|
|
|
|
Niderland Krallığının ikinci böyük şəhəri olan Haaqada yaşayan xalqların öz mədəniyyətlərini nümayiş etdirmələri üçün dünya qardaşlıq festivalı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Azərbaycanı "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi təmsil edib. Təşkilat festivalda ölkəmizin mədəniyyətinə, tarixinə, adət-ənənələrinə aid kitab, buklet, suvenirlərlə zəngin stend qurub. Stenddə Qarabağ haqqında kitablar və rəsmlər, suvenirlər digər xalqların nümayəndələrində maraq doğurub. Festivalda Haaqa-Azərbaycan Məktəbinin kiçik yaşlı şagirdlərinin milli rəqslərimizi ifa etmələri alqışlarla qarşılanıb.
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, festival boyu stendə yaxınlaşan insanlara Azərbaycan, Qarabağ haqqında həqiqətlər barədə məlumat verilib, onlara Qarabağ müharibəsini əks etdirən ingilis dilində kitablar təqdim olunub. Festival Haaqa Şəhər Bələdiyyəsinin təşəbbüsü və Haaqada fəaliyyət göstərən bir çox xalqların icmalarının təşkilatçılığı ilə baş tutub. Tədbirin təşkilat qrupuna daxil olan "Ana Vətən" Birliyinin sədri M.Ağamirzəyeva Hindistandan olan təşkilat rəhbəri ilə birgə festivalda aparıcılıq edib.
S.ABDULLAYEVA



