|
|
|
|

Latviyada keçirilən seçkilərin nəticələri açıqlanıb. Baş nazir Krisjanis Karinsin hakim "Yeni Birlik Partiyası" qalib gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Latviyada keçirilən ümumi seçkilərdə Baş nazir Krisjanis Karinsin hakim "Yeni Birlik Partiyası" ən çox səsi toplayıb. Səslərin 97 faizindən çoxunun hesablandığı ümumi seçkidə ilk qeyri-rəsmi nəticələrə görə "Yeni Birlik Partiyası" 18,9 faizlə ən çox səs toplayan partiya olub. Müxalifətdə olan "Yaşıllar və Fermerlər Partiyası" 12,8 faizlə ikinci, bir neçə regional partiyadan ibarət yeni mərkəzçi seçki alyansı "Birləşmiş Siyahı" isə 11 faizlə üçüncü yerdə qərarlaşıb.
Mərkəzi Seçki Komitəsi seçici fəallığının 59 faiz olduğunu bildirib. Seçkidə yalnız 8 partiya 5 faizlik baryeri keçərək 100 yerlik Seyma qanunverici orqanında təmsil oluna bilib. 5 faizlik baryeri keçən partiyalar arasında "Milli Alyans" və "İnkişaf Uğrunda, Uğur!" partiyaları da yer alıb. Latviyanın 1,9 milyon əhalisinin 25 faizindən çoxunu təşkil edən etnik rus azlığına xidmət edən partiyaların heç biri isə parlamentdə yer qazana bilməyib. Latviyanın rusdilli seçicilərinin əksəriyyəti, o cümlədən belaruslar və ukraynalılar üçün inklüziv rol oynayan rusiyayönlü "Harmoniya” partiyasının cəmi 4,8 faiz səs toplaması diqqət çəkib.
Məhəmməd Tağıyev



