Dünən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib.
Tədbirdə xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Nürəddin Mehdixanlı, əməkdar artist Bəhram Bağırzadə, əvvəlki illərdə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən, hazırda isə ölkəmizin müxtəlif bölgələrində çalışan gənc müəllimlər iştirak edib.
Bildirilib ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Qonaqlar Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən imtahanın gedişini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub və proseslə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev müəllimlərin işə qəbulunun imtahanla keçirilməsini yüksək qiymətləndirib, müəllim peşəsinin nüfuzunun artmasında müstəsna rol oynadığını bildirib. Xalq yazıçısı kompüter əsaslı imtahan prosesinin təşkilini XXI əsrin müəlliminin seçilməsində doğru yol olduğunu qeyd edib.
Digər çıxış edənlər bu cür imtahanların şəffaf keçirilməsini gələcəkdə güclü təhsil sisteminin formalaşmasına xidmət edən vacib proses kimi qiymətləndiriblər.
Qeyd edək ki, iyulun 25-də start verilən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanlarında 3520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək. İmtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
S.QARAYEVA