməsi, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması, Azərbaycan multikulturalizmi fənninin tədrisi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
K.Abdullanın dediyinə görə, konfransın bağlanış mərasimində konfransda iştirak edən universitetlərin multikulturalizm və tolerantlığın təşviqinə töfhə verməsi üçün ümumi bir platformanın yaradılması planlaşdırılır. Həmçinin, bu konfransın hər il keçirilməsi, ildən-ilə konfransa qatılan ölkələrin sayının artırılması, platformanın genişləndirilməsi nəzərdə tutulub.
S.QARAYEVA