|
|
|
|
Fevralın 13-də ABŞ Dövlət Departamentində Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo və Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Faysal bin Fərhan əl-Səud arasında görüş keçirilib.
AZƏRTAC “Əl-Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, bu, son üç ay ərzində iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin sayca ikinci görüşüdür. Səudiyyəli nazir ötən ilin noyabrında Vaşinqtonda keçirilən İŞİD-ə qarşı qlobal koalisiyanın Xarici İşlər nazirlərinin iclası zamanı da amerikalı həmkarı ilə müzakirələr aparmışdı.
Mayk Pompeo görüşdən sonra özünün Tweeter səhifəsində qeyd edib: “Biz Yəməndə gərginliyin artması, Yaxın Şərqdə vəziyyət, İranla bağlı müzakirələr apardıq. Bu regional məsələlər ətrafında Faysal bin Fərhanla fikir mübadiləsi aparmaqdan çox məmnunam”.