|
|
|
|
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olan dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Bu siyahıda Quba Rayon Gənclər və İdman İdarəsinin də adını qeyd etmək olar. Qurumun gənclər siyasəti istiqamətində həyata keçirdiyi işlər təqdirəlayiqdir. Təkcə bir məqamı qeyd etmək kifayətdir ki, Quba 2014-cü il "Azərbaycanın gənclər paytaxtı" seçilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövr ərzində hər il ölkənin bir rayon və ya şəhərinin "Azərbaycanın gənclər paytaxtı" elan edilməsi nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ilk belə müsabiqə 2012-ci ildən keçirilib və ilk "Gənclər paytaxtı" Gəncə seçilib. 2013-cü ildə isə bu adı Biləsuvar qazanıb. 2014-cü ildə isə qələbə Qubanın olub.
Bu müsabiqəyə Quba gəncləri ciddi hazırlaşıb. Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehbalayevin verdiyi məlumata görə, hələ ilin əvvəlindən etibarən Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin də yaxından dəstəyi ilə Quba Gənclər Mərkəzində qərargah yaradılıb, sosial şəbəkələrdə müxtəlif qruplar və səhifələr yaradılaraq Quba gəncləri və gənclər təşkilatları mütəşəkkil şəkildə səsverməyə cəlb edilib. Səsvermə başa çatan və Qubanın qələbəsi müəyyən olunan kimi dərhal Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri gənclərlə görüşüb, Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin təbriklərini onlara çatdırıb. Daha sonra atəşfəşanlıqla Quba gənclərinin qələbəsi qeyd edilib.
Təbii ki, gənclərin siyasətinin uğurla həyata keçirilməsi istiqamətində bu, olduqca əhəmiyyətli hadisədir.
Təəssüf ki, bəzi media nümayəndələri gəncliyimizin gələcəyi istiqamətində görülən işləri, qazanılan nailiyyətləri təbliğ etmək əvəzinə həqiqətə uyğun olmayan informasiyalar yaymaqla bu sahənin inkişafı üçün bacarığını ortaya qoyanlara qara yaxmaqla məşğuldurlar. Bir neçə gün əvvəl kütləvi informasiya vasitələrində guya dövlət tədbiri zamanı polislə Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehbalayevlə polis arasında insident yaşandığı və adıçəkilən şəxsin bölməyə aparıldığı, hətta bölmədə onun sərxoş olduğu aşkarlandığı barədə həqiqətə uyğun olmayan məlumatların yer alması buna sübutdur. Lakin çox çəkmədi ki, Mustafa Mehbalayev jurnalistlərə açıqlama verərək, yayılan informasiyanın cəfəngiyyat olduğunu bildirdi. İnsidentlə bağlı Quba Rayon gənclər və İdman İdarəsinin rəisi bizə də geniş açıqlama verib. Onun sözlərinə görə, xəbərin nədən qaynaqlanması ilə bağlı heç bir təsəvvürü belə yoxdur.
"Həmin xəbər yayılan ərəfədə Qubada Gənclərin Folklor Festivalının zona toplantısı keçirilib. Quba Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, eləcə də şəxsən mən həmin tədbirdə iştirak etmişik. Mərasim bitənədək orada olmuşam. Tam əminliklə deyə bilərəm ki, nə mənimlə, nə də əməkdaşlarımızdan hansı iləsə polis arasında heç bir insident yaşanmayıb. Sadəcə qonaqlardan biri ilə kiçik anlaşılmazlıq olub. O da tədbir başlamazdan xeyli əvvəl baş verib. Belə ki, həmin vətəndaşın avtomobil sənədləri ilə bağlı polislə aralarında anlaşılmazlıq yaranmışdı. Biz də məsələyə müdaxilə edərək, anlaşılmazlığı elə yerindəcə dərhal aradan qaldırdıq və qonağı yola saldıq", - deyə M. Mehbalayev bildirdi.
Yazılanların ona qarşı təxribat olub-olmadığına gəlincə, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi buna qətiyyən ehtimal vermədiyini dedi: "Ola bilməz. Mən 16 ildir bu sahədə işləyirəm, dövlət qulluqçusuyam. Bu günə kimi bizim təşkilatçılığımızla keçirilən heç bir tədbirdə buna bənzər və yaxud da başqa insident baş verməyib. Mətbuatda yazılanı sadəcə anlaşılmazlıq kimi qiymətləndirirəm. Xəbərin ilkin yayıldığı mənbələr, o cümlədən ANS PRESS-in əməkdaşları artıq mənimlə əlaqə saxlayıblar. Onlara açıqlama verib, xəbərin əsassız olduğunu izah etmişəm. Heç Quba rayon Polis Şöbəsi də belə bir məlumat yaymayıb. Fikrimcə, artıq ortada heç bir şübhəli məqam qalmayıb".
Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehbalayev sonda bizə iyunun 28-də keçirilmiş tədbirlə bağlı da geniş məlumat verdi. Gənclərin Folklor Festivalının zona seçim turu olan mərasimdə istedadlı gənclər iştirak ediblər. Tədbirin sonunda isə ölkənin tanınmış incəsənət nümayəndələri maraqlı konsert proqramı ilə çıxış ediblər.
M. Mehbalayevin sözlərinə görə, buna bənzər tədbirlər ilin sonunadək davam edəcək. Belə ki, Qubanın 2014-cü ilin "Azərbaycanın gənclər paytaxtı" seçilməsi ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb. Artıq bu layihə çərçivəsində 4-5 konsert proqramı keçirilib. Yay mövsümü ilə əlaqədar qubalılar daha izdihamlı konsertlərin şahidi olacaqlar: "Yaxın gələcəkdə qubalıları və Qubaya istirahətə gəlmiş qonaqlarımızı maraqlı sürprizlər gözləyir. Onlar yay boyu bizim təşkilatçılığımızla bir sıra əyləncəli və mədəni tədbirlərin izləyicisinə çevrilə biləcək. Mən hər kəsi 2014-cü il "Azərbaycanın gənclər paytaxtı" seçilmiş Qubaya dəvət edirəm. Sağ olsun, Quba Rayon İcra Hakimiyyəti bura istirahətə gəlmiş qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradıb. Bu işdə icra başçımız Mübariz Qurbanovun böyük əməyi var. Mən bütün gənclərimiz adından ona gördüyü işlərə görə dərin təşəkkürümü bildirir və gələcək fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, Quba gələcək illərdə də dəfələrlə "Gənclərin paytaxtı" statusuna layiq görüləcək".
İskəndər QULİYEV



