İstedadlı, xalqa xidmət edən insanların keçdiyi ömür yolu zəhmətsiz, maneəsiz, çətinliksiz ötüşmür. Lakin ALLAH tərəfindən verilən istedad, və insani keyfiyyətlər bütün bu çətinlikləri və maneələri dəf etməyə kömək edir. Belə insanlar xüsusi missiya ilə gəlir dünyaya. Azərbaycan mədəniyyəti tarixində belə insanlar yaşayıb-yaratmışdır. Belə şəxslər haqqında təkcə keçmiş zamanda deyil, bugünkü günümüzdə də söz aça bilirik. Nə yaxşı ki, əlamətdar tarixlər, günlər, hadisələr var...
Sərdar Fərəcov da məhz bu günümüzün belə şəxslərindəndir. Musiqiçi - bəstəkar, tədqiqatçı – dinlətməyə musiqisi, deməyə sözü olan insan!
Sərdar Fərəcovun sənət yolunda addımları Asəf Zeynallı adına musiqi məktəbindən (1973) başlayır. Burada o tar sinfində görkəmli ustad Bəhram Mansurovdan, 2-ci kursda oxuduğu zaman isə məktəbin müdiri, görkəmli bəstəkar Vasif Adıgözəlovun göstərişi ilə dahi Qara Qarayev məktəbini təmsil edən Əziz Əzizlidən bəstəkarlıq üzrə dərslər almışdır. Onun bu illərdə yazdığı f-no üçün “Prelüdlər”, “Variasiyalar” (1974-1975), violin ilə f-no üçün “Skertso” və “Elegiya”, f-no üçün sonatina, simli kvartet, xalq çalğı alətləri orkestri üçün “İki rəqs”, iki tar, iki kamança və f-no üçün kvintet – bütün bu əsərlər o zaman nüfuzlu musiqiçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Belə şəxsiyyətlərlə ünsiyyətdə olmaq, onlardan dərs almaq təbii ki, gənc bəstəkarın formalaşmasında və gələcək yaradıcılığında əhəmiyyətli rol oynayırdı. Təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə görkəmli bəstəkar, professor Xəyyam Mirzəzadənin sinfində davam etdirən S.Fərəcov bu dövrdə də bir çox maraqlı əsərlər yazır və bir sıra müsabiqə və festivallara qatılaraq laureat diplomları qazanır. Daha sonra təhsilini aspiranturada davam etdirir, yaradıcılıq ezamiyyətlərinə, xarici ölkələrdə keçən seminarlara, yaradıcı görüşlərə qatılır ki, bu da gənc bəstəkarın inkişafı və dünyagörüşü üçün çox vacib idi. Taleyin gənc bəstəkarı gətirdiyi və uzun illərdir çalışdığı məkan isə dahi Üzeyir bəyin ev muzeyi olur: - “Dahi Üzeyir Hacıbəylinin yaşadığı ev, buradakı şərait, ömrün eksponatlara dönmüş səhifələri məni əfsunladı, bu səliqə - səhmanın, təmizliyin içində bərqərar olmuş sakitlik, əmin-amanlıq sanki böyük ustadın müqəddəs ruhuna keşik çəkirdi. Hiss etdim ki, buradakı saflığa, dəruni qüdsiyyətə içimdə bir ehtiyac var və məhz həmin an burada qalıb çalışmağa özlüyümdə qərar verdim...” - Əlbəttə ki, bir musiqiçi – bəstəkar üçün Üzeyir bəyin evindən daha doğma, müqəddəs bir məkan hara ola bilərdi ki?! İllər ərzində muzeyin fonoteka müdiri, elmi-katibi vəzifələrində çalışaraq Üzeyir bəyi və onun yaradıcılığını daha dərindən öyrənir, tədqiq edir və muzey işində öz əməyini, zəhmətini əsirgəmir. Onun Üzeyir bəyə qarşı ürəyində olan dərin hörməti, sevgisi, rəğbəti özünü əməyində, zəhmətində biruzə verir. 30 ildən artıq bir müddətdə muzeydə çalışan S.Fərəcov 2005-ci ildən muzeyin direktoru vəzifəsinə təyin olunur.
Sərdar Fərəcovun Üzeyir Hacıbəylinin unudulmuş, tamamlanmamış bir sıra əsərlərinin bərpa olunması və səsləndirilməsində göstərdiyi təşəbbüsünü, əməyini qeyd etməmək mümkün deyil. Belə ki, 2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Arşın mal alan” operettasının not və librettosunun yer aldığı (ingilis dilində) kitabın redaktoru, 2005-ci ildə Üzeyir bəyin Vətənpərvərlik mahnılarından ibarət “Vətən, millət, ordu” not kitabının tərtibçisi və redaktoru, 2007-2008-ci illərdə nəşr olunmuş “O olmasın, bu olsun” operettasının və “Leyli və Məcnun” operasının klavirlərinin redaktoru olmuşdur. Üzeyir Hacıbəylinin “Milli marş”ı, “Azərbaycan marşı” (Azəraycan Respublikasının Dövlət Himni), “İki rəqs”i, Simli kvartet üçün miniatürləri, “Səni gözləyir”i, “Bahar nəğməsi” “Çırpınırdı Qara dəniz”i S.Fərəcov tərəfindən tədqiq olunub, tamamlanıb, redaktə edilib, partitura və ya klavir şəklində ictimaiyyətə təqdim edilmişdir. O, Üzeyir Hacıbəylinin özü tərəfindən məhv edilmiş “Şeyx Sənan” operasından 3 fraqmenti bərpa edərək, yeni redaktədə solistlər, xor və simfonik orkestr üçün işləmişdir. Təkcə bununla kifayətlənməyərək, Üzeyir bəyin unudulmuş “Azərbaycan çölləri” (əsərin ilk adı “Kolxoz çölləri”) əsərini “Kontempo” instrumental ansamblı üçün işləmiş, həmçinin “Ər və arvad” operettasının həm klavirinin, həm də partiturasının yaradılmasında və onun səhnələşdirilməsində böyük əmək sərf etmişdir. Bu, 2010-cu ildə “Ər və arvad” operettasının 100 illiyinə və Üzeyir Hacıbəylinin 125 illik yubileyinə böyük bir hədiyyə idi. Onun “Qızıl fond”da saxlanılan - Üzeyir bəyin xatirəsinə həsr etdiyi “Qu nəğməsi” radio-pyesi, həmçinin Üzeyir bəyin şərəfinə bəstələdiyi “Koroğlu əfsanəsi” adlı simfonik üverturası bir daha S.Fərəcovun Ü.Hacıbəylinin şəxsiyyətinə, yaradıcılığına bəslədiyi sonsuz ehtiramının nişanəsidir. Bütün bunlarla yanaşı o həmçinin müxtəlif illərdə yazdığı “Şəngül, Şüngül” uşaq rok-operasının, 4 operettanın (“Səhnədə məhəbbət”, “Müsyo Jordan”, “Şəhərdə manyak var”, “Bir günlük siğə”), “Matəm harayları” simfonik freskanın, kamera orkestri üçün “Eternall Call” və “A jokes music for John Haines”, “Şah Xətai” proqramlı simfoniyanın, a capella xor üçün “Diptix”adlı konsertin, soprano, fleyta, violin, orqan və qarışıq xor üçün “Psalm - 150”, xalq çalğı alətləri üçün “Bayatı-Şiraz” rapsodiyasının, TÜRKSOY-un 20 illiyinə həsr edilmiş “Türk bayramı” simfonik üverturasının, 2 fleyta, qoboy, klarnet, valtorna, 2 violin və orqan üçün “Əbədi çağırış”, Hamlet İsaxanlının sözlərinə “İstanbul Boğaz içi” vokal lövhənin, tar və simfonik orkestr üçün “Qarabağnamə” və 40-dan artıq dram tamaşasına və 2 kinofilmə musiqinin, “Cavad xan” baletinin, kiçik instrumental və s. əsərlərin müəllifidir.
Sərdar Fərəcov bir bəstəkar, tədqiqatçı olmaqla yanaşı həmçinin ədəbi yaradıcılıqla da məşğul olur. Onun 1000-dən artıq şeiri, hekayələri, səhnə əsəri, librettosu, ssenarisi vardır - Üzeyir Hacıbəyliyə həsr olunmuş “Azərbaycantelefilmin” çəkdiyi “Əbədi iftixarımız”(2010), “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar ittifaqı” (2014) filmlərinin ssenari müəllifidir. 1986-cı ildən dövrü mətbuatda, dərgilərdə məqalələri, elmi araşdırmaları nəşr olunur. 1996-cı ildə nəşr olunmuş “Üzeyir Hacıbəyov ensiklopediyası”na 30-a yaxın elmi məqalə yazmışdır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunmuş Üzeyir bəyə həsr etdiyi məqalələr toplusundan ibarət “Üzeyir işığında” və Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş “Üzeyir Hacıbəyli xatirələrdə” adlı kitabları isə xüsusilə diqqətəlayiqdir. Bu məqalələrdə o, həm də illər boyu muzeydə keçdiyi yolda öyrəndiklərini, eşitdiyi maraqlı xatirələrini bir daha yada salır. Yazdığı məqalələrində, çıxışlarında, tədqiqatlarında mövzuya hər zaman öz yanaşma tərzi, fikrinin orijinallığı, individuallığı, dərin təhlil etmə bacarığı ilə oxucunu, dinləyicini düşündürməyə vadar edir.
Sərdar Fərəcov2010-2020-ci illər ərzində AZTV “Mədəniyyət” kanalı “Musiqi xəzinəsi” proqramında Xalq musiqisi ilə bağlı həftəlik verilişlərin müəllifi və aparıcısı kimi fəaliyyət göstərmiş, həmçininHeydər Əliyev fondunun dəstəyi ilə Azərbaycan Televiziyasının keçirdiyi televiziya muğam müsabiqəsində münsiflər heyətinin üzvü kimi iştirak edir.
Ali Baş Komandanın müdrik siyasəti və ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması xalqımıza, xüsusən də elm, mədəniyyət sahəsində çalışan insanlara öz sahələrində daha da böyük işlər görməyə ilham verir, mədəniyyətimizin daha da çiçəklənməsinə yol açır.Öz istedadı, zəkası və bütün qəlbi ilə vətəninin, dövlətinin xeyirinə, inkişafı naminə çalışan bir insan kimi S.Fərəcovuda Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımızın əzəmətlə dalğalanması, həmçinin Qarabağa - Şuşaya səfəri özünün “Azad Şuşa”, “Cıdır düzündə bayram” kimi musiqi əsərlərini yazmağa ilhamlandırdı. İnanırıq ki, bəstəkar vətəninin gözəlliklərini tərənnüm edəcək hələ neçə-neçə əsərlər yaradacaq. İllərlə öz üzərində əzmlə çalışan bəstəkar bu gün də özünə qarşı son dərəcə tələbkardır. Musiqiçi-bəstəkar, Xalq artisti, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru kimi səmərəli fəaliyyəti, çoxcəhətli yaradıcılığı ilə gördüyü hər bir işə böyük məsuliyyətlə yanaşır.
Ömrünün gözəl çağını – 65 illiyini yaşayan bəstəkarı yubiley münasibətilə ürəkdən təbrik edir, rəhbərlik etdiyi Ü.Hacıbəylinin ev muzeyinin kollektivi adından muzey rəhbəri kimi fəaliyyətində, bəstəkar kimi yaradıcılığında – Azərbaycan musiqi mədəniyyətində mühüm rolu olan bir insan kimi bu yolda ona möhkəm can sağlığı, tükənməz güc, yeni-yeni əsərlərlə daha yüksək nailiyyətlər, uğurlar diləyirik.
Aytən HEYDƏROVA
Üzeyir Hacıbəylinin ev-muzeyindən