İlk başda, yəni yayıma başlamamışdan əvvəl sıraları çox seyrəkdi. Sonra sıralarına qoşulanların sayı artmağa başladı. Və böyük bir komanda yarandı. Bu gün isə həmin komandanın, “APA Holdinq”-ə daxil olan qurumların yaşca ən kiçiyinin, APA TV-nin 1 yaşı tamam olur.
APA TV-nin baş direktoru Vüqar Məsimoğlu 1 yaşlı APA TV-nin qarşıda qoyulmuş məqsədlərə çatdığını düşünür:
- İlk 1 il üçün qarşımıza qoyduğumuz hədəflərin böyük əksəriyyətinə çatmışıq. “APA Holdinq”-in rəhbərliyi də, tamaşaçılar da nəticələrimizi dəyərləndirə bilər. “APA Holdinq”-ə daxil olan digər müəssisələr kimi bizim də qarşımıza televiziya olaraq qoyduğumuz hədəf bacardığımız qədər informasiya məkanında daha böyük yer tutmaq idi. Təbii ki, o yerin kiçik və yaxud böyük olacağını əvvəlcədən müəyyənləşdirmək çətin idi. Və məncə, biz bu 1 il ərzində o yeri tutmuşuq. Bu, bizim birinci uğurumuz sayıla bilər. Həm də biz təkcə saytlar, informasiya agentlikləri ilə deyil, həm də televiziya kanallarıyla da rəqabətdəyik. Söhbət kimisə üstələməkdən, geridə qalmaqdan getmir. Ən əsası, biz 1 il ərzində bu rəqabətə dözmüşük.
APA TV-nin aylıq 500 min unikal İP-si var. Və televiziyanın auditoriyası stabilləşib. “APA Holdinq”-ə daxil olan digər media qurumları ilə qarşılıqlı əlaqələrdən də maksimum istifadə olunur:
- APA İnformasiya Agentliyi, Lent.az, Kulis.az-la qarşılıqlı əlaqələrimiz var. APA TV yeni yarandığına görə bu televiziyanı inteqrasiya etmək lazım idi. Buna da nail olduq. Məsələn, Vesti.az-la birgə işlərimiz olacaq. Onların özəl xəbərləri çox olur. Vesti.az-ın xəbərlərini tərcümə edib görüntülü şəkildə yayımlamağı planlaşdırırıq. Bir balaca Apasport.az-la fəal çalışmırıq. Onlarla da gələn mövsümdən iş birliyimiz olacaq.
“APA TV “APA Holdinq” üçün yad bir qurum deyil, artıq doğmalaşmışıq” - deyir Vüqar müəllim. Artıq bacarıqlı, oturaq kollektiv formalaşıb:
- Kifayət qədər layihələrimiz olub. Bu baxımdan digər telekanallardan geri qaldığımızı düşünmürəm. Əlimizdə məhsul çox olduğuna görə günortaya da ana xəbər bloku hazırlamaq istəyirik. Uğursuz layihəmiz yoxdur. Burda nəyisə uğursuz adlandırmaq həm də öz işini uğursuz adlandırmaq olar. Texniki imkanlar, kadr potensialı yüksəkdir. Həmişə daha yaxşı heyət istəyirsən, amma günün şərtlərinə görə kifayət qədər yaxşı kadrlarla işləyirik. Bildiyiniz kimi, televiziyalarda layihələr müddətli olur. Bizdə də layihələrim bəziləri artıq başa çatıb. Layihələrdə çalışanların bəziləri dəyişib, bəziləri uzaqlaşıb. A-dan Z-yə əməyi olanlara təşəkkürümü bildirirəm. Bu kollektivlə işlədiyim üçün sevinirəm. Bugünkü uğurlar Vüsalə Mahirqızının uğurlarıdır. Bu uğur həm də “APA Holdinq”-in, bir sözlə hamımızın uğurudur. Əl-ələ verərək bu uğurlara nail olmuşuq.
Vüqar müəllim qarşıdakı planlardan da danışmağı unutmadı:
- Artıq formalaşmışıq. Bugünkü işlərimizi qarşıdakı 6 aya planlaşdıra bilirik. Yeni layihələrimiz olacaq. Yenə deyirəm, qarşımıza qoyduğumuz hədəflərə çatmışıq, çata bilmədiklərimizə də çatacağıq. Amma qarşıda yeni, orijinal və maraqlı layihələrimiz olacaq. Sənədli filmlər çəkməyi planlaşdırırıq. Bakıdan, ümumiyyətlə Azərbaycandan kənara çıxmaq istəyirik. Məsələn, Qars və İqdıra səfərlərimiz oldu. Bu səfərlər bizim üçün həm də gözəl təcrübə oldu. Planlarımız çoxdur hələ...
APA TV ağırlıqlı olaraq xəbərlə çalışır. Televiziyanın bazisi xəbər üzərində qurulub. Xəbərlərin komandasında isə işinin peşəkarları toplaşıb desəm, yəqin ağız büzməzsiniz. Xəbərlər departamentinin rəhbəri Gülşən Hacıyeva, onun müavini, 90-cı illərin unudulmaz aparıcılarından Nəsimi Nəbizadə, Kriminal Natiq... Siyahını uzada bilərəm. Gülşən xanım uzun müddət xəbərlə işləyib. Ancaq agentlik və saytlardan fərqli olaraq, televiziya işi xüsusi vərdişlər tələb edir. Elə Gülşən xanım da bunu dedi:
- Xəbərin içindən çıxdığım üçün o qədər də çətinlik çəkmədim. Ancaq buda gərgin iş rejimində çalışırıq. Əvvəllər düşünürdüm ki, imkansızdır. Sanki bir müddətdən sonra adam proqramlaşır. Biz dəhşətli dərəcədə xəbərə önəm veririk. Xəbərdə işləyənlərin nə yası, nə də toyu bilinir. Elə qaçaqaçdayıq. Həm də mən özüm xarakter etibarilə qaynar insan olduğum üçün bu tip işləri sevirəm. Bu gün də 1 yaşımız tamam olur. Ancaq işimiz həddən artıq çoxdur.
Həyatının 20 ilini xəbərə həsr edən Nəsimi Nəbizadə isə televiziyaya gələn zaman tamam başqa şey fikirləşibmiş:
- APA TV-yə gələndə düşünürdüm ki, işim ancaq aparıcılıq olacaq. Mən aparıcı olmuşam da. Ancaq bir müddətdən sonra gördüm ki, mən hansısa bir media qurumuna yox, xəbər istehsal edən zavoda gəlmişəm. Xəbəri az-çox bilən adamam. 1 yaşımız tamam olur. Bu 1 ildə, yəqin ki, nəsə edə bilmişik. Nə edə bilməmişiksə, onu da 2, 3 yaşımızda edəcəyik. İnanıram ki, bundan da yaxşısını edəcəyik.
“Nəsimini qınamayın, uzun müddət dövlət televiziyasında işləyib” – deyərək Gülşən xanım müdaxilə edir:
- Nəsimi xəbərin içində, o stressi, o həyəcanı yaşamayıb. Sırf aparıcı olub. İgidi öldür, amma haqqını yemə. Gözəl nitqi var, allah tərəfi, yaraşığı da var.
Həm də Nəsimidə xeyli irəliləyiş var. Bir az kompüteri də öyrənib (gülür).
Nəsimi isə cavab altda qalmır:
- Müdir, hələ çox şeyləri öyrənəcəm (gülür).
2010-cu ildən keçən ilə kimi televiziyadan uzaq düşən Natiq Qədimov televiziya sözünün üzərindən xətt çəksə də, APA TV-yə yox deyə bilməyib:
- Üç il müddətində reklam işi ilə məşğul oldum. Hadisələrdən yorulmuşdum. ANS-in də gərgin iş rejimi öz yerində. Hər şeyə əsəbiləşirdim, söz götürə bilmirdim. Reklam işində çalışan zaman həyatın nə qədər gözəl olduğunu başa düşsəm də, həyatımda nəyinsə çatışmadığını, öz yerində olmadığını hiss edirdim. Televiziyada çalışmaqla daha çox yararlı ola biləcəyimi düşünüb APA TV-də işə başladım. Rəhbərlik sağ olsun ki, inandı. Düşünürəm ki, etimadı doğrultduq. Burda özümü çox rahat hiss edirəm. Rəhbərlik bu gün peşəkarlarla işləməyə üstünlük verdi. Bu APA TV-nin üstünlüyüdür.
Bu Jalə Məmmədli ki, var ha... APA TV-dən yazı hazırlayasan, Jaləni dindirməyəsən. Günah olar. Haqlıdır, nə desin axı, mən də paraşütdən atılsaydım, dağa dırmaşsaydım, eynən Jalə kimi davranardım. Belə gedişlə, bu Jalə kömür mədənindən reportaj da hazırlayar. Bax, sonra demədi deməyin. “Zirehli müxbir” Jalə şirin ləhcəsiylə “Mən nə deyim e” – deyərək yaxasını kənara çəkmək istəsə də bir-iki cümlə qopara bildim:
- Bir il ərzində elə çəkilişlər oldu ki, hər dəfə gedəndə Gülşən xanımla halallaşırdım. Hər dəfə mənim üçün narahat olurdular. Əlbəttə, bu yaxşı haldır. Bu cəhətdən də iş yoldaşlarım arasında ən şanslısı mənəm. İlk vaxtlar çətin idi. Saytdan gəlmişdim, qorxurdum, elə bilirdim ki, alınmayacaq. Mənə olan ümidi doğrultmayacağımdan qorxurdum. Yəqin ki, mənə olan ümidi doğrultdum. Eləmi?
“Üç valet”dən biri İlqar Rəsul isə digər telekanallardan geri qalmadıqlarını söylədi:
- Bir ildir fəaliyyət göstəririk. Halbuki bir ildən əvvəl başlamışdıq. Mən əminəm ki, peyklə çıxsaq öz imkanlarımızla ölkənin digər telekanallarından əməlli rəqabət apara bilərik. Nəticə ilə imkana baxanda bəlkə də biz onlardan çox iş görürük. Çox məmnunam ki, biz bu işləri bir il ərzində görə bilmişik. Kifayət qədər maraqlı verilişlərimiz var. Bir saatdan bir xəbər veririk. Bunlar az deyil. Kifayət qədər yaxşı kollektiv formalaşıb. Düşünürəm ki, Azərbaycan televiziyalardan imtina eləmiş tamaşaçıları APA TV ekran önünə qaytaracaq.
Baş operator Emil Babaxanov APA TV yaranan gündən iş başındadı. Operatorlara telekanalların gözləri deyilir. İşinin ası olan Emil APA TV-nin görüntülərinin biz tamaşaçılara çatdırılmasına nəzarət edir.
Montajçılar Zamir Əlioğluyla Rəşad Şixəliyevin əsas arzusu APA TV-nin peykdə yayımlanmasıdır.
APA TV-nin böyük kollektivinin hər bir üzvünü danışdırsaq, nə yazıb bitirə biləcəyik, nə də əziz oxucular, siz oxuyub çatdıracaqsız. Odur ki, kollektivin hər bir üzvünü, bu telekanalın yaranması və inkişafı üçün bircə saat belə əziyyət çəkmiş hər bir kəsə Lent.az-ın ürək dolusu təbriklərini çatdırırıq.