|
|
|
|
Yallı və halay rəqsləri Azərbaycanın, xüsusilə də Naxçıvan Muxtar Respublikasının milli-mədəni sərvətlərinin şah əsəridir.
Bu unikal rəqs janrları özündə təkcə Azərbaycanın deyil, eyni zamanda, böyük Türk dünyasının etnik-mədəni sisteminin təzahürü olan prototürklərin milli dəyərlərini minillər ərzində qoruyub saxlamaqla ilk insan həyatının etik və estetik həyat tərzi haqqında informasiyanı müasir dövrümüzə qədər yaşadan sənət abidələridir. Yallı və halay rəqsləri həmrəylik simvolu olub kütləvi olaraq xalqı bir araya gətirən milli varlıq təcəssümüdür. Bu rəqs janrları folklorumuzun bəzəyi olmaqla yanaşı, həm də onun təcəssümü olub türk xalqlarının mədəni birliyinin qarantı kimi xüsusi əhəmiyyətə malikdir.
Yallı və halaylar təkcə rəqs sənəti deyil. Onlar folklorumuzda həm musiqi, həm də şifahi xalq ədəbiyyatı örnəkləri olan bayatı, mani şeir növlərinin qədim örnəklərinin bizə çatmasında önəmli rol oynayıb. Onların instrumental, həm də vokal-instrumental formaları qədim ənənələrə söykənən milli nəğmələrin, musiqi və rəqs sənətlərinin yaşadılmasında və məişət mərasimlərinin bəzəyi kimi böyük əhəmiyyət kəsb edib.
Bu baxımdan yallıların toplanması, nota alınması, tədqiqi olduqca əhəmiyyətli və vacib məsələlərdəndir.
Demək vacibdir ki, vaxtilə dahi Üzeyir Hacıbəylinin və günümüzdə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan yallılarının böyük əhəmiyyətə malik olmasını öz çıxışlarında dəfələrlə qeyd etmələri, ona xüsusi diqqət ayrılmasını tələb və tövsiyə etmələri təqdim edilən Naxçıvan yallı və halaylarının araşdırılması məsələsinin aktuallığını bir daha ön plana çəkib.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 24 dekabr 2018-ci ildə sərəncam imzalayıb.
Həmin sərəncamda Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallılarının xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii estetik təfəkkürünün təzahürü olması qeyd edilir. Əlavə olunur ki, Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir.
Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar nota köçürülüb. Bu gün muxtar respublikada "Şərur" Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində yallı qrupları fəaliyyət göstərir. Bu sahədə görülən işlərin davamı olaraq 2018-ci ildə də yallı sənəti ilə bağlı tədqiqatlar aparılıb, bu nadir irsin YUNESKO səviyyəsində qorunması üçün "Şərur" Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar aidiyyəti üzrə təqdim olunub, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Sərəncama əsasən, "Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı" təsdiqlənib.
Qeyd edək ki, yallı və halayların toplanması, sistemləşdirilməsi, not yazılarının əldə edilməsi, yallıların dil, folklor və tarix baxımından araşdırılması çox vacib məsələlərdəndir.
Bu məsələləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Verilişləri Komitəsi, o cümlədən, bir çox əlaqədar təşkilatlar yallıların milli-mənəvi dəyər daşıyıcısı kimi araşdırılmasında və təbliğində müxtəlif addımlarla yola çıxaraq, öz fəaliyyətlərinin əsas hissəsini bu istiqamətdə təşkil etmişlər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ərsəyə gəlmiş "Yallılar dünəndən bu günə" adlı nəfis tərtibatlı kitab Azərbaycan mədəniyyəti, elmi üçün dəyərli töhfələrdəndir.
Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yallılarımız haqqında söylədiyi fikirlərlə başlayır:
"Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq".
Bu dəyərli fikirlərdən sonra yuxarıda qeyd etdiyimiz Sərəncam təqdim olunur. Növbəti səhifədə Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqadar Tədbirlər Planı öz əksini tapır.
Qeyd edək ki, kitabın elmi redaktoru və ön sözün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Mədəniyyət naziri Natəvan Qədimovadır. Natəvan Qədimovanın söylədiyi kimi, kitabda Azərbaycan türklərinə məxsus 94 yallı haqqında sanballı məlumat öz əksini tapır.
Bu məlumatlar təkcə yallıların forma və bədii xüsusiyyətləri, notları haqqında deyil, həm də tarixi baxımdan da dəyərli məsələləri əhatə edir.
Kitabda yer alan yallıların notları Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Əkrəm Məmmədli, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev və Kənan Məmmədli tərəfindən tədqim edilmişdir.
Kitabın rəyçisi Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi Yaşar Xəlilovdur. Yallıları toplayıb əldə edənlər Leyla Əlimərdanova və İman Alırzayevdir.
Yallılar haqqında məlumatların müəllifləri isə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçiləri, Şərur Xalq Yallı Ansamblının direktoru Kimya Babayeva və Səttar Əhmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İsa Əliyev, Əli İsmayılov, Aydın Cabbarov, Tarverdi Hüseynovdur.
Kitab Naxçıvanda "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub. 504 səhifədən ibarət nəfis tərtibatlı bu kitabda yallılar haqqında məlumatlar üç dildə: Azərbaycan, ingilis və rus dillərində təqdim olunur.
"Yallılar dünəndən bu günə" kitabı Azərbaycan mədəniyyəti, elmi, ictimaiyyəti üçün böyük töhfədir. Eyni zamanda, bu kitabın ərsəyə gəlməsi milli incilərimiz olan yallılarımızın qorunması, gələcəyə ötürülməsi sahəsində görülən ən uğurlu işlərdən biri kimi qiymətli mənbədir.
Aytən CƏFƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur