|
|
|
|

Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə Çexiyanın Baş naziri Petr Fialanın və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Praqaya səfəri, keçirdiyi görüşlər, həmçinin, "Avropa siyasi birliyi" Zirvə toplantısında iştirakı kifayət qədər uğurlu oldu. Bu səfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsini nümayiş etdirməklə yanaşı, onun liderinə bəslənən hörmət və etimadı, mühüm məsələlərin həllində Prezident İlham Əliyevin mövqeyinin və rəyinin nəzərə alındığının təsdiqi idi. Bu, özünü həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlət başçısının keçirdiyi görüşlərdə, apardığı müzakirələrdə aydın şəkildə göstərdi.
Qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. 44 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə ilk dəfə keçirilən "Avropa siyasi birliyi" Zirvə toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirib. Toplantıda liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər.
Oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirilib. Təxminən beş saatdan çox çəkən bu təmaslar nəticəsində bir sıra mühüm razılaşmalar əldə edilib. Görüşlərin nəticəsi olaraq dördtərəfli birgə Bəyanat qəbul edilib. Bəyanatda ən vacib məqam hər iki dövlətin - həm Azərbaycanın, həm də Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etmələridir. Eyni zamanda, iki dövlət arasında sərhədlərin müəyyən edilməsində bu prinsip əsas götürülür. İlk dəfə olaraq Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi prosesinə dəstək məqsədilə Avropa İttifaqının mülki missiyası regiona gələcək. Onun əsas məqsədi Azərbaycan və Ermənistan dövlətləri arasında etimad mühitinin formalaşmasına kömək etmək, delimitasiya prosesi ilə bağlı görülən işlərin hesabatını hazırlamaqdır.
Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanın ən etibarlı və böyük ticarət tərəfdaşı olmaqla yanaşı, müharibədən sonra Ermənistanla normallaşma prosesində də vasitəçilik edir. Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə indiyədək Brüsseldə dörd üçtərəfli görüş keçirilib. Praqa da Brüssel görüşünün davamı idi.
Eyni zamanda, Azərbaycanın Aİ ölkələri ilə nəqliyyat sahəsində də əlaqələri inkişaf edir. Azərbaycanın bir üstünlüyü həm Qərb, həm də Şərq üçün əhəmiyyət kəsb etməsidir. Ölkəmiz Qərblə Şərq arasında körpü rolu oynayır və bu statusu getdikcə daha da möhkəmlənir, müasir dövrün reallıqları çərçivəsində yeni məzmun qazanır. Bu, Avropa üçün də olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti Asiya ölkələri, o cümlədən, türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçısının bu istiqamətdəki siyasəti və fəaliyyəti qeyd edilən ölkələrlə münasibətlərin möhkəmlənməsinə də mühüm töhfə verir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyev bu gün ölkədən kənarda da böyük nüfuza malikdir. Dövlət başçısının beynəlxalq hüquq normalarına daima riayət etməsi, digər dövlətlərlə yaxşı qonşuluq münasibətlərinin qurulmasını önə çəkməsi tək regionda deyil, həm də dünyada sülhün bərqərar olunması ilə bağlıdır: "Onun ayrı-ayrı ölkələrə səfərləri zamanı yüksək səviyyədə qarşılanması, beynəlxalq tədbirlərdə iştirakı, jurnalistlərin ona böyük maraq göstərməsi bu qəbildən olan məsələlərdir. Azərbaycan Prezidenti ilk növbədə ölkəmizdə böyük nüfuza malikdir. Vətəndaşlarımız onu milli maraqlarımızı qoruyan, torpaqlarımızı işğaldan azad edən, hər bir insanın sosial vəziyyətini düşünən bir lider kimi tayırlar".
Deputat vurğulayıb ki, ölkə başçısının apardığı daxili və xarici siyasət ölkəmizin nüfuzunu möhkəmləndirir, iqtisadi qüdrətini artırır. İş yerlərinin açılması insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olur. Həmçinin, dünya Azərbaycan xalqını, onun mədəniyyətini, tarixini, görkəmli şəxslərini tanıyır: "Cənab Prezidentin sonuncu həm Çexiya, həm də Rusiya səfərləri bir daha göstərdi ki, bu gün Azərbaycansız dünya yoxdur. Azərbaycanın fəaliyyəti olmadan nə regional tədbir, nə də bəzən beynəlxalq tədbirlər keçirmək olur. Biz bununla qürur hissi duyuruq. Düşünürəm ki, Azərbaycan bu nüfuza, bu hörmətə layiqdir".
Deputat Azər Badamov isə deyib ki, Prezident İlham Əliyev Avropada ən arzulanan şəxsdir. Avropa İttifaqı dövlət başçıları da görüşlərdə bunu açıq şəkildə ifadə edirlər: "Dövlət başçımızın düşünülmüş və ədalətə söykənmiş siyasi kursu nəinki regionda, həm də ayrı-ayrı qitələrdə yerləşən dövlətlərin münasibətlərinin yenidən formalaşmasına töhfə verir. Həm də ölkə başçımızın müəllifi olduğu və bir neçə il əvvəl reallaşdırdığımız enerji layihələri və nəqliyyat dəhlizləri bu gün bəzi ölkələrarası ziddiyyətlərin kəskinləşdiyi dövrdə əsas ümid yerinə çevrilib".
A.Badamov əlavə edib ki, Avropa enerji böhranı ilə üzləşdiyindən bu gün Azərbaycan qazı alternativsiz yeni mənbə olub: "Gələcəkdə nəzərdə tutulan elektrik enerjisinin ixracı ilə bağlı planlarımız və ixrac etdiyimiz təbii qaz həcmlərin artırılması Azərbaycanın beynəlxalq arenada siyasi-iqtisadi mövqelərini möhkəmlədir. Prezidentin Praqaya səfəri çərçivəsində keçirdiyi görüşlərdə lider mövqeyi ölkəmizin milli maraqları nəzərə alınmaqla Cənubi Qafqaz regionuna dayanıqlı sülhün gəlişinə təkan verdi. Azərbaycan ərazicə dünya xəritəsində o qədər böyük ölkə olmasa da, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində nəhəng, sözünə hamının hörmətlə yanaşdığı nüfuzlu ölkəyə çevrilib. Ona görə də ölkəmizin uğurlarını həzm edə bilməyən və qısqanclıqla yanaşan dairələr bizə qarşı öz istəklərini reallaşdıra bilmir və mövqeyimizlə razılaşmalı olurlar. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni zirvələr fəth edəcək".
PƏRVANƏ



