Müdafiə Nazirliyində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri, hərbi hissələrin, Müdafiə Nazirliyinin xüsusi təyinatli təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin metodiki toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, toplantıda Şəxsi Heyət Baş İdarəsi, Tibb Baş İdarəsi, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi, Hüquq İdarəsi nümayəndələri və qonaq qismində dəvət olunan Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru cənab Simran Həsənov iştirak ediblər.
Tədbirdə Silahlı Qüvvələrdə son zamanlar baş verən bəzi nizamnamədən kənar hadisələr təhlil olunub. Metodiki toplantıda vətənə, dövlətə sədaqət, nizamnamələrin tələblərinin şəxsi heyətə öyrədilməsi, qanunlara hörmətlə yanaşılması, hüquq pozuntularının, nizamnamədən kənar hərəkətlərin qarşısının alınması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra tədbir iştirakçılarının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü olub.
Müdafiə naziri qabaqcıl təcrübədən istifadə, şəxsi nümunə, sosial ədalət və bərabərlik mühitinin yaradılması, kollektivlərdə münasibətlərin sağlam mühit şəraitində qurulması, hərbi hissələrdə xidmətin günün nizam qaydalarına uyğun təşkili üçün normal şəraitin yaradılması, sağlam rəqabətin, hərbi hissələrdə əsgər yoldaşlığı, hərbi xidməti münasibətlərin qarşılıqlı dostluq, hörmət və gənc əsgərlərə qayğı əsasında qurularaq davam etdirilməsinin formalaşdırılması və bir çox məsələlərlə bağlı fikirlərini görüş iştirakçılarına çatdırıb.
Görüşdə şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası və qorunması, düşmən təxribatlarının qarşısının alınmasında vəzifə borclarını şərəflə yerinə yetirmələri məqsədilə tərbiyəvi işin və mənəvi-psixoloji hazırlığın təşkil edilib həyata keçirilməsi məsələsi xüsusi vurğulanıb.
Sonda Müdafiə naziri general-polkovnik Zakir Həsənov görüş iştirakçılarına təlim-tərbiyə işinin daha yüksək səviyyədə təşkili və mənəvi-psixoloji hazırlıq işinin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.