|
|
|
|

professor, fəlsəfə elmləri doktoru
Ukraynada vətəndaş müharibəsinin başlanması üçün millətçi-şovinist mövqeli qruplaşmalar Qərbin aktiv köməkliyi ilə hazırlıq aparırlar. Faşistlərin qulluğunda olan keçmiş benderçilərin nəsli babalarının "iş"ini davam etdirmək üçün bütün qüvvələrini səfərbər ediblər. Görünür, bu olaylar qansız sona çatmayacaq. Təəssüf ki, dost ölkə olan Ukrayna xalqları İkinci Dünya müharibəsinin faciəsini yenidən yaşamaq ərəfəsindədirlər.
Millətçiliyin xarakter və idarə olunma formalarının tədqiqi göstərir ki, o, getdikcə inkişaf edir, daha geniş vüsət alır, insanların qəlbində başqa xalqlara, millətlərə və onlara xidmət göstərməkdən imtina edənlərə qarşı formalaşan ədavət, kin və nifrət kimi qeyri-insani hissləri bir qədər də qüvvətlənir. Əslində millətçiliyin bu qatı formasını ölüm daşıyıcısı adlandırırlar, onları yalnız qan tökmək, hakim, yalnız ağa olmaq istəyi qane edir.
Azərbaycanlılar qatı millətçiliyin nə olduğunu yaxşı anlayırlar. 1905, 1918, 1990-cı illərdə erməni millətçiliyinin vəhşiliklərini öz gözü ilə görən azərbaycanlılar üçün bu ideologiyanın hansı fəsadları ilə fərqlənməsi barədə danışmaq və ya aydınlaşdırmaq artıq olsa da, mən onun bəzi spesifik cəhətlərini söyləməyə məcburam. Bir çox xalqların genlərinin çoxunu zəhərləmiş bu ideyaların məhvi demək olar ki, mümkün deyil. Sadəcə olaraq, bu xüsusiyyətləri bilərək qonşuluqda yaşamağın, yaratmağın vacibliyini və yollarını bilməliyik. Digər xalqların təcrübəsini öyrənməliyik. Bu baxımdan da məqalənin mövzusu daima aktual qalacaqdır.
Şovinizm bu gün Ukraynada yaşanan faciəni şərh etmək üçün ən dolğun ifadədir. Nə qədər acınacaqlı olsa da qeyd etməliyəm ki, hazırda Ukrayna sərbəst, maneəsiz addımlarla şovinistləşməyə, parçalanmağa doğru irəliləyir. Bu mürtəce ideyanın kökləri tarixən çox qədim, məzmunca dərin və genişşaxəlidir. Bir qədər təfərrüata varmaq üçün yaxın keçmişə qısa da olsa, səyahət etmək kifayətdir. Vaxtilə SSRİ-nin tərkibinə daxil olmuş ölkə xalqları sözügedən ideyanın qısamüddətli də olsa, parlaq təzahürünü yaxşı xatırlayırlar. Böyük Vətən müharibəsi vaxtı bu bəlanı şəxsi təcrübələrindən keçirənlər hələ yaşayırlar. Taleyin bu ağır sınağının acısını ən çox beloruslar, ruslar və yəhudilər çəkiblər. Bu təhlükə alman faşistləri ilə bir səngərdə vuruşan Ukrayna millətçiləri tarixi nümunə olaraq qalmaqdadır. Bundan əlavə, hamı şahiddir ki, Hitler Almaniyası bütün sivil, demokratik yönümlü avropalıların gözü qarşısında formalaşıb, boya-başa çatıb. O zaman Avropa xalqları Avropanın düz göbəyində alman əsilli olmayan hər kəsi özünə düşmən bilən gözü qanla dolmuş qatı millətçi qruplaşmalarının ciddi bir qüvvə kimi formalaşmasını nəinki anlamaq, görmək belə istəməyiblər. Bu biganəliyin, hətta yaranmaqda olan faşist dövlətinin qurucularına göstərilən müxtəlif növlü maddi və mənəvi dəstəyin nəticəsi Hitlerin Avropaya qarşı elan etdiyi müharibənin ilk aylarından etibarən özünü biruzə verməyə başladı. Avropa ölkələrinə ilk hücumu zamanı avropalılar səhvlərinin əvəzini öz varlıqları, canları ilə ödədilər - milyonlarla günahsız qurban, onlarla xarabalığa çevrilmiş dövlət, iri şəhər, kənd və s. Oxucuların İkinci Dünya müharibəsinin nəticələri ilə bağlı ətraflı məlumata sahib olduğunu nəzərə alaraq, daha çox təfərrüata varmıram. Amma hərdən mənə elə gəlir ki, sanki o dəhşətli faciəni artıq çoxları unudub. Qatı millətçiliyin, nifrətin nə olduğunu görmək istəməyənlərin sayı bizdə də, MDB dövlətlərində də az deyil. Onlar nədənsə Rusiyanı və rusları bütün bəlalarının səbəbkarı hesab edir və bunu açıq müzakirə etməkdən belə çəkinmirlər. Bu səhv, böyük səhv və heç kəsə faydası olmayacaq siyasi oyundur. Qonşu üçün pis olanları özü üçün faydalı sanmağın özü də nadan millətçiliyin tərkib hissəsidir. Bunu başa düşmək çətin deyil! Tarixi unutqanlığın nəticəsi kimi qanlı-qadalı İkinci cahan müharibəsi bizim də bir parçası olduğumuz SSRİ və dünya tarixinin arxivində tozlanmalıdır?! Bu, tarixi yanlışlıq, səhv, mənəvi kasadlıqdır. Faşizmə qalib gələn xalqlar, onları ruhlandıran insan və ideologiya unudulmağa, haqsız tənqidə, məsxərəyə, lətifələrə layiq deyil. Bu, eyib gətirən əməldir. Tarixin qiymətini düzgün vermək çox çətin olsa da, mümkündür, bu, şərəf gətirən missiyadır. Bu günümüz üçün biz müharibəni qələbə ilə başa vuranlara çox sağ ol deməli, ruhlarına dua oxumalıyıq. Bu, bizim birgə fəxr ediləsi tariximizdir.
Müstəqillik əldə etdikdən sonra böyük haqsızlıq edərək, İkinci Dünya müharibəsi ilə bağlı hadisələrə çox az diqqət yetirmək düşüncəsi cəmiyyətdə hakim fikir kimi səslənib və bunu guya sosializm, kommunizm ideologiyasına münasibət kimi qiymətləndirənlər də olub. Bəzi siyasətçilər hətta bu barədə mənfi fikirlər səsləndirməyə, bəzən isə ümumiyyətlə danışmamağa üstünlük verirlər.
Zənnimcə, İkinci Dünya müharibəsi zamanı baş verənlər bu gün Ukraynada, Baltikyanı ölkələrdə yaşayanların ideya və əməllərini təhlil etmək baxımından çox əhəmiyyətlidir. Bir məqamı unutmayaq ki, Ukrayna millətçiliyinin kökləri məhz alman faşistləri ilə aparılan savaş tarixi ilə sıx bağlıdır. O zamanlar onlar alman faşistləri ilə birləşərək xüsusi dəstələr, iri qruplaşmalara yaradır, Hitler ordusuna qarşı vuruşan yüzlərlə sadə ukraynalını, belorus, rus və digər xalqların nümayəndəsini vəhşicəsinə qətlə yetirib, onlara insana xas olmayan işgəncələr veriblər. Bu, tarixdir, faktdır. Tarix özündə həqiqəti əks etdirən qiymətli artifaktlar, məlumatlar, maddi və mənəvi materiallar dəryasıdır. Həmin faktlar hazırda Kiyev və Ukraynanın bir çox şəhərlərində baş verən hadisələri dərk etmək üçün doğru yolu göstərməkdə bugünkü gənc nəsilə ən yaxşı bələdçi ola bilər. Acı və ibrətamiz tarix dərsi dedikdə məhz bu, nəzərdə tutulur. Heç kimdə zərrə qədər də şübhə olmasın ki, kiçik bir üstünlük belə İkinci Dünya müharibəsindəki məğlubiyyətin qisasını almaq niyyətində olan Ukrayna millətçilərinin qəzəb və iştahını daha da artıracaq. Bu gün Ukrayna millətçi faşistləri Bütün Avropa üçün böyük fəlakət yuvasında böyüyən və uçmağı öyrənən vəhşi quşlara bənzəyirlər. Avropa hələ indi-indi anlamağa başlayır ki, o, uzun illər boyunca öz himayəsində saxladığı, Ukraynada hakimiyyəti ələ keçirmək üçün hazırladığı dəstələrlə qanlı mübarizə aparmalı olacaq. Ən acınacaqlısı isə Avropa bu çirkin əməlini qeyri-ixtiyari olaraq hazırda daxilində də yaranan və hətta parlament partiyalarına çevrilən radikal millətçiləri dayandırmaqda tərəddüd edir, acizlik göstərərək demokratiya pərdəsi altında gizlənməyə üstünlük verir. Demokratiyanın pərdə funksiyasını çoxdan itirdiyini bilməyən bədbəxtlər elə demokratiya şəbəkəsi içində ölümə məhkum olan dəniz və okean balıqları kimi bir torbaya toplaşacaqlarından xəbərsizdirlər.
Heç şübhəsiz ki, Ukraynadan başlanan yeni regional müharibə hamıdan çox amerikalılara faydalıdır. Kiyevə tez-tez gəlib-gedən bütün avropalı komissarlar siyasi dəllallar, Brüsseldən bir az pul və torbalarla məsləhət daşıyanlardır. Onlar anlamırlar ki, özəri kontinental Avropa müharibəsinin qan vadisində ölüm-dirim mübarizəsinə qoşulmağa məcbur olacaqlar. İstəsələr də, istəməsələr də, Ukrayna nasional-faşizminin ağırlıq mərkəzi onların ərazisinə köçürülə bilər. Buna mənim şübhəm yoxdur. Özü də bu, tezliklə baş tuta bilər. Avropada fəaliyyətdə olan radikal nasionalistlərin ümumi maraqları birlik tələb edir. Onların bütün fəaliyyətləri buna yönələcək. Avropalılar təhlükəni öncədən görməsələr, hiss etməsələr, o zaman hazırkı hərcmərclik - işsizlik, vətəndaş cəmiyyətinin hakimiyyətə bəslədiyi kin və küdurət, avronasionalizmin nüfuz dairəsinin sürətlə artımı Avropa əhalisinin böyük faciəsinə çevrilə bilər. Faktlar bizi bu fikrə yönəldir.
Baş verə biləcək ən ciddi təhlükə isə müharibənin yeni ssenari əsasında - Avropa ultranasionalistləri ilə Ukrayna nasional-faşist qruplaşmaları arasında baş verəcək müharibə ola bilər. Ukrayna torpaqlarına iddiası olan rumınlar, polşalılar, macarlar və digər Şərqi Avropa millətçiləri indidən İkinci Dünya müharibəsi ərəfəsində və ondan sonra SSRİ-yə birləşdirilmiş, hazırda Ukraynaya aid olan bir çox vilayətləri qaytarmaq haqqında açıq-aşkar hazırlıq işləri aparır, bu haqda mətbuatda ciddi bəyanatlar verirlər. Ukraynanın real olaraq parçalanması məsələsi gündəlikdədir. Yəqin ki, belə parçalanma uzunmüddətli vətəndaş müharibəsinin başlanmasına rəvac verəcək. Bu, bütün Avrasiya üçün ən xoşagəlməz ssenari olardı. Amma o, reallığa daha yaxındır. Bu, əslində hadisələrin xüsusi planlaşdırılmış inkişaf formasıdır. Ukrayna nasionalist "ordu"sunun bütün mümkün vasitələrlə silahlanmış əlaltıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları, başqa sözlə desək, yalnız dəyənək və zirehli jiletin vasitəsilə hakimiyyəti qoruyan polislər arasında gedən və gündən-günə əsl müharibəni xatırladan qarşıdurma ilə yekunlaşmayacaq. Bu məqamda təbii sual meydana çıxır: Bəs hanı əsas vəzifəsi qəzəb hissi ilə alışıb yanan, həm keyfiyyət, həm də kəmiyyət baxımından polisləri arxada qoyan üsyançılara qarşı siyasi hakimiyyətin mübarizə vasitələri: su şırnağı vuran maşınları, rezin güllələri, gözyaşardıcı qaz və digər lazımlı vasitələri?! Axı bütün Avropa, Asiya dövlətləri, hətta ABŞ-ın özü də asayişi pozanlara, ətrafdakıları küçə nümayişləri keçirməyə təhrik və məcbur edənlərə qarşı məhz bu vasitələrlə mübarizə aparırlar. Axı bu, ölkənin qanunları ilə hakimiyyətə verilən mübarizə vasitələridir. Onlar qanuni xarakter daşıyır. Bəs onlardan niyə istifadə olunmur?!
Bu baxımdan Ukrayna hökumətinin hərəkəti (hərəkətsizliyi desək daha düzgün səslənər) məndə həm dərin təəssüf hissi oyadır, həm də Ukrayna xalqını qarşıda böyük faciənin gözlədiyini deməyə əsas verir. Sanki bu ölkədə hakimiyyət adlanan bir qurum ümumiyyətlə mövcud deyil. Ordu isə bu məsələdə bitərəf olduğunu dönə-dönə təkrarlayır. Bu məqamda Misirdə baş verənləri xatırlamamaq mümkün deyil. Xatırlayırsınızsa, orada da ordu dəfələrlə siyasətdən kənarda ayrı olduğunu bəyan etmişdi. Nəhayətdə ordu hakimiyyəti ələ aldı və daha çox qan töküldü. Ölkə iflic vəziyyətinə düşdü. Nəticə göz önündədir - ölkədə özbaşınalıq, hərcmərclik baş alıb gedir, vətəndaş müharibəsi bitmək bilmir, hər yer xarabalığa çevrilir, hər gün yüzlərlə günahsız insan qətlə yetirilir, yaralıların sayı-hesabı yoxdur.
Hadisələr bu gedişatla davam etsə və Ukraynada baş verənlər geniş vüsət alsa, avrointeqrasiya asanlıqla və sürətlə həyata keçəcək. Amma bu, heç də bizim başa düşdüyümüz xoşniyyətli inteqrasiya olmayacaq. O, Avropa və Ukraynadakı millətçi-şovinistlərin ittifaqı kimi səslənəcək. Sözügedən ittifaq əvvəlcə regionun pis idarə olunan kübar dövlətləri ilə haqq-hüsab çürüdəcək, millətçilik ideyasından uzaq olanları və onların rəhbərlərini ya məhv edəcək, ya da onları özlərinə tabe etdirəcəklər (Vaxtilə Adolf Hitler etdiyi kimi). Daha sonra isə hələ ki, dinc görünən Avropaya doğru millətçilik yürüş edəcək. Vəziyyətin ən mühüm və xoşagəlməz məqamı isə Avropanın demək olar ki, bütün iri dövlətlərində formalaşmış yerli qatı millətçilərin olması və onların qanuni fəaliyyətidir.
Zənnimcə, hadisələrin bu cür gedişatı homoseksuallar, gey və lesbiyanlar üçün də təsirsiz ötüşməyəcək. Çünki millətçilərin arasında belələri ya olduqca azdır, ya da ümumiyyətlə yoxdur. Çünki onların fikirləri və əməlləri sekslə deyil, tam hökmranlıq ideyasını reallaşdırmaqdır.
Sonradan yaşanacaqlar isə artıq məlumdur - azsaylı millətləri əsarət altına almaqla dəbdəbəli həyat tərzi və azuqə ovu başlayacaq. Millətçilər özləri işləmək istəməyəcəklər. Çünki onlar özlərini hamıdan yüksəkdə görürlər. Ağır əmək fəaliyyəti ilə məşğul olmaq onlara yaraşmaz. Bu bədbin mənzərə Qərb siyasətçilərinin bitib tükənmək bilməyən səhvlərinin bəhrəsidir. Siyasətçilərdən söz gedəndə isə Ukrayna barədə danışmağa belə dəyməz. Görünür, orada ümumiyyətlə siyasətçi yoxdur, yaxud da onlar Ukrayna xalqının üz-üzə qaldığı böyük təhlükədən çıxış yolu tapmağa qadir deyillər.
Avropa İttifaqının ən zəif bəndi olan Yunanıstan belə millətçilərin liderlərini, millət vəkillərini həbs edərək, onların partiyalarını ləğv etdi və bu düyünü özü sərbəst şəkildə açmağa müvəffəq oldu. Tamamilə zamanında və yerində verilmiş düzgün qərar idi. Çox güman ki, Yunanıstan bu qərarı qəbul etməzdən öncə Avropa İttifaqının yuxarı dairələrinin xeyir-duasını almışdı. Çünki Avropa İttifaqına üzv olan ölkələrdən birində hadisələrin millətçilik ssenarisi əsasında inkişaf etməsi birliyin öz taleyi üçün böyük təhlükə daşıyırdı.
Ukraynadakı vəziyyət isə tamamilə fərqlidir. Gələcək plan Yanukoviçi Yuqoslaviyanı nümunə gətirərək təhdid edən amerikalıların dilindən artıq səslənib. Söhbət Ukraynanın bir neçə xırda dövlətlərə parçalanmasından, uzunsürən hərcmərcliyin, eləcə də ərazi və milli sərvət bölgüsü üstündə ayrı-ayrı əyalət və vilayətlər arasında süni müharibənin yaradılmasından, Rumıniya, Moldova, Macarıstan, Polşa kimi ölkələrin bu müharibəyə cəlb edilib Rusiya ətrafında qanlı müharibə dairəsinin yaradılmasından gedir.
ABŞ və Qərb üçün bir nömrəli düşmən elan edilmiş Rusiyanın qonşuluğunda alovlanan bu yanar və qara tüstülü alov bütün avropalılar və asiyalılara fantaziya imkanlarımızdan da baha başa gələcək.
İstəməsəm də deməliyəm ki, mövcud şərtlər daxilində bizə dost olan Ukrayna və onun dinc xalqı yeni beynəlxalq kontinental soyuq müharibənin ən böyük "qurbanlıq keçisi" olacaq. Vaxtilə buna bənzər vəziyyət SSRİ-nin süqutundan sonra da yaşanmışdı. O zaman müharibə Yuqoslaviya Federasiyasının parçalanması ilə nəticələnmişdi. Etiraf edək ki, dünya siyasəti üçün kifayət qədər qiymətli qurbanlardır. Soyuq müharibənin qurtarmasını, Yuqoslaviya qurbanlığı, yeni soyuq müharibənin başlanmasını isə Ukrayna kimi daha samballı qurbanlıqla qeyd edilir.
P.S. Din və millətçilik Qərbin ən güclü silahlarıdır (Onların vasitəsilə Qərb siyasətçiləri 70 il Sovet İttifaqı əleyhinə təxribat aparıb və indi də bu "silah"ların təsir gücünə əminliklərini müşahidə etdirirlər. Böyük Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı respublikalarında da bu kəsərli, bütün vəziyyətlərdə istifadəsi mümkün olan "alət"lərdən istifadə olunur).
Yaxın Şərq ölkələrindəki olaylar və Ukrayna bu fikri təsdiq edən ən mühüm faktlardan biridir. Hazırkı vəziyyətin inkişafını proqnozlaşdırmaq istəsək, qətiyyətlə demək olar ki, Ukraynada milliyyətçilik əsasında vətəndaş müharibəsi üçün bütün şərait - canlı qüvvə, silah-sursat, maddi və siyasi dəstək, müharibə xəritəsi və planları hazırdır. Qərb ölkələrinin dəstəyi açıq şəkildə bəyan edilib və vətəndaş müharibəsinin başlanması üçün lazımi ideoloji-siyasi baza mövcuddur.
Ukraynalılar üçün faciə və dövlətin parçalanmasına gətirə biləcək belə bir vəziyyətin yaranma səbəblərini izah etmək uzun vaxt aparar. Bir məqalə çərçivəsində bunu tam araşdırmaq çətindir, bəlkə də buna indi ehtiyac yoxdur. Hər şey göz qabağındadır və hadisələr cərəyan edir.
Daha vacib bildiyimiz bir neçə məsələlərə aydınlıq gətirməklə kifayətləndik. Bu, son 20 ildə müşahidə etdiyimiz açıq tarixi dərslərdən biri və mühüm əhəmiyyət kəsb edənidir. Qonşunun başına gələnləri diqqətlə öyrənmək lazımdır ki, onların bizdə təkrarına yol verməməkdən ötrü lazımi qabaqlayıcı tədbirlər üçün vaxt itirməyək. Bu yazının əsas məqsədi də elə budur.



