|
|
|
|
Azərbaycan, paytaxt Bakının ev sahibliyi etdiyi UEFA Avropa Liqasının 2018/2019-cu illər mövsümünün final oyunu uğurla tamamlandı.
Mayın 29-da Bakı Olimpiya Stadionunda qarşılaşan İngiltərənin "Çelsi" (London) və "Arsenal" (London) klubları turnirin əsas mükafatını kimin Londona aparacağını müəyyənləşdirdi. Birincilər “topçular”ı 4:1 hesabı ilə məğlub edərək Avropa Liqasının kubokuna sahibləndilər.
Stadiona toplaşan 60 mindən çox azarkeşə, ekran qarşısında əyləşən 1 milyarddan çox futbol həvəskarına ingilis klublarının nümayiş etdirdiyi möhtəşəm oyun, eləcə də açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili, yerli sakinlərin, xarici turistlərin təhlükəsiz və rahat hərəkəti üçün yaradılan şərait final qarşılaşmasının Bakıda keçirilməsinə ağız büzən bəzi xarici dairələrin, o cümlədən, Britaniya mətbuatının əks-təbliğatını sıradan çıxardı. Demək olar ki, bu cür neqativ məlumatlar yaddaşlardan tamamilə silindi. Bunun nəticəsidir ki, dünya mediası "Çelsi"nin parlaq qələbəsindən ağız dolusu danışmaqla bərabər, Azərbaycanın hazırlıq prosesini yüksək səviyyədə həyata keçirməsini, peşəkar təşkilatçılığını qeyd və etiraf etməli oldu.
Rusiyanın "News.ru" saytında "Çelsi" - "Arsenal": Britaniya mediası final oyununu niyə uduzdu?" sərlövhəli məqalə yerləşdirilib. Bildirilib ki, böyük qarşılaşma ərəfəsində Azərbaycanla bağlı neqativ, həqiqətə uyğun olmayan məlumatlar tirajlayan Britaniya mətbuatı yüksək təşkilatçılıq qarşısında məğlub vəziyyətə düşdü. Bakı möhtəşəm final oyunu ilə futbol tarixində növbəti parlaq səhifə yaratdı.
"Mk.ru" (Moskovskiy Komsomolets) saytı isə İngiltərənin "Liverpul" klubunun alman baş məşqçisi Yurgen Kloppun final ərəfəsində mətbuata verdiyi açıqlamaya diqqəti yönəldib. "Final Bakıdadı - bu gülməlidi": Yurgen Klopp nədə səhvdi?" sərlövhəli məqalədə müəllif Aleksey Lebedev qeyd edib ki, hazırda Klopp onun ən çox rəğbət bəslədiyi baş məşqçi olsa da, Avropa Liqasının final oyunun Bakıda keçirilməsinin əleyhinə səsləndirdiyi fikirlərdə haqsızdır. Müəllif hesab edir ki, Y.Klopp bu cür mövqedə olmaqla uzaq şərqi Avropa ölkələrin futbol ictimaiyyətinə qarşı hörmətsizlik göstərir. A.Lebedev vaxtilə Rusiyanın MOİK (Moskva), "Zenit" (Sankt-Peterburq), Ukraynanın "Şaxtyor" (Donetsk), "Dnepr" (Dnepropetrovsk) klublarının da öz azərkeşləri ilə bərabər həmin turnirdə final oyunu oynamaq üçün uzun yol qət etdiyini xatırladıb. Həmçinin, futbol üzrə Dünya Çempionatının müxtəlif qitələrdə keçirildiyini qeyd edən müəllif o zaman uzun yol qət etməyin, təyyarə bileti, otel xərclərinin yada düşmədiyini qeyd etməklə Kloppu dürüstlüyə dəvət edib.
Nəticə etibarilə mötəbər yarış ərəfəsində bu və ya digər xarici dairələrin Azərbaycan əleyhinə başlatdığı kampaniya, hər iki klub azarkeşlərinin ölkəmizə səfərinə mane olmaq cəhdləri, hətta guya onların Bakıda terrorla üzləşə biləcəkləri ilə bağlı həqiqətə uyğun olmayan çağırışlar tamamilə iflasa uğradı, bu cür ənənəvi kampaniyaların təxribat xarakteri daşıdığı bir daha təsdiqləndi.
2012-ci ildə "Avroziya" musiqi yarışması, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-cı ildə İslam Hərməyliyi Oyunları, eləcə də ölkəmizin evsahibliyi etdiyi digər beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində eyni mövqe nümayiş etdirən dairələr bu dəfə də oxşar addımlar atsalar da, əvvəlki yarışları yüksək səviyyədə tamamlayan Azərbaycan göstərilən etimadı yenə doğrultdu. Məhz UEFA İcraiyyə Komitəsi Azərbaycanın idman yarışlarını yüksək peşəkarlıqla keçirmək təcrübəsinə əsaslanaraq, ölkəmizdə terror riskinin ən aşağı səviyyədə olduğunu nəzərə alaraq 2017-ci ilin sentyabrın 20-də final qarşılaşmasının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. 2017-ci ilin sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Roma", noyabr 22-də "Qarabağ" - "Çelsi", 2018-ci ilin oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Arsenal" və digər beynəlxalq əhəmiyyətli qarşılaşmalara uğurla ev sahibliyi edən Azərbaycan Avropa Liqasının final oyununu da yüksək səviyyədə təşkil etməklə Avropanın ali futbol qurumunun bu qərarında yanılmadığını, paytaxtımızın böyük turnirlər üçün ən ideal məkanlardan biri olduğunu növbəti dəfə sübut etdi.
C.ABASOV