|
|
|
|

"Ölkə Prezidenti İlham Əliyevin AŞPA-da çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərindən sonra əminəm ki, nəinki Ermənistanda, o cümlədən, onları dəstəkləyən, erməni diasporunun təsir altında fəaliyyət göstərən dairlərdə də dərin ruh düşkünlüyü yaşanıb". Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova dilə gətirib. Onun sözlərinə görə, Prezident İ. Əliyev digər məsələrdə də olduğu kimi, bu problemin həllində də erməni təbliğatını darmadağın etdi. S.Qafarova deyib ki, münaqişənin tarixi, Dağlıq Qarabağ probleminin yaranması səbəbləri, Ermənistanın bir dövlət olaraq yaradılması və bu kimi digər məsələlərdə səsləndirdiyi təkzibolunmaz faktlar qarşısında ermənilərin deməyə sözü qalmadı. "Prezident bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəlidir. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Yəni, bu o deməkdir ki, bu gün Dağlıq Qarabağı ermənilərə bağlıyan heç bir əsas mövcud deyil. Prezident indiki Ermənistanın da tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan etdi və bildirdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ona görə də, hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec, ya tez nə isə baş verə bilər. Buna görə, Ermənistan rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar. Əlbəttə ki, Ermənistanda əgər sağlam, işğalçılıq, terror düşüncəsindən uzaq qüvvələr varsa, onlar Azərbaycanın Ali Baş Komandanının nə deməyə çalışdığını dərk edirlər".
KAMİL



