Ayların ən müqəddəsi, on bir ayın sultanı Ramazan başlayıb. Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəylinin bu ayın özəlliyi barədə fikirlərini öyrəndik.
Mübarək Ramazan ayının özünün bütün xüsusiyyətləri ilə digər aylardan fərqləndiyini deyən S.C.Əzimbəyli həm oruc hökmünün verilməsinin, həm də Quranın nazil olmasının bu aya təsadüf etdiyini xüsusi vurğuladı:
«Müqəddəs Ramazan maddi və mənəvi nemətlərin şükrünü yerinə yetirmək ayıdır. İlin bütün aylarında olduğu kimi, bu ayda da Allah bizdən ona saf niyyətlə bəndəlik etməyi, başqalarına diqqət yetirməyimizi istəyir. Bu ayda ibadət və xeyirxahlığa xüsusi yer ayrılır. Xüsusi yer ayrıldığı üçün də daha çox savab işlərə üstünlük verilir. Bu ayda gün ərzində ac-susuz qalmaqla Allah-Təala yoxsulların keçirdikləri hissləri yaşamağı bizlərə əmr edir. Bu səbəbdən ağlı başında olan və yetkinlik yaşına çatan hər bir müsəlman oruc tutmalıdır. Orucun ərəbcə qarşılığı olan savm və siyam hər bir müsəlmanın sabah azanından axşam azanınadək orucu pozan şeylərdən uzaq durması deməkdir. Allahın vacib hökmü olan orucun insan üçün bir çox maddi, mənəvi faydası var. Hər şeydən öncə oruc Allah qarşısında bir itaət və qulluq vəzifəsidir. Bu vəzifəni yerinə yetirən hər kəs Allah qarşısında heç bir şərt gözləmədən mütləq savaba və mükafata çatmış olur. Sevgili peyğəmbərimiz buyurur ki, bu ayda şeytanlar zəncirdədir. Bu fürsətdən yararlanaraq Allahdan istəyimiz dualarımızın ən əsası dövlətimizin bütövlüyü, işğal altında qalan Qarabağımızın azad olunmasıdır. Allah-Təala buyurur ki, oruc mənim üçün tutulur və onun mükafatını da özüm verəcəm. Bu ayda bütün günahlar bağışlanır, Allahdan dilənən bütün istəklər yerinə yetirilir. Bu ay rəhmət, bağışlanma, küsülülərin bir-biri ilə barışması, zənginlərlə fəqirlərin qucaqlaşması ayıdır. Bu ayda oruc tutmayan zəngin soydaşlarımız da fəqir və yoxsulları, imkansızları, on minlərlə şəhid ailələrini ziyarət edib, onların qəlbini sevindirməklə Allahdan özlərinin əfvini diləyə bilərlər. Bu ay həm də bir sosial yardımlaşma ayıdır. Allah bu fürsəti bizə verib, onu dəyərləndirmək isə bizim içimizdəki sevgidən keçir. Bu isə növbəti ramazana çıxmaq üçün bir vəsilə olar. Bu ayda bolluca tövbə etməli, Allah qarşısında yol verdiyimiz səhvlərimizin bağışlanılmasını, özümüzə, dövlətimizə, millətimizə işğal altında qalan müqəddəs ziyarətgahlarımızın ziyarətinə səbəb ola biləcək irs-namusumuz olan Qarabağın azadlığı üçün birlik, güc diləməliyik. Ramazan ayının son günü ehtiyacı olanlara fitrə zəkatı verilir, bayram namazı qılınır ki, bu da həmrəyliyin bariz nümunəsidir. Allah oruc və namazlarımızı qəbul eləsin! Amin!»
Mənbə: yeniufuq.org