"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi araşdırma və innovasiya şöbəsində elmi işçisi Həmidə Süleymanovadır. Həmidə xanımla Xalq rəssamı, Respublika Dövlət Mükafatı laureatı Rasim Babayevin "Ailə" əsəri haqqında danışmışıq.
- Xalq rəssamı Rasim Babayev və bu əsərin onun yaradıcılığındakı rolu barədə nə deyə bilərsiniz?
- Rasim Babayev elə şəxsiyyətlərdəndir ki, onun haqqında saatlarla söhbət etmək olar. Onun təbiətən xeyirxahlığı, daxilən üsyankarlığı ilə seçilən insan olmasını öz sənət dostlarının onun haqqında dediyi saysız-hesabsız fikirlərdə görmək olar. Sözsüz, Rasim Babayevin qrafika, rəngkarlıq işlərinə tamaşa edəndə rəssamın necə müdrik, ətrafında baş verən və onu narahat edən və təbii ki, düşündürən hadisələrə yaradıcı insan kimi proqressiv reaksiya göstərdiyini görə bilirik.
Rasim Babayev Abşerondan idi. Ondan soruşanda ki, haralısan, qumu ovucuna götürüb tökərdi qumun üstünə və deyirdi, bax mən buralıyam. O, öz torpağına bağlı insan idi, baxmayaraq rəssama sağlığında Fransaya köçmək, orda yaşamaq təklif edilmişdi, lakin o, bunu qəbul etməmişdi.
Rəssamın əsərlərini təhlil edərkən onun ilhamlandığı Azərbaycan xalça sənətinin, folklorumuzun, nağıllarımızın, Şəki Xan Sarayının divar bəzəklərinin izlərini, milli-mənəvi dəyərlərin milli etnoqrafik xüsusiyyətlərini görə bilərik. Rasim Babayevin əsərləri bütövlükdə müasir Azərbaycan təsviri sənəti üçün unikal dəyərə malikdir.
Rasim Babayev yaradıcılığında "Ailə" əsərinin rolu haqqında danışarkən deyə bilərik ki, bu əsərdə rəssam öz prototipini də təsvir edərək bəşəri, bir o qədər aktual və klassik tablo yaradıb. Əsərlərinə tez-tez öz obrazını "təsadüfən" daxil etməsi ilə bəlkə də, rəssam özü məhz bu tablolar vasitəsilə cəmiyyətə demək istədiyi gərçəkliyi birbaşa çatdırıdı. Lakin bütün bu silsilədən olan əsərlərində bütöv ideya dayanırdı - əqidə və inama arxalanaraq yaradılmış, çılpaqlığı və səmimiyyəti ilə seçilən sadə, fəlsəfi təsir gücünə malik, tamaşçını düşündürən mövzular...
- Əsərin yaranma tarixçəsi haqqında nə bilirik?
- Rəssamın bu əsəri yaradıcılığının erkən dövrlərinə təsadüf edir, 1971-ci ilə aiddir və Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxildir. Rəssam sadə, lakin bir o qədər düşündürücü məişət həyatını təsvir edib. Kompozisiyanın mərkəzində ata, ana və uşaqların obrazları təsvir olunub. Rəssam kompozisiyanın mərkəzində dayanan qəhrəmanlarını ayaqyalın, nimdaş paltarda və yarıçılpaq təsvir edib. Bu, təsvir sənətində sosialist realizm ənənələrinin hakim olduğu dövr üçün qəbuledilməz idi. Necə ola bilərdi ki, Sovet insanı ayaqyalın olsun? Məhz buna görə bu əsər Moskvada sərgiləndiyi zaman o dövrün SSRİ Mədəniyyət naziri Yekaterina Furtseva tərəfindən qəti surətdə rədd edilmiş, sərgi salonundan çıxarılmışdı. Sosialist realizmi ənənələri belə ayaqyalın və yarıçılpaq obrazların, sadə və akademik formal prinsiplərdən tamamilə uzaq, yalnız fərdi ideyalarla həssas duyğuları özündə birləşdirən rəsmlərin yaradılmasına zidd idi.
- Deməli, Sovet dövründə əsər birmənalı qarşılanmayıb.
- Rasim Babayev həyatı boyu sosialist realizmi ənənələrinin diktələrinə boyun əyməkdən imtina etmiş və bununla mübarizə aparmışdı. Bunu onun sənətə yanaşması ilə əlaqələndirmək olar. O, sözün əsl mənasında həqiqi sənətkar idi. Onun üçün sənətdə quru təsvirçilik, pafos yolverilməz idi.
Sovet dövründə sənətdə çox ciddi nəzarət var idi. Rəssamlar sadəcə ideoloji və bəzi qanunlar çərçivəsində yaradıcılıqla məşğul olurdular. Ancaq bu çərçivələrdə "yaradıcılıq" haqqında danışmaq mümkün idimi? Bu bir az düşündürcü sualdır. Axı həqiqi sənət çərçivələr olan mühitdə formalaşa bilməz.
Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda oxuyarkən məzun olduğu vaxt partiya funksionerləri Rasim Babayevin "Balıqçılar" əsərini bəyənmirlər və ona diplom verməkdən imtina edirlər. Rəssam sonralar müsahibəsində deyirdi ki, Salyanda gördüyüm balıqçılıq səhnələrini təsvir etmişdim. Əsərə baxdılar və insanların Sovet adamına yox, amerikalılara bənzədikləri üçün qəbul edə bilməyəcəklərini söylədilər. Onlara cəmi bir neçə Amerika filminə baxdığımı, heç vaxt Amerikada olmadığımı söylədim. Ertəsi gün diplomumu almalıydım, amma diplomu verməkdən imtina etdilər.
Daha sonra o, öz doğma yurduna gələrək emalatxanasında çalışır, o dövrün nonkonformsit rəssamları Cavad Mircavadov, Qorxmaq Əfəndiyev, Kamal Əhməd, Fazil Nəcəfov kimi sənət dostları ilə Abşeronu, Bakı kəndlərini, Qobustanı gəzərək həqiqi sənət axtarışlarına başlayır. O dövr rəssamlar üçün çətin dövr idi, ancaq bəlkə də, bu çətinlik onların öz potensialını kəşf etmək üçün bir imkan idi.
- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?
- Rəssamın "Ailə" əsərinin kompozisiyasında rəng koloritini onun yaradıcılığının son dövrləri ilə müqayisə edəndə daha sakit tonlara, mavi, ağ, qəhvəyi rənglərə üstünlük verdiyini görə bilərik. Əsərin arxa fonunda təsvir edilən göy rəngə diqqətlə baxdıqda zamanın sürətlə bir-birini əvəz etdiyi burulğanı xatırladır. Əlbəttə, rəssamın yaradıcılıq axtarışlarına başladığı zamanda artıq rəng palitrası da dəyişmişdi, daha al-əlvan, xalça sənətinin teksturasını xatırladan səthlər, rəng həlli hakim idi.
- Bu əsər bizə nə deyir?
- Bəzən insanın ümidsizliyinin dərinliklərində də hansısa bir gözəllik gizlənir - həyatın mənasını daha dərindən dərk etməyə stimul verən bir gözəllik. Bunu insanın mənəvi yüksəlişi də adlandırmaq olar. Onu sadəcə tapmaq və həqiqətə çevirmək lazımdır. Bu əsər bizə zamana və məkana sıxışıb qalmamağı, yalnız irəli addımlamağı tövsiyə edir, hətta ayaqyalın, çılpaq olsaq belə... Həqiqət isə mütləq zamanla öz layiqli dəyərini tapır.
Aytac SAHƏD
Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur