|
|
|
|

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa Gənclər İlini (2022) qeyd etmək məqsədilə regionun bütün qonşu ölkələrinə qoşularaq bir ay davam edəcək kampaniyanın başlamasını bəyan edib.
525.az xəbər verir ki, Gənc Avropa Səfirləri ilə tərəfdaşlıq çərçivəsində keçirilən açılış tədbirində qeyd edilib ki, bu kampaniya gənc nəslin səsini eşitmək, həmçinin görüləcək işlərin bir hissəsi olaraq Aİ-nin maliyyə dəstəyi ilə baş tutacaq tədbirlər baxımından əhəmiyyətlidir.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, Aİ koronavirus pandemiyası dövründə gənclərin payına düşmüş sıxıntı və itkilərin etiraf rəmzi olaraq 2022-ci ilin Gənclər ili elan edib: "Azərbaycanla möhkəm tərəfdaşlıq çərçivəsində Avropa İttifaqı gənclər üçün olduqca müşkül iki ildən sonra təhsil və məşğulluq sahələrində bərabər imkanların dəstəklənməsinə nail olmaq niyyətindədir. Aİ-nin məqsədi siyasət və proqramlar vasitəsilə gənclərin cəmiyyətin bütün sahələrində iştirakına, onların təhsil və əmək bazarında daha çox imkanlar qazanmasına şərait yaratmaqdır".
Səfir bildirib ki, Aİ Azərbaycanda gənclər üçün çox sayda imkanların təmini istiqamətində fəaliyyət göstərir: "Bizə qürur hissi verən digər məsələ hökumət də daxil müxtəlif təsisatlarla işləmək, təhsil müəssisələri, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqdır. Harda lazımdırsa, biz dəstəyimizi göstərməyə hazırıq. Təhsil sahəsində əməkdaşlıq üzrə rekorda imza atmışıq. Belə ki, pandemiyadan sonra təhsil sahəsində canlanma hiss edirik. "Erasmus+" proqramı çərçivəsində azərbaycanlılar Avropa ölkələrinə təhsil almağa gedirlər. Avropalılar isə Azərbaycana gələrək bu mübadilədə iştirak edirlər. Pandemiyadan əvvəlki 5 ildə (2014-2019) 2 mindən çox azərbaycanlı tələbə Avropada təhsil almaq imkanı əldə edib. Həmin dövrdə, tələbələrlə yanaşı müəllim və professor heyəti daxil təxminən 3500 nəfər mübadilə proqramlarından yararlanıb. Bu il proqram çərçivəsində üz tutanların sayında artım var. Yüzlərlə tələbə Avropada təhsil alacaq".
Aİ-nin peşə təhsili sahəsində dəstək proqramlarından 885 tələbə yararlanıb. Əlavə olaraq fiziki məhdudiyyətli gənclərə mövcud bacarıqlarını inkişaf etdirmək üçün təşkil olunan proqramlardan da xeyli sayda müəllim və tələbə yararlanıb.

P.Mixalko vurğulayıb ki, Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsinə də dəstəyini yönəldib. Bu layihə üçün ayrılan resurslar əhalinin maarifləndirilməsi məqsədini daşıyırdı. Biz əməkdaşlığa görə UNİCEF-ə və Azərbaycanın Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk".
Konfransda Azərbaycanın Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan gəncləri bir araya gətirən "Gənc Avropa səfirləri" təşəbbüsünün nümayəndələri könüllü əsaslarla gördükləri işlərdən danışıblar. Şərq Tərəfdaşlığının 6 ölkəsində toplam 492 gənc Avropa səfiri var. 123 səfirlə təmsil olunan Azərbaycan bu siyahıda birincidir.
Tədbirdə qeyd olunub ki, Aİ ölkələri biznesə başlamaq, yeni bacarıqlar əldə etmək, təlim keçmək, təhsil sahəsində gəncləri dəstəkləməkdə davam edir.
Qeyd edək ki, Aİ növbəti ili "Bacarıqlar ili" elan edib.
Pərvanə Sultanova



