|
|
|
|
Azərbaycanda ilk Ukrayna mahnısı müsabiqəsi təşkil olunub.
"Bakıda Ukrayna müsamirələri - 2018" adlı tədbirin təşkilatçısı olan Ukraynanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Y.Osadçenkonun rəhbərliyi ilə Azərbaycanda Ukrayna Konqresi və T.Musayevanın başçılığı ilə Sumqayıt şəhərindəki İ.Franko adına Ukrayna icması müsabiqənin keçirilməsinə dəstək veriblər.
"Qolos stranı" televiziya müsabiqəsinin 8-ci mövsümünün qalibi Alyona Lutsenko müsabiqənin xüsusi qonağı və münsiflər heyətinin üzvü olub. O, müsabiqədə "Ukrayna üzərində" mahnısını da ifa edib.
Münsiflər heyətinə Ukraynanın Əməkdar artisti, "Yarkie deti Ukraini" televiziya layihəsinin bədii rəhbəri, müxtəlif illərdə "Qolos stranı", "SƏS Azərbaycan", "Qolos. Deti" (Ukrayna), "Qış", "Eurovision Azerbaijan" layihələrinin vokal rəhbəri olmuş Rimma Şapovalova sədrlik edib. Azərbaycanın Əməkdar mədəniyyət işçisi, "Qış" beynəlxalq festivalının bədii rəhbəri, televiziya rejissoru və klipmeyker Ülviyyə Könül də münsiflər arasında olub.
Müsabiqə üç kateqoriya - 6-11, 12-14 və 15-20 yaş qrupları üzrə keçirilib.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko müsabiqə iştirakçılarına və qonaqlara müraciətində qeyd edib ki, onun ölkəsinin bu gün yaşadığı ağır sınaqlara baxmayaraq, Ukrayna xalqının əzmkarlığı sarsılmır. Bu xalq həmişə öz dili, mədəniyyəti, etiqadı, ənənələri və torpağının ətrafında birləşə bilib. Xalq mahnısı hər bir ukraynalının qəlbində xüsusi yer tutur. Xarici ölkələrdə də bu mahnılar ukraynalıları tərk etmir. "Bakıda Ukrayna müsamirələri - 2018" müsabiqəsi bunun parlaq nümunəsidir.
Müsabiqəni sumqayıtlı qonaqlar - Vüqar Cəfərovun rəhbərliliyi altında "Xəzər" mahnı-rəqs ansamblının üzvləri açıblar. Onların ifasında Ukraynanın "Qopak" rəqsi təqdim olunub. Bu artistlərin səhnəyə çıxdıqları Ukrayna milli geyimlərini isə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov hədiyyə edib.
Hər üç yaş qrupundan olan qaliblərə müsabiqənin rəmzi - skripka açarı, həmçinin sertifikatlar və Ukraynanın Truskavets şəhərinin meri A.Kulçinskinin köməyi ilə bu şəhərin sanatoriyalarına pulsuz istirahət təqdim edilib.
Bundan başqa, bütün diplomantlar və iştirakçılara Ukrayna qənnadı fabriklərinin məhsulları paylanılıb. Bu məhsullar səfirliyə Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin sədri R.Tağıyev tərəfindən təqdim olunub.
Müsabiqədə 12-14 yaş qrupunda İzzət Mirzəxanova, 15-20 yaş kateqoriyasında isə Kamilla İmanova qələbə qazanıblar.
Münsiflər heyəti ən gənc iştirakçı - yeddi yaşlı Əhməd Əlizadəyə də xüsusi mükafat təqdim edib.
Müsabiqə münsiflərin və iştirakçıların "Çervona Ruta" mahnısını birgə ifa etməsi ilə başa çatıb.