|
|
|
|

Ermənistan illərdir ki, Azərbaycanın maddi-mədəni irsinə, tarixi, dini abidələrinə qarşı misli görünməmiş barbarlıq aktı həyata keçirib. Otuz ilə yaxın işğal altında saxladıqları ərazilərimizdə nə varsa hamısını dağıdan ermənilər məscidlərimizi təhqir edib, tövləyə çevirməkdən belə çəkinməyiblər. Bütün mənəvi dəyərləri, insani hissləri tapdalayan ermənilər beynəlxalq konvensiyalara da hörmətsizlik edərək, onlara tüpürməkdə davam edirlər. Erməni vandallığının, vəhşiliyinin ən amansız nümunələrindən biri də xalqımıza məxsus məzarlıqları dağıdıb, yerlə-yeksan etmələridir. Dünyasını dəyişmiş insanlardan belə qisas almağa çalışan ermənilər bununla hansı xislətə malik olduqlarını bütün dünyaya nümayiş etdirirlər.
Azad edilmiş ərazilərimizə səfər edən beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif dövlətlərin rəsmiləri, diplomatları, jurnalist və ekspertlər orada törədilmiş vandal aktlarını, vəhşilikləri öz gözləri ilə görüblər. Və hər biri də etiraf edir ki, indiyə qədər dünyanın heç yerində bənzər halla qarşılaşmayıblar. Bu gün ermənilərin həmin barbarlığını dünyaya sübut etməyə də ehtiyac qalmayıb. Çünki hər şey göz önündədir. Ermənilərin Ağdam rayonunun Yusifcanlı kənd qəbiristanlığında Səringül və Təyarə bacılarının yanaşı məzarları arasında səngər qazaraq onları ayırmaları, başqa bir bacının məzarını isə dağıtmaları barədə bir neçə xarici KİV də yazsıb. Ermənilər Ağdamla yanaşı, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərimizdə də məzarlıqları dağıdıblar.
Bu günlərdə isə sosial şəbəkələrdə ermənilərin növbəti vəhşiliyini əks etdirən görüntülər yayılıb. Görüntülərdə ermənilər yük maşını ilə azərbaycanlılara aid məzar daşlarını dağıdırlar. Teleqram kanalları bunun Basarkeçər ərazisində azərbaycanlı qəbirstanlığı olduğunu yazırlar. Hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, söhbət vandalizm aktından və azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşilikdən gedir. Əlbəttə ki, məzarlığın dağıdılması tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdidir. Ermənilər bunu ölkə ərazisindəki Azərbaycan mədəni irsinə qarşı da törədirlər. Rəsmi Bakı dəfələrlə Ermənistan ərazisində azərbaycanlılara aid tarixi abidələrin, məzarların dağıdıldığını beynəlxalq təşkilatlara bildirib. Bu vandalizm aktlarının UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması məsələsi də təklif olunub. Lakin təəssüf ki, UNESKO-nun susqunluğu, göstərdiyi laqeyd münasibət erməni tərəfini Azərbaycan xalqının yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam etməyə daha “sitimullaşdırır”. Ermənistan görür ki, bu əməllərinə görə ona “gözün üstündə qaşın var” deyən yoxdur, buna görə də daha çox dağıdır, azərbaycanlı izini tamamilə silir.
Xatırladaq ki, UNESKO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır. Baş verənlər rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESKO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir.
Erməni vandalizminin mahiyyətini, miqyasını təsvir etmək belə çətindir. Çünki bu miqyas o qədər genişdir ki, söz belə kifayət etmir. Bu gün ikili standartları özünün iş prinsipinə çevirmiş UNESCO və digər aidiyyatlı qurumlar təəssüf ki, əsas öhdəliklərini, dəyərlərini erməni vandalizminə qurban verməkdədirlər. Bu isə onsuz da etimadı itirmiş həmin təşkilatları daha da nüfuzdan salır, onların əsl mahiyyətini ortaya qoyur.



