Son zamanlar Azərbaycandan Rusiyaya ixrac olunan bəzi kənd təsərrüfatı mallarının geri qaytarılması ilə bağlı xəbərlər diqqət çəkir. Ölkəmizin, xüsusilə pomidor ixracında maneələrlə qarşılaşdığına şahid oluruq.
Belə ki, təkcə noyabr ayı ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycana aid ümumilikdə 67,5 ton pomidoru Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verməyib.
Səbəb olaraq məhsulların fitosanitar nəzarət zamanı karantin obyektinin “Pepino mosaic virus”una yoluxduğu göstərilib və məhsullar yenidən Azərbaycana qaytarılıb. Bu zaman sual yaranır ki, məhsulların geri qaytarılması doğurdan da onun keyfiyyəti ilə əlaqədardır? Ümumiyyətlə belə hallarda zərərçəkən kimlər olur və bu zərər necə qarşılanır?
Məsələylə bağlı 525.az-ın suallarını cavablandıran politoloq Yeganə Hacıyeva deyib ki, bu cür hadisələr bütün dünyada dövlətlərarası təzyiq və təsir alətləri kimi istifadə olunur.
Əslində, biz bunu elan edilməmiş sanksiyalar kimi dəyərləndirməliyik:
“Müasir dövrdə dövlətlərarası münasibətlərdə qarşılıqlı tətbiq edilən müxtəlif mübarizə üsulları var. İkitərəfli münasibətlərdə fərqli istaqamətlər üzrə izlədiyimiz bu qadağalar qeyri-ənənəvi təsir üsulları kimi formalaşıb. Məsələ ondadır ki, son illərdə hərbi məqsədlərə çatmaq üçün qeyri-hərbi üsullar, siyasi, iqtisadi qadağalar və sair üsullar geniş tətbiq olunur. Biz bu üsulları bir cümlə ilə assimetrik müharibə elementləri adlandıra bilərik. Həmçinin siyasi məqsədlərə çatmaq üçün də qeyri-siyasi üsulardan istifadə olunur. Belə ki, dövlətlər bir-birinə qarşı iqtisadi, siyasi, diplomatik və sair sahələrdə bu yollarla mübarizə aparır.
Konkret olaraq haqqında danışdığımız hal isə iqtisadi zərərlərə hesablanmış bir addımdır. Bu, sistemli tətbiq olunduğu halda iqtisadi zərərlərdən yaranan məyusluq və narazılığın daha sonra yönlədilməsi üçün tətbiq olunan hibrid üsuludur. Bu kimi hallarda məhsullar daha çox uyğunluq sertifikatına, guya hansısa bioloji tələblərə, yaxud digər ixrac tələblərinə cavab vermədiyi ilə bağlı izahlarla ixrac edən ölkəyə geri qaytarılır. Biz bu kimi hallara həm Azərbaycana münasibətdə, həm də Azərbaycanın digər ölkələrə münasibətində tətbiq edildiyinin şahid oluruq. Biz daha çox bizə bu cür addımlar atan ölkələrə qarşı bu üsuldan istifadə etmişik”.
Politoloq qeyd edib ki, bu kimi hallar artıq müasir qlobal siyasətdə bir normadır və buna nə təəccüblənmək, nə də incimək lazımdır:
“Əlbəttə, bu kimi hallarda məqsəd iqtisadi zərərlərə hesablanıb. Digər mübarizə üsullarında iqtisadi baxımdan zərərçəkən təkcə dövlət dairələri olursa, bu kimi hallarda birbaşa fərdlərə, sahibkarlara da zərər dəyir. Bu, dövlətlərə qarşı tətbiq olunan ən effektiv ziyan vermə üsulu hesab edilir. Belə ki, dəyən ziyanı dövlət çəkirsə, bunu ancaq dövlətin hökumət nümayəndələri və bir qurup məlumatlı şəxslər bilirlər. Kənd təsərrüfatı sahəsində çalışan insanların biznesinə dəyən ziyan haqqında məlumat isə geniş yayılır. Bu hal isə özlüyündə ölkədə sahibkarlarda dövlətə qarşı aqressiv əhval-ruhiyənin yaranmasına yol aça bilər. Belə hallar assimetrik mübarizə üsulunun dövlətlərə qarşı hesablanmış nəticələrindən biridir”.
Politoloq omnu da əlavə edib ki, Rusiyanın Azərbaycana qarşı tətbiq etdiyi assimetrik müharibənin təkcə kənd təsərrüfatı sahəsi ilə məhdudlaşmır:
“Rusiyanın ədalətsiz addımlarını təkcə kənd təsərrüfatı və təhlükəsizlik üzrə yox, bir çox sahələr üzrə müşahidə edirik. Bu baxımdan Rusiyanın Azərbaycana qarşı münasibətini obyektiv hesab edə bilmərik. Son zamanlarda Rusiyaya ixrac olunan əvvəl 50 ton, ardınca 17 ton pomidorun geri qaytarılması da buna nümunədir”.
Yeganə Hacıyeva belə hallarda vətəndaşlara dəymiş zərərin ödənilməsinin vacibliyini də vurğulayıb:
“Bu kimi hallarda əsas ayrı-ayrı fərdlər, biznes sahibləri və işçi qüvvəsi zərər çəkir. Bütün dünyada belə hallarda zərərin dövlət tərəfindən qarşılanması təcrübəsi mövcuddur. Bu, vacib bir məqamdır. Zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi ilə iqtisadi ziyanlara hesablanmış assimetrik əməliyyatların effektini bir qədər azaltmaq, hətta qarşısını almaq mümkündür. Bu yolla biznesmenlərdə yaranmış məyusluq və narazılığın hökumətə qarşı yönləndirilməsini və yaranmış narazılığı aradan qaldırmaq olar. Səhv etmirəmsə, Azərbaycanda bu kimi bir çox hallarda sahibkarlara dəymiş ziyanı ödəyir. Çünki bu çox vacibdir. İstənilən güclü hökümətin kənd təsərrüfatı güclü olmalıdır. Bölgələrdəki əhalinin dolanışığı, güzəranı kənd təsərrüfatının gücündən asılıdır. Əhalinin güzəranından isə birbaşa onun hökümətə qarşı münasibəti asılıdır. Bunlar zəncirin bir-birinə bağlı olan müxtəlif halqalarıdır. Bu halqaların hər hansı birində yaranan qopma birbaşa dövlətə zərər vurur. Buna görə də hökümət istər-istəməz bu ziyanı qarşılamalıdır”.
Natavan Abdulla