|
|
|
|
Həyatda hər şey gec-tez yerini tapır və bəzi təsadüflər, əslində, elə zərurətlərdən doğur.
Ötən günlərin birində, hamı həmişəki kimi iş başında ikən, redaksiyaya yaşlı bir şəxsin gəldiyini gördük.
Yaxınlaşaraq nə lazım olduğunu soruşanda baş redaktorumuz Rəşad Məcidlə görüşmək istədiyini bildirdi.
Elə də uzun çəkməyən söhbətlərindən sonra, gələndə həyəcandan rəngi avazımış olan, həmin şəxs sevincək halda otaqdan çıxıb redaksiyanı tərk elədi. Dərhal Rəşad müəllim məni çağıraraq bir əlyazma təqdim edib vəziyyəti başa saldı. Açığı, dedikləri məni çox təəccübləndirdi və kövrəltdi...
Qarabağ həsrətilə dünyadan köçən şairlərdən biri də Şahmar Əkbərzadəydi. Şahmar Əkbərzadə 1941-ci il dekabrın 28-də Ağdam rayonunun Çəmənli kəndində doğulub, 2000-ci il fevralın 10-da isə 59 yaşında, Ağdam nisgili ilə vəfat edib. Əlimdə olan əlyazmanın sahibi Fikrət Ləmbərani (Hacıyev) Şahmar Əkbərzadənin ölümünün 40-cı günündə yazdığı şeirinin sonunda bu sözləri qeyd edib: "Rəşad Məcidə şəxsən təqdim edirəm".
Çox maraqlıdır ki, bu əlyazma 20 il sonra - Fikrət Ləmbəraninin həyatda olmadığı, Şahmar Əkbərzadənin 79-cu doğum gününə yaxın bir vaxtda "525-ci qəzet"ə - öz ünvanına çatıb, həm də Şahmar Əkbərzadənin həsrətində olduğu Ağdam rayonu işğaldan azad ediləndən sonrakı günlərdə. Sözsüz ki, bu mistik hadisədən oxucular da təsirlənəcək...
Allah həm Şahmar Əkbərzadəyə, həm də Fikrət Ləmbəraniyə rəhmət eləsin. Əminəm ki, hər ikisinin ruhu şaddır: Şahmar Ələkbərzadənin ata-baba yurdu düşmən tapdağından azad olunub, Fikrət Ləmbəraninin isə 20 il əvvəlki arzusu həyata keçib. Beləliklə, həmin şeiri oxucularımıza təqdim edirik.
Nadir RZALI
Sən belə yaşadın...
İSTEDADLI ŞAİR ŞAHMAR ƏKBƏRZADƏNİN VƏFATINDAN 40 GÜN KEÇİR...
Fikrət LƏMBƏRANİ
Səni də apardı Qarabağ dərdi,
Əbədi dünyaya vaxtsız göndərdi.
Kişitək yaşamaq böyük hünərdi,
Sən belə yaşadın, əzizim Şahmar.
Qartal baxışların qılıncdan iti,
İşıqlı zəkanla yardın zülməti.
Açdın, aşkarladın çox həqiqəti,
Sən belə yaşadın, əzizim Şahmar.
İncilər içindən inci seçərdin,
Sözə yeni məna, calaq biçərdin,
Tapdanmış yollardan kənar keçərdin,
Sən belə yaşadın, əzizim Şahmar.
Kəlamın dərdlərin əlacı idi,
Nitqin sərrafların baş tacı idi,
Məddahlıq qəlbinə yabancı idi,
Sən belə yaşadın, əzizim Şahmar.
Şeirdə, sənətdə, gəlhagəlinlə,
Qətiyyət göstərdin öz əməlinlə,
Qaynayıb qarışdın oban, elinlə,
Sən belə yaşadın, əzizim Şahmar.
Qeyrət libasını dəyişmədin sən,
Zirvədən heç zaman gen düşmədin sən,
Ucuz şöhrət üçün əlləşmədin sən,
Sən belə yaşadın, əzizim Şahmar.
Cüssədə, qamətdə dağa bənzərdin,
Dağdan böyük idi Ağdamsız dərdin,
Zamanın nəbzini duyub sezərdin,
Sən belə yaşadın, əzizim Şahmar.
Xalqımız yaxşının qədrin biləndi,
Arzun qamətinlə düz paraleldi,
Bunu dost da bildi, düşmən də bildi,
Sən belə yaşadın, əzizim Şahmar.
Şeir aləmində fəxrdir adın,
Böyük Bəxtiyardır sənət ustadın,
Bəxtiyar dünyasın yetim qoymadın,
Sən belə yaşadın, əzizim Şahmar.
Yenilməz iradən, əqidən mətin,
Qarabağsız ölmək tale qismətin,
Yerin qəlbindədir xalqın-millətin,
Sən belə yaşadın, əzizim Şahmar.