|
|
|
|
Ermənistanın yeni hərbi təxribatına qarşı Azərbaycan ordusunun başlatdığı əks-hücumla bağlı obyektiv, ədalətli mövqelərlə yanaşı, qeyri-obyektiv, ədalətsiz münasibətlərin də şahidi olmaqdayıq.
Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə və ərazi bütövlüyünü təmin etmək hüququ çərçivəsində həyata keçirdiyi hərbi əməliyyatlara qarşı qeyri-obyektiv, ədalətsiz mövqe tutanların arasında Fransa prezidenti Emmanuel Makron və bir qrup fransız siyasətçinin fəaliyyəti xüsusilə diqqəti çəkir. Sentyabrın 27-dən sonra Makron özünü Avropanın ən böyük və qədim tarixə malik dövlətlərindən biri olan Fransanın prezidenti kimi deyil, Ermənistan baş nazirinin xüsusi nümayəndəsi kimi aparır. Çox təəssüf ki, təcəvüzkar Ermənistana cəfakeşlik edənlər arasında Makron tək deyil. Fransanın sabiq prezidenti Fransua Olland da Ermənistanın müdafiəsinə qalxıb. Bundan başqa, aralarında parlamentin deputatı Səid Axamad, Parisin meri Ann Hidalqo, Marsel şəhərinin meri, assuriya əsilli Patrik Haddad olmaqla 173 fransız siyasətçi prezident Emmanuel Makrona müraciət edərək Azərbaycana qarşı siyasətin dəyişilməsini tələb ediblər. Çox maraqlıdır ki, illərdir, Fransa açıq-aydın ermənipərəst mövqeyi ilə Avropa dövlətləri arasında xüsusilə ilə fərqlənsə də, bu 173 nəfər siyasətçi Parisin Qarabağ münaqişəsinə yanaşmasını bitərəf mövqe sayır və artıq bu mövqedən geri çəkilməyi tələb edirlər. Bütün bunlar onu göstərir ki, Fransanın bundan sonra ATƏT-in Minsk qrupunun həmsədri olaraq qalması mümkün deyil. Azərbaycan diplomatiyası Fransanın başqa bir dövlətlə əvəzlənməsinə nail olmaq üçün fəal fəaliyyətə başlamalıdır.
Fransanın hazırkı və keçmiş prezidentlərinin, çoxsaylı siyasətçilərinin ermənipərəst mövqeyi antiazərbaycan mahiyyətli olduğu üçün bu, azərbaycanlıların qəlbini dərindən yaralayır. Tarixdən məlumdur ki, Hitler Almaniyasının işğalına qarşı Fransanın Müqavimət Hərəkatına Azərbaycan və azərbaycanlıların Ermənistan və ermənilərdən çox yardımı olması çox yaxın tarixin gerçəkliyidir. Bu gün ermənipərəst və antiazərbaycan mövqeyi tutan fransız siyasətçilər Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatındakı müstəsna xidmətlərindən xəbərsiz ola bilərlər, amma bu, onların bu qəhrəman insanın mənsub olduğu xalq qarşısında borclu olmadıqları anlamına gəlmir.
Belə görünür ki, fransız siyasətçilər tarixlərinin ən məşəqqətli dövründə Azərbaycanın yardımını unutduqları kimi, çox yaxın zamanlarda da Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələri də unudublar. Parisin Azərbaycana yönəlik siyasətinin dəyişməsini istəyən 173 siyasətçinin arasında Orn departamentinin təmsilçisinin olub-olmadığı çox maraqlıdır. Çünki Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasında yaxından iştirak etdiyini bilən vicdan sahibi antiazərbaycan mövqeyinin nankorluqdan başqa bir şey olmadığını bilərdi. Üstəlik, Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasının Heydər Əliyev Fondu tərəfindən Fransada həyata keçirilən ilk və son layihə olmadığını da nəzərə alanda, fransız siysətçilərin anti-azərbaycan mövqeyinin nankorluqdan başqa bir şey olmadığı gün kimi aydın olur.
Antiazərbaycan mövqeli fransız siyasətçilərin xristian həmrəyliyi məsələsini ortaya atmaları isə daha utancvericidir. Xristian həmrəyliyini əsas gətirib Parisin Azərbaycana qarşı siyasətinin dəyişməsini tələb edənlərin çağdaş dövrün təmsilçiləri olması inanılmazdır. Çünki din təəssübkeşliyinin ədalət və hüquqdan üstün olduğu dövr çox uzaq keçmişdə qalıb. İndi fransız siyasətçilərin özlərini bir neçə əsr öncənin din təəssübkeşləri kimi aparması heç şübhəsiz, bir gün Fransa üçün utancverici tarixi səhifə olacaq.
Çağdaşlıqla tam əks mövqedə olan fransız siyasətçilərin Azərbaycan qarşısındakı borclarını unutduqları kimi, bəşəriyyətə bəxş etdikləri dahi yazıçı və fikir adamı Viktor Hüqonun fəlsəfəsini də unudublar. Viktor Hüqo yazırdı ki, bir millətin böyüklüyü əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi olan insanlarının sayı ilə müəyyən olur. Heç bir əsas olmadan fransız siyasətçilərin antiazərbaycan mövqeyi tutması bu xalqın fəzilət və ağıl sahibi olan insanlardan məhrum olmasını, yəni böyüklüyünü itirdiyini göstərir. Böyüklüyünü itirən xalqın dövləti, ATƏT-in Minsk qrupunun həmsədri olmaq üçün mənəvi haqqını itirdiyi kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq üçün də mənəvi haqqını itirib.