“Artıq bu məsələ ilə ciddi məşğul olmaq zamanı çatıb”
Tanınmış bəstəkarımız Gövhər Həsənzadənin bəstəsi olan, Elnarənin repertuarında səslənən məşhur “Pəncərəndə” mahnısını bu dəfə Dağıstanın gənc müğənnisi Samira ifa edib. Müğənni mahnını rus dilində, “Polovinki” adı altında oxuyub.
Bu barədə “Qafqazinfo”ya açıqlama verən xanım Həsənzadə mahnısının oğurlanması barədə fikirlərini belə şərh edib: “Bu ilk deyil. Bundan öncə də tacik müğənnisi mənim “Bir gecəlik” mahnımı anonim kimi oxumuşdu. Çox təssüf edirəm ki, əksər hallarda ifa olunan mahnıların çoxu anonim kimi təqdim olunur. Bu təkcə mənim deyil, bir çox bəstəkarların ağrılı yeridir. Müəllif hüququnun kobud şəkildə pozulmasıdır. Təbii ki, hər bəstəkar istər ki, onun mahnısı vətənindən uzaqlarda da səslənsin. Mən də həmçinin sevinirəm ki, mahnımı digər xalqın nümayəndələri də bəyənir. Müəllif hüquqları pozulmadan istənilən ölkənin müğənnisi mahnımı oxuya bilər. Yəqin ki, artıq bu məsələ ilə ciddi məşğul olmaq zamanı çatıb”.