|
|
|
|

Rusiyanın ABŞ və NATO ilə qarşılıqlı təhlükəsizlik təminatlarını təmin edəcək sazişlər imzalamaq təklifi bütün dünyada əsas müzakirə mövzusudur. Öncə onu qeyd etmək lazımdır ki, Rusiyanın bu təklifində bir neçə qəribə məqam var. Birinci məqam ondan ibarətdir ki, Rusiya diplomatik müzakirə üçün təklif etdiyi saziş layihələrini dərc edib. Bununla da danışıqları diplomatik müstəvidən çıxararaq açıq müzakirə müstəvisinə keçirib. Açıq müzakirə müstəvisi isə diplomatik razılaşma əldə edilməsinə mane olacaq amildir. Çünki Rusiyadan fərqli olaraq ABŞ demokratik dövlətdir və hakimiyyət ictimai rəylə hesablaşmaq məcburiyyətindədir. Saziş layihəsinin açıqlandığı andan ötən müddət ərzində Qərb mətbuatının monitorinqi aparılsa, aydın görünər ki, Rusiyanın qarşılıqlı təhlükəsizlik təminatlarının verilməsilə bağlı ABŞ və NATO ilə saziş imzalamaq təklifi Vaşinqtonda və digər Qərb ölkələrinin paytaxtlarında əsəbilik yaradıb. Amerikanın ən böyük və ən nüfuzlu nəşrlərindən biri olan "The Wall Street Journal" Rusiyanın təklifini ABŞ və NATO üçün utancverici adlandırıb. Bu, Qərb siyasi elitasının ümumi rəyi, mövqeyi kimi də qəbul edilə bilər.
Rusiyanın təklifindəki digər qəribə məqam saziş layihəsinin ultimatum, təhdid şəklində təklif edilməsidir. Bu isə Rusiyanın təklifinin müzakirədən öncə mənfi rəy qazanmasına səbəb olub. Rusiyanın təqdimatından yaranan rəy ondan ibarətdir ki, Moskva saziş imzalamaqdan daha çox ABŞ və NATO-nu təhdid etməyə çalışır.
Bütün bunların nəticəsidir ki, Rusiyanın təklifinin qəbuledilməzliyi haqqında fikirlər səslənməyə başlayıb. Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib ki, Moskvanın Şimali Atlantika Alyansına necə davranacağını diktə etməsi qəbulolunmazdır. NATO-nun baş katibi Yens Stoltenberq isə Alyansın genişlənməsi prosesinin davam edəcəyi ilə bağlı bəyanat verib. Baş katib Yens Stoltenberq bildirib ki, Rusiyanın etirazlarına baxmayaraq, biz artıq Monteneqro və Şimali Makedoniyanı Alyansa qəbul etmişik, Ukrayna və Gürcüstan məsələsində də Moskvaya güzəştə getməyəcəyik.

Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı məsələdə Rusiyanın veto hüququnun olmadığını Qərbin siyasi liderləri bu günə kimi dəfələrlə bəyan ediblər. Ən son ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfəri zamanı bəyan etmişdi ki, heç bir üçüncü ölkə Ukraynanın NATO ittifaqına üzv olmaq istəklərinə veto qoymaq hüququna malik deyil. General Ostinin Tbilisidə gürcü həmkarı Cuanşer Burçuladze ilə imzaladığı sazişdə Gürcüstanın Avro-Atlantik strukturlara inteqrasiyasının davam etdirməsinə ABŞ-ın yardım göstərməsi nəzərdə tutulub.
ABŞ prezidenti Co Bayden isə bir neçə gün öncə çox açıq mətnlə Rusiyanın "qırmızı xətt" anlayışını və Avropanın təsir dairələrinə bölünməsi ideyasını qəbul etməyəcəyini bildirib. İndi bütün bunlardan sonra Co Bayden administrasiyasının Vladimir Putinin tələblərinə boyun əyməsi Vaşinqtonda siyasi böhrana səbəb ola bilər. Co Baydenin təmsil etdiyi Demokratlar Partiyası, onun opponenti Respublikaçılar Partiyası belə bir vəziyyətin yaranmasına imkan verə blməz. Yəni Co Bayden istəsə belə, ABŞ Konqresi Rusiyanın təkliflərinin qəbulunun qarşısını almaq üçün imkan və səlahiyyətlərə malikdir. Digər tərəfdən, Co Bayden administrasiyasında ən önəmli mövqeyə malik dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Rusiyaya güzəştin qəti əleyhinədirlər. Rusiya ilə danışıqların tərəfdarları olan prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və prezidentin İqlim Məsələləri üzrə Xüsusi Nümayəndəsi Con Kerri Vaşinqtonun bütün siyasətini müəyyən etmək imkanına malik deyillər. ABŞ-ın Avropada təhlükəsizliklə bağlı Rusiya ilə danışıqlar aparmağa hazır olması haqqında Ceyk Sallivanın açıqlaması Vaşinqtonun güzəştə getməsi kimi qəbul edilə bilməz. Prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin də qeyd etdiyi kimi, ABŞ son 20 ildə Avropanın təhlükəsizliyinə dair Rusiya ilə dialoq aparıb. Bu, Putinin hakimiyyətdə olduğu müddətdə ABŞ-ın onunla təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar apardığına işarədir. Bu danışıqların aparıldığı 20 ildə isə NATO Rusiyanın sərhədlərinə doğru genişlənməkdə davam edib.
"Rusiya Qlobal Siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov da hesab edir ki, Moskvanın irəli sürdüyü saziş layihələri NATO və ABŞ üçün ultimatum tələbləridir və onların yerinə yetirilməsi sual altındadır.
ABŞ-ın Ukraynadakı keçmiş səfiri, ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Şərqi Avropa üzrə keçmiş direktoru, professor Stiven Pifer Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi saziş layihələrinin Qərb üçün qəbuledilməz müddəalarla dolu olduğunu bildirib: "Belə sənədlərin ictimaiyyətə açıqlanması anormal diplomatik təcrübədir. Rusiya danışıqlara ciddi yanaşmır, açıq şəkildə qəbuledilməz tələblər irəli sürür ki, sonradan bunu Ukraynaya qarşı hərbi əməliyyat üçün bəhanə etsin".
İranın nüvə proqramı üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov isə bildirib ki, NATO təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın təşəbbüslərinə ciddi yanaşmalı olacaq. Diplomat bəyan edib ki, əks halda, Rusiya hərbi tədbirlərlə cavab verəcək. Əlbəttə, Konstantin Qavrilov yüksək rütbəli şəxs deyil və onun bu açıqlaması rəsmi mövqe kimi qəbul edilə bilməz. Əgər bu fikri müdafiə və ya xarici işlər naziri səsləndirsə, o zaman fərqli vəziyyət yarada bilərdi. Bununla belə, münasibətlərin gərgin olduğu, hətta hərbi əməliyyatlar ərəfəsində olduğu tam aydındır. Çünki Rusiya rəsmiləri üçün geri addım atmaq çox çətindir. Saziş layihələrini dərc etməklə Rusiya "pat" vəziyyəti yaradıb. Şahmatdan fərqli olaraq siyasətdə "pat" vəziyyəti müharibəyə də səbəb ola bilər.



