|
|
|
|
Məhəmməd Əmin Rəsulzadənin Əsərləri (
V cild)Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə saylarımızda)
İstiqlal
Çəkilən zəhmətlərin, tökülən qanların, yakılan xanimanların, axıdılan göz yaşlarının bir təsəllisi vardı: istiqlal!
İstiqlal bir növ hürriyyəti-şəxsiyyədir. Millətin şəxsinə məxsus hürriyyət. Fərdlər hürriyyəti dövlətin və yaxud millətin səadəti nöqteyi-nəzərindən qüyud və hüdud altına alınmaq fərz olduğu kibi, bəşəriyyətin səadəti üçün dəxi millətlərin hürriyyəti, təbiri-digərlə, istiqlalı bir takım qeydlərlə məhdud ola bilər.
Digər siyasi hürriyyətlər kibi millətlərin istiqlalı da insan övladının böyük məqsədini təşkil edən, səadəti-bəşəri təmin edən yollardan birisidir. Dünya millətlərinin bu gün gəlib də məsud bir ailəyi-mədəniyyət təşkil edəcəgi biz federalistlərə yabancı bir fikir degildir. Millətlərin könül rizası ilə əqd edəcəkləri “Cəmiyyəti-Əqvam” fikri dünya federalistlərinin əski düşüncəsidir.
Rusiya həyati-siyasiyyəsində bu fikir başqa bir yol ilə qövldən-felə gətirilmək istənildi. Rusiya vəhdaniyyəti-siyasiyyəsi bütün nəvaqis və mənfiyyatına rəğmən millətləri yekdigərinə rəbt edə biləcək bir çox rabitəyi-mədəniyyə hasil etmiş idi. Bundan istifadə edilmək istənildi. Rusiya millətləri arasında bir ittifaq əqd etmək, bir federasyon vücudə gətirmək fikri doğdu. Məhkum millətlərə mənsub olan federalistlər son dərəcədə sədaqət göstərərək bu məqsədin təbii bulunan yolundan sərfi-nəzər edərək millətlərin kəndi rizasından degil, məsələnin həllini Rusiya mütəfəkkirlərindən, Məclisi-Müəssisanından gözlədilər. Məəttəssüf bu xüsusda “kadet”lərdən tutub “bolşevik”lərə qədər bütün Rusiya partiyaları məsələyi sözdə bir, işdə başqa bir yolda “həll” etdilər. Nəticədə nə oldu? Orası həpimizə məlumdur. Rusiyanın məhkum millətləri kəndi başlarının çarəsinə baxmaq zərurətində qaldılar. Bu əlim zərurətlər həm Rusiyaya, həm də kəndisindən ayrılmış vilayətlərə pək bahaya mal oldu. Çox zərərlər, çox ziyanlar gördülər. Fəqət istər-istəməz sabit bir fikrə gəldilər. İsbat olundu ki, Rusiyaya bir daha toplanmaq müqəddər isə bu təqdir yalnız millətlərin kəndi arzuları, kəndi qənaət və istiqlal rəyləri sayəsində mümkün olacaqdır.
Bənə, Rusiya vəhdaniyyəti-siyasiyyəsinə girmək arzu edərmisiniz? – deyə sorsanız, bən, əvət, cavabını vermədə heç tərəddüd etməm. Fəqət bu vəhdətə nasıl girmək istərsiniz – deyə məsələyi qurdalasanız, bir az təəmmül edərəm.
Qulağıma Məclisi-Müəssisan səsi gəliyor; Ufa hökumətindən bəhs ediyorlar. Bu bəhsləri anlamam. Məclisi-Müəssisanın nisfi bolşeviklərdir ki, məclis əleyhindədirlər. Rusiyanın nazimi olan Velikorusiya bu gün tamamilə onların əlindədir. Ufa hökuməti nərədədir: o, nasıl hökumətdir? Biləmiyorum. Bu hökumətlə təyini-münasibat etmək üçün ravilər diyorlar ki, qoşa dibli gəmilərin dibləri arasında səyahət edərək yalnız bir aydan sonra məqsədə irmək mümkün imiş. Bu hökuməti Rusiyanın kəndisində tanıyan daha yoxmuş. Bu hökumət sollar tərəfindən qəbul edilmədigi kibi, Milyukov belə bunun əleyhində imiş. Bu şəraitlə toplanacaq Məclisi-Müəssisanın təsadüfi bir məclis olacağı bəllidir. Böylə təsadüfi bir məclisə Rusiya millətləri kəndi müqəddəratlarını nasıl tapşıra bilərlər, burası əlbəttə ki, cay sualdır.
Hər millət kəndi müqəddəratını təyin etmək səlahiyyətinə malikdir. Rusiya inqilabının düsturu bu. Etilaf dövlətlərinin rəisi-cümhuri Vilson ağzı ilə təyin elədigi şüar da budur. Böylə ikən bilzərurə istiqlalını elan eləmiş bulunan Rusiya qitələrini təkrar uyuşdurmaq, barışdırmaq, aralarını bulacaq, onlardan müttəfiq və müvafiq bir kütlə vücuda gətirəcək müəssisə nə “ufaçılar”ın təsəvvür elədigi məhud “Məclisi-Müəssisan”, nə də bolşeviklərin “sovet”ləridir. Böylə bir səlahiyyəti olsa-olsa yalnız Rusiya “Müəssislər konfransı” caiz ola bilər. Bu müəssisə 1917-ci sənədə intixab olunan bir Məclisi-Müəssisanın qırıq-tökük tənəsi degil, birər hökumət vücudi təşkil etmiş milli üzviyyətlərin müsavi surətdə göndərmiş olduğu mürəxxəslərdən təşəkkül edə bilər...
Fəqət bu fikir Rusiyadan ayrılıb da kəndi həyatlarını qurtarmağa çapalayan millətləri ümumi sülh konfransının təmin edə biləcəgi füyuzatdan məhrum etməməlidir. Millətlər sülh konfransını buraxıb da hərcü-mərc içində yuvarlanan Rusiyanın kim bilir kaç zaman sonra hali-təbiisinə gələcəgini gözləyə bilməzlər. Onların birər üzviyyəti-siyasiyyə olub da rəy sahibi bir vücud olmalarının sülhi-ümumi konfransınca təsdiqinə böyük bir ehtiyac vardır. Bu ehtiyacdan onları kimsə mən edəməz. Bilxassə ki, konfrecə şəxsiyyəti təyin olunmuş siyasi üzviyyətlər daha böyük bir əmniyyət və etibarla əqdi-ittifaq edər və həqiqətən də mütəqabil bir etibar üzərinə uyuşur, müştərək bir birlik vücuda gətirə bilərlər. Çünki o zaman ittifaqa girəcək hər bir üzviyyət kəndi vəziyyətini beynəlmiləl bir vəsiqə ilə əmin görəcəgindən kəndisini daha qüvvətli olan üzviyyətlərin təzyiqinə qarşı qüvvətsiz görmədigindən qərarlarında daha sərbəst, binaənileyh daha səmimi olur.
Türkiyə ilə əqd olunmuş mütarikənin məvadını tətbiq və Qafqasiya qitəsi üzərində təmini-asayiş etmək məqsədilə gələn müttəfiq ordularının komandanı müsyo Tomsonun son bəyannaməsi dəxi məsələnin bu zəmində həll olunacağını göstərməkdədir. Müsyo Tomson Qara dənizlə Bəhri-Xəzər arasında vaqe olan ərazinin son müqəddərati-siyasiyyəsi sülhi-ümumi konfransında həll olunacaqdır – diyor.
Millətlər kəndi müqəddəratlarını təyin eləmək səlahiyyətindədirlər, şüari-müqəddəsini yıldızlı bayrağının üstündə cəli xətlə yazmış olan Vilson həzrətlərinin müttəfiqi, bütün dünya hürriyyətpərvərləri tərəfindən tarixi-inqilabi bir kitabı-müqəddəs kibi oxunan Fransanın silah arkadaşı, əsas idarəsi muxtariyyət və hürriyyəti-əqaniminə istinad edən Britaniya ordusunun komandanı başqa dürlü hərəkət edəməzdi. Bu gün Qafqasiya ərazisi üzərində həqqi-həyat və həqqi-millilərindən bilaistifadə elani-istiqlal etmiş bulunan Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan ərazisi və mülkiyyətindən bəhs olunmuyorsa, bunun səbəbi bir dərəcəyə qədər bəllidir. Çünki bu yeni təşəkkül edən hökumətlər müttəfiqlər tərəfindən hələ tanınmamışdır. Fəqət bu tanınmamaq sülhi-ümumi konfransında da tanınmayacaqlarına, əlbəttə, dəlil olamaz. Fövqüzzikr bəyannamə bu kibi məsələlərin həllini ümumi sülh konfransına həvalə ediyor.
Sülh konfransındakı müvəffəqiyyətimiz isə kəndi idrakımıza, dərayətimizə, rəftar və səbatımıza bağlı bir məsələdir. Kəndi istiqlalımızı, qonşularımızın da istiqlalını, kəndi hürriyyətimizi, onların da hürriyyətini təqdir və təqdis edəlim. Bu vəqtə qədər tərəfinin işlədigi qəbahətləri unudalım, ermənilərlə, ruslarla, bütün vətəndaşlarımızla, gürcü qonşularımızla olan məsələlərimizi sülh və müsalimətlə bitirəlim. Adam əqilli Avropakarı bir idarə, bir məclis, bir hökumət təsis edəlim də haman Amerikaya, Avropaya adamlar göndərəlim, isbati-ləyaqət edəlim, deyəlim ki:
Çəkilən zəhmətlərimizin, tökülən qanlarımızın, yakılan xanimanlarımızın, axıdılan göz yaşlarımızın yalnız bir təsəllisi var: İstiqlal!
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 27 təşrini-sani (noyabr) 1918, №50
Qüyud – qeydlər
Cay – yerli
Məhud – öhdəyə götürülmüş
Cəli – aydın, uzaqdan da oxunan qalın və iri yazı
Əqanim – üç simada birləşmiş
Allah, əsillər
Dirayət – bilik, elm, məlumat
Nisf – yarı
Azərbaycan Məclisi-Məbusanı təsisi həqqində qanun
1- Azərbaycan parlamanı (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.
2- Azərbaycan parlamanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edər:
a- Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mövcibincə Mavərayi-Qafqas əhali-islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-Qafqas “Seym”ində əza sifətilə və bədə Azərbaycan Şurayi-Millisini təşkil eləmiş 44 zatdan;
b- Azərbaycan bələdiyyələri müsəlman əzası ilə əskidən mövcud bulunan milli müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;
p- Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan;
t- Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tüccar və ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvatdan;
3- Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:
a- Əhali-islamiyyə tərəfindən Bakı – 5, Göyçay uyezdi – 2 (biri şəhər, biri uyezd), Cavad – 2 (biri şəhər, biri uyezd), Quba – 3 (biri şəhər, ikisi uyezd), Lənkəran – 2 (biri şəhər, biri uyezd), Şamaxı – 2, Gəncə – 3 (biri şəhər, ikisi uyezd), Ərəş – 2, Cavanşir – 1, Zəngəzur – 2, Qazax – 1, Cəbrayıl – 1, Nuxa – 2 (biri şəhər, biri uyezd), Şuşa – 2 (biri şəhər, biri uyezd), Zaqatala – 2 (biri şəhər, biri mahal).
İrəvan vilayətinin Azərbaycana keçən hissəsi – 3, Tiflis vilayətinin Azərbaycana keçən hissəsi – 1.
Qeyd:
a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir. Digər şəhərlərdə dəxi şəhər hissəsinə düşən nümayəndəyi ümumi intixabla seçilmiş müsəlman qlasnıları seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqlardır.
b) Seçkilər gizli olacaq.
p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21 – 8-i Gəncə erməni əhali komitəsindən, 8-i Şuşa erməni əhali komitəsindən, 5-i də Bakı erməni komitəsindən.
Rus əhalisindən Bakıdakı rus Milli Şurasından – 10.
Alman əhalisi təşkilati-milliyyəsindən – 1.
Yəhudi Şurayi-Millisindən – 1.
Gürcü komitəsindən – 1.
Polyak komitəsindən – 1.
t) Bakı həmkarlar cəmiyyəti şurasından 3, Bakı Sovet syezd və ticarət sənaye cəmiyyətlərindən müştərəkən – 2
Qeyd: 1- Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nümayəndələrini köy obşestvo nümayəndələrinin ictimaində təyin edə bilərlər. Bu ictima hər obşestvodan birər nümayəndə göndərilmək surətilə hasil olur.
Qeyd: 2- Əhvali-fövqəladəyə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.
Qeyd: 3- Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa bir səbəblə məclisdən çıxarsa onun əvəzinə mənsub bulunduğu siyahının mürəttibi bulunan firqə müəssisatı tərəfindən başqa birisi təyin olunur.
Qeyd: 4- Cəlb olunacaq əşxasın intixabən şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar və ya onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və nəzarətilə icra olunur və intixab olunacaq zəvatə kəndi imzaları ilə keyfiyyəti intixabı müvəzzəh və müsəddiq etimadnamələr verilir.
Şurayi-Milli rəisi: Məhəmməd Əmin Rəsulzadə
Şurayi-Milli katibi: Rəhim Vəkilov
Surəti əslilə mütabiqdir.
Şurayi-Milli idarə müdiri: Məhəmməd Seyid
“Azərbaycan”, 28 təşrini-sani (noyabr) 1918, №51
Bütün Azərbaycan əhalisinə
Vətəndaşlar!
Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iqtizayi-zaman ilə təkrar Azərbaycan paytaxtı Bakıda toplandı. Şurayi-Millinin ən əvvəl qəbul elədigi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul elədigi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (parlaman) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan iləridə ümumi intixab üsuli ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeini mühafizə edəcəkdir.
Vətəndaşlar! Hərbi-ümumi axıra çatıyor. Millətlərin dördgözlə gözlədikləri sülhi-ümumi bayramının axşamındayız. Böylə səadətli bir günün ərəfəsində cahan tarixi hərbi-ümumi qədər böyük və mənidar inqilabların şahidi olmaqda, məhkum millətlər kəndi həqlərini qaytarmaq, istiqlal və hürriyyət naminə qiyam etməkdədirlər.
Beşinci sənəyə varan o şeytani qitali-əqvam nəhayət, “Cəmiyyəti-Əqvam” kibi rəhmani bir nəticəyə gəliyor.
Bu gün yalnız məğlubların degil, qaliblərin də şüarı – millətlər öz müqəddəratlarını təyin eləmək həqqinə malikdirlər – düsturundan ibarətdir. Vicdani-bəşərin milyonlarca insan qanı bahasına qazanmış olduğu “Cəmiyyəti-Əqvam” fikri boş bir söz olmayıb, şübhəsiz ki, bir mənayə malik olacaqdır.
Bizi təxribkar qüvvətlərdən, məhvedici anarşidən, hərcümərcdən qurtarmaq üçün öz dəvətimizlə gələn türklər vəzifəyi-xilaskaranələrini ifa edərək bu gün mövqelərini müttəfiq əskərlərə təslim etmişlərdir. Qafqasiya ərazisi üzərində asayişi təmin eləmək üçün gələn bu yeni qüvvət millətlərin müqəddəratını təyin edib də istədikləri kibi yaşamaq əzminə mane bir qüvvət degildir. “Cəmiyyəti-Əqvam” fikrinin ələmdarı bulunan Rəisi-Cümhur Vilson bu zümrəyə mənsubdur. Paytaxtımızda müsafir bulunan müttəfiq əskərlərinin komandanı müsyo Tomson Qafqasiyaya aid məsələlərin sülhi-ümumi konfransında həll olunacağını rəsmən bəyan etmişlərdir.
Əvət, vətəndaşlar, Azərbaycanın müqəddəs həqqi-istiqlalı heç bir millət tərəfindən inkar edilmiyor. Biləks hüsni-təvəccöh və qəbul görməkdədir. İnanalım millətimizin istiqlalına, inanalım Azərbaycanın səadətinə!
Dünya müharibəsinin sükut bulmaqda olan təlatümlü əmani-mavərasından millətlərin hürriyyət və səadət günəşi möhtəşəm bir surətdə tülu ediyor. Millətlər üzərlərindəki əski həyat və istibdad qüyud və zəncirlərini ataraq yeni bir həyat və istiqlala hazırlanıyorlar.
Vətəndaşlar! Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı tərk edəlim, müqəddərati-tarixiyyə həpimizi bir yerdə yaşamaq məcburiyyətində bulunduruyor. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək və müşkül mənzillərini rahatlıqla keçmək və yeni həyata ləyaqət qazanmaq üçün yaşayışımızı məqul və insani əsaslar üzərinə quralım, yekdigərimizi sevəlim, biri-birimizə ehtiram edəlim!
Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı və yardım etməlidirlər.
Bu xüsusda ən böyük məsuliyyət və ən ağır vəzifə bittəbii Azərbaycanın türklərinə, müsəlman cəmaətinə düşəcəkdir. Onlar bu topraq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha ziyadə fədakar və daha ziyadə mütəhəmmil bulunmalıdırlar.
Əvət, vətəndaşlar, zamanın əhəmiyyətini dərk edəlim, hər millətin həqqini təslim edəcək sülhi-ümumi konfransı uzaq degildir. O zamana qədər vətənimizi iğtişaşdan qoruyalım. Azərbaycan Məclisi-Məbusanını təsis, hökumətini yenidən təşkil edəlim və var qüvvət və mücahidəmizlə sülhi-ümumi məclisinə hazırlaşalım.
Yaşasın Azərbaycan Məclisi-Məbusanı!
Yaşasın Azərbaycan Cümhuriyyəti
Yaşasın Cəmiyyəti-Əqvam!
Şurayi-Milli naminə rəis
Məhəmməd Əmin Rəsulzadə
“Azərbaycan”, 29 təşrini-sani (noyabr) 1918, №52
Əma – karlıq, məcazi mən. nadanlıq
Mütəhəmmil – dözən, davam gətirən
Qüyud – əsarət
“Samoopredeleniye”
(Samoopredelenie)
İctimaiyatçılardan birisi: “Lisan daima insanları aldatan bir şeydir. Bir kəlməyi müxtəlif ağızlardan eşitdiginiz zaman həpsinin bu kəlmədən eyni mənayi murad etdigini zənn etməyiniz” diyor.
Bu qaidə sanki rusca “samoopredeleniye” kəlməsi həqqində vəz edilmişdir. Hər ağızda bir dürlü mənaya malik olan və bu vəqtə qədər mənayi-əslisi əqilli-başlı təyin olunmayan bir kəlmə varsa, o da şu yuxarıya yazdığımız rusca “samoopredeleniye” kəlməsidir.
Rusca olan bu kəlmənin yalnız türkcəyə degil, sairə Avropa dillərinə də aydın və bir kəlmə ilə vazeh tərcüməsi yoxdur. Bu kəlməyi sairə dillərə tərcümə etmək istərkən bir cümlə işlətmək lazım gəliyor. Bizim qəzetələr bunu “kəndi müqəddəratını təyin etmək” şəklində tərcümə ediyorlar. Fransızca da təqribən böylə bir cümlə ilə tərcümə olunuyor. Yalnız lüğəvi mənası degil, bu kəlmənin ifadə elədigi siyasi məfhumu dəxi müşkülatla təyin olunuyor. Ruscadan başqa bir dilə degil, ruscanın özündə belə bu kəlmənin mənası bir degildir. Son zamanlarda hər hanki inqilab və siyasət istilahından ən məruf və məşhuru olan bu rusca kəlmənin müxtəlif rus partiləri nəzdində müxtəlif mənası vardır. Hər parti bu kəlməyə özünün təhəmmül edə bildigi bir mənayı verməkdədir. Bolşeviklərdən tutaraq “Kadet” firqəsinə qədər hər parti “samoopredeleniye”yi işlədiyor və son zamanlarda hər kəs onu əsas etibarilə qəbul ediyor. Fəqət bununla bərabər rus firqələrindən heç biri bu kəlməyə “samoopredelist” olacaq millətlərin anladığı və arzu elədigi mənayı vermiyor.
Zahiri bəlli, fəqət batini bu qədər ixtilaflı olan bu kəlməyi iyi anlamaq üçün bunun nə surətlə Rusiya siyasi istilahları içinə soxulduğunu ögrənəlim:
“Samoopredeleniye” formulu Rusiya firqələrindən “Sosial-demokratiya” tərəfindən yaxın bir zamanda qəbul edilmişdir. Rusiya sosial-demokratiyasının ömrü yarım əsr qədər bir tarixə malik ikən bu kəlmənin siyasət aləmindəki müddəti-həyatı on sənəyi ancaq bulmaqdadır.
Məlum olduğu üzrə sosial-demokratiya ideal etibarı ilə milliyyət fövqündə və mərkəziyyətçi bir firqədir. Onun şüarı “Cümlə cahan füqərayi-kasibəsini” müttəhid qılmaqdır.
Bu ittihad dəxi onlarca, sinif mübarizəsinin artması və şiddət eləməsi nəticəsində hasil ola bilər. Sinif mübarizəsi onlarca əsasdır. Və bu mübarizəyi qaranlıqda buraxan hər ictimai cərəyan onlarca, manei-tərəqqi və irticai bir cərəyandır. Bu nöqteyi-nəzərdən milliyyətpərvərlik onlarca qeyri-qail təhəmmüldür. Milliyyət hər nə qədər təhəmmül olunur bir hadisə isə də, tərvic və təşviq olunur bir amal olamaz.
Nəzəriyyə etibarilə milliyyət qəziyyəsinə böylə baxmaqla bərabər həyat sosial-demokratları da milliyyət məsələsinə bir surəti-həll vermək məcburiyyəti qarşısında bulundurdu. Milliyyət məsələsi, millətin dili, dini, yazısı, mədəniyyəti, kəndi həqq və həyatını təmin etmək istiyordu. Əmələ və demokrasi dəxi bu təminat tələbindən fariğ olamıyordu. Sosial-demokratiya hər nə qədər milli məktəb, dil və din hürriyyətini digər siyasi hüquq və hürriyyətlərlə bərabər tələb etmək surətilə milliyyət məsələsini yumşaltmaq istiyor idisə də, milliyyət bununla qənaət etmiyor, daha ziyadə təminat tələb ediyordu. Bu təminatı vermədikcə sosial-demokratiya məhkum millətlərin təvəccöh və müavinətini səmimi bir surətdə qazana bilmiyordu. Sosial-demokratiya burada bir taktik hərəkəti işləməli idi. Bu kibi “tədbir”ə o, ilk dəfə müraciət etmiyordu. Ərazi məsələsində əsl nəzəriyyə və əsasatına rəğmən güzəşt edərək Rusiya həyati-xüsusiyyəsinə tətbiqlə proqramına ərazi maddələri əlavə etmiş olan bu firqə milliyyət məsələsini də “samoopredeleniye” kəlməsi ilə həll ediyor: “Milli samoopredeleniye həqqi” – deyə proqramına bir maddə əlavə ediyordu.
Nə qədər ki, siyasi cərəyanlar inkişaf etməmiş, nə qədər ki, milliyyət kəndi mətləbini eninə-boyuna ərz etmək imkanını hasil etməmişdi, nə qədər ki, millətlər ana lisanı ilə tədris etmək həqqini qazanmağı kəndiləri üçün bir neməti-üzma kibi tələqqi ediyorlardı, o zamanlarda millətin kəndi həqqini təyin etmək həqqində olmasını qayət mübhəm olsa da təslim edən bu maddədən xoşlanacaqları təbii idi.
Milləti-hakiməyə mənsub olan sosial-demokratlara gəlincə, onlar madam ki, böylə mühüm bir kəlmə ilə çarizmə qarşı ifa elədikləri mübarizədə bütün miləli-məhkumənin təvəccöhi qazanılır, varsın proqramda bu maddə də olsun – deyə düşünür. Fəqət bu maddənin nə kibi bir mənayi ifadə elədigi bir o qədər də aranmıyordu.
Nəzəriyyat etibarı ilə daha fərdçi (individualist) olan sosialist-revolyusionerlər isə “samoopredeleniye” məsələsində bir az daha iləri gedərək Rusiyanın “federasyon” muxtariyyətlər əsası üzərinə idarə olunmasını tələb ediyorlardı. Gərçi bu federasyon milliyyətdən ziyadə vilayət ərazi üzərinə istinad ediyordu.
Milli sosialist və federalist firqələr necə isə “samoopredeleniye”nin mənası tamamilə başqa idi. Onlarca milliyyət bir cameədir. Millətin hüquqi-şəxsiyyəsi vardır. Fərdlər millət vasitəsilə dövlətə mərbut olmalı. Binaənileyh Rusiya millətlərin rizası ilə bir hökuməti-müttəfiqə halında təşəkkül etməli idi.
Qurnaz bolşeviklər hökuməti zəbt edə bilmək üçün yalnız aşağı siniflərin xoşuna gedəcək şüarlar degil, məhkum millətləri dəxi cəlb edəcək sözlər söylədilər.
Hər millət istərsə Rusiya ilə bərabər qalır, istərsə muxtariyyət alır, istərsə tamamilə ayrılır – dedilər. “Samoopredeleniye”yə bu qədər geniş bir məna verdilər. Gərçi məqsədlərinə irdikdən sonra bəyannamələrini geri alıb sair hürriyyətləri zəbəri-pay qəhrlərində çardan daha şiddətli tədbirlərlə qəhr etdikləri kibi, millətlərin bu həqqini də qanlı təcavüzlərilə inkar etdilər.
Kadetlər hər nə qədər zamanın iqtizası ilə bu gün daxili muxtariyyət sözünü dillərinin ucuna gətiriyorlarsa da, bu ancaq dillərinin ucundadır. Qəlblərində isə yenə haman “starı dum”un “dövlət dili” həqqində gürcü şurasına yazdığı məktubda işlətdigi amirlik vəziyyəti vardır.
Rusiya menşevikləri də “yedinstvo” halına gəldilər ki, bu məsələdə haman kadetlərə taydırlar. Sosialist-revolyusionerlərin fikri isə başının həşirinə qalmış bütün millətləri müttəfiqlərin zor ilə təkrar bir araya toplayıb nə olduğu anlaşılmayan Ufaya bağlamaqdır.
Bu firqələrdən heç birisi “Rusiya millətlərinin təyini-müqəddəratı ümumi sülh konfransında həll və təyin olunsun” formuluna yanaşmıyorlar. Onlar millətlərin hesabına baxacaq “bu məhkəməyi-kəbirə”yə getmək istəmiyorlar. Burada icrayə təsir edəcək ruhi-hürriyyət və hakim bulunacaq vicdani-bəşəriyyətdən qorxuyorlar. Qorxuyorlar ki, dünyada uzun bir sülh və səlah dövrəsini təsis üçün çağrılan bu məclis “samoopredeleniye” kəlməsini rus firqələri kibi hər yana çəkilər “çək uzandı” halından çıxarıb həqiqi və sərih bir mənayi-istiqlal ifadə edər formul şəklinə qoyar.
Fəqət bu qorxuyu bən qətiyyən anlamam. Rusiyayı müttəfiqlərə istinadən onların müavinətinə güvənərək toplamaq istəyən adamlar, nədən eyni müttəfiqlərin hakim və nafiz bulunacağı bir sülh məhkəməsindən qorxuyorlar.
Neçün qorxuyorlar?
Əcəba, “samoopredeleniye” təbirindəki mənanın mübhəm olduğu üçünmü?...
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 1 qanuni-əvvəl (dekabr) 1918, №53
Murad – xahiş, istək, məqsəd
Vəz – icad, təsis
Amil – səbəb
Qəziyyə – məsələ, hadisə
Nafiz – nüfuzlu
Fariğ – vaz keçmiş
Mübhəm – aydın olmayan,
qeyri-müəyyən
Zəbəri-pay – alt-üst
Qəhr – cəbr etmə, zorlama
Azərbaycan Məclisi-Məbusanında
Bu gün 7 qanuni-əvvəl: illər ilə intizarını çəkdigimiz tarixi bayram günü. Hələ səhər tezdən evdən çıxarkən şəhərdə başqa bir halət, başqa bir ruh görüyorsan; bu gün sair günlərə bənzəməz! Bu gün bazar-dükan bağlıdır; bu gün məktəblərdə çocuqlar dərsdən azad edilmişlərdir; bu gün ümum müəssisələr bayram ediyorlar: Azərbaycanın tarixi bayramı; Birinci Məclisi-Məbusanın güşadı bayramı!
Küçələrdə, evlərdə hamı biri-birini təbrik ediyor. Hamı şad, hamı məsrurdur.
Səhərdən şəhər küçələrində zirehli avtomobillər görülüyorlar; hələ saət 9-dan qabaq bütün dükanlarını bağlamış, bayram etmiş olan türk-islamlar parlaman binası – fəqət o sevgili möhtəşəm müəzzəm “İsmailiyyə” degil, ünas məktəbi olan bina – qabağında yüzlər, bəlkə minlər ilə toplaşıb danışıyor, hər kəs öz dairəsində, öz “əqli kəsdigi” kibi övzai-siyasiyyədən istiqbal və istiqlaldan, hürriyyət və istibdaddan bəhs, mübahisə ediyor. Cəmaətdə bir qaynaşma var.
(Ardı var)